Radikal dini qruplaşmaların Azərbaycanla bağlı planları baş tutmur

Dini maarifləndirmə gənclərin bu kimi qruplaşmalara cəlb edilməsinin qarşısını alır

Azərbaycan multikulturalizm, dini dözümlülük baxımından dünyaya nümunə göstərilə bilən ölkələr sırasındadır. Bunu tək ölkəmizdə bu sahədə mövcud  olan şərait yox, eyni zamanda burada azad və müstəqil şəkildə, heç bir basqı görmədən öz inanclarını həyata keçirən və Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsi olan digər dinlərin nümayəndələri də açıq şəkildə etiraf edirlər. Eyni zamanda xarici ölkələrin, beynəlxalq təşkilatların nümayəndələri ölkəmizdə dini dözümlülük və tolerantlıq, multikulturalizm mövzularında keçirilən tədbirlərin, forumların iştirakçısı qismində iştirak edərkən də Azərbaycanda bu sahədə mövcud olan vəziyyətlə yaxından tanış olur, onu yüksək qiymətləndirirlər. Ancaq təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bir çox hallarda Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq mühitindən, multikulturalizm ənənələrindən sui-istifadə etməyə çalışırlar. Əsasən mövcud vəziyyətdən bir qayda olaraq Azərbaycana zaman-zaman təsir göstərməyə çalışan qüvvələr və radikal dini qruplaşmalar yararlanmaq istəyirlər. Hər halda müxtəlif illərdə ökəyə qadağan olunmuş dini ədəbiyyatın idxal edilməsi, onların burada yayılması, həmçinin gizli şəkildə ibadət evlərinin təşkil edilib orada əsasən gənclərə din tədrisi adı altında radikal düşüncələrin, fikirlərin təbliğ edilməsi belə deməyə əsas verir. Düzdür, hər nə qədər müvafiq qurumlar, xüsusilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi maaifləndirici tədbirlər keçirsə də, ümumilikdə bu kimi mənfi tendensiyaları tamamilə aradan qaldırmaq mümkün olmur. Eyni zamanda onu qeyd etmək yerinə düşər ki, məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illərdəki səmərəli fəaliyyəti və həm paytaxt, həm də bölgələrdə həyata keçirdiyi maarifləndirici tədbirlər nəticəsində əsasən gənclərdə bu kimi radikal dini qruplaşmalara qarşı münasibət dəyişib və artıq həmin qruplaşmalar əvvəllər olduğu kimi gəncləri asanlıqla öz torlarına sala bilmirlər. Bu da qeyd etdiyimiz kimi məhz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illərdəki uğurlu fəaliyyətinin nəticəsidir. Belə ki, Dövlət Komitəsi tərəfindən son illərdə dindən sui-istifadə hallarının qarşısının alınması, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılması istiqamətində qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Ümumilikdə təkcə keçən il milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsi, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planına əsasən aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirilib. Bundan başqa maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olunub. Bundan başqa ötən il ərzində respublikada dini durumun dərindən öyrənilməsi, dini proseslərin izlənilməsi, əsas tendensiyaların müəyyənləşdirilməsi, radikal dini cərəyanların fəaliyyətinin qarşısının alınması, ölkədə dini vəziyyətlə bağlı informasiya fondunun genişləndirilməsi, dini qurumlarla əməkdaşlığın qurulması ilə bağlı işlər davam etdirilib və əlamətdar dini mərasimlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Ölkəyə qadağan olunmuş ədəbiyyatın idxal edilməsi istiqamətində də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq qurumlarla birgə həyata keçirdiyi tədbirlər öz müsbət nəticələrini verir. Belə ki, təkcə keçən il Dini Komitənin Dinşünaslıq ekspertizası şöbəsinə daxil olmuş müraciətlər əsasında 1540 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 63 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Eyni zamanda, hesabat dövrü ərzində ölkədə nəşr olunmaq məqsədilə dinşünaslıq ekspertizasına təqdim edilmiş 210 adda dini ədəbiyyata baxılaraq, onlardan 4-nün çapı məqsədəuyğun sayılmayıb, 206 adda dini ədəbiyyatın çapına razılıq verilib.   Hesabat dövründə dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materiallarına nəzarət markası ilə markalanması işinin təşkili istiqamətində işlər davam etdirilib. Belə ki, 2017-ci ildə 601 adda (765 151 ədəd), 2018-ci ilin yanvar-fevral ayları ərzində 34 adda (45540 ədəd) dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Bunlarla yanaşı, 2017-ci ildə hüquq-mühafizə orqanlarından dinşünaslıq ekspertizasına göndərilmiş 2106 adda dini təyinatlı ədəbiyyata və məmulat materiallarına baxılaraq, onlardan 99 -nun zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

Ölkəmizdəki dini tolerantlıq mühitinin beynəlxalq aləmə çatdırılması, bu istiqamətdə mövcud olan durumun təbliğinə keçən il Azərbaycanda elan olunmuş "İslam Həmrəyliyi İli" də öz müsbət bəhrəsini verdi desək yanılmarıq. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə keçən il ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilmişdi. Bununla bağlı hazırlanmış Tədbirlər Planına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi müvafiq qurumlarla, xüsusilə də Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil edib. Bu kimi tədbirlərlə xüsusilə Azərbaycan İslam dünyasında gedən proseslərə öz mövqeyini nümayiş etdirib, İslam həmrəyliyi, onu zəruri edən şərtləri bir daha ortaya qoyub.

Ümumiyyətlə, bu gün Azərbaycanda dövlət-din münasibətləri yüksək səviyyədə qurulub, təmin edilib ki, bu siyasətin də təməli hələ zamanında ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Məhz zamanında həyata keçirilən bu siysət nəticəsində artıq Azərbaycanda multikulturalizm dövlət siyasətinin tərkib hissəsinə çevrilib.

Füzuli 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR