Ölkədə təkfirçilik ideologiyasını yaymağa çalışırlar

Hakimiyyətə gəlmək istəyən radikal müxalif siyasi qüvvələr də bu metodlardan istifadə edirlər

Son illər İslam dininə maraq, bu dini qəbul etmə sürətli şəkildə geniş yayılıb. Avropanın demək olar ki, bütün ölkələrində hər ay onlarla insan öz dinindən ayrılıb İslamı qəbul edir. Bu müsbət tendensiya xüsusilə gənclər arasında daha çox müşahidə edilir. Amma bir mənfi tendensiya ondan ibarətdir ki, çox zaman İslama üz tutan gənclərdən müəyyən maraqlar, daha dəqiq desək elə İslamda təfriqə, ayrıseçkilik yaratmaq üçün istifadə edilir.  Bəs görəsən ilahiyyatçılar, din xadimləri bu barədə nə düşünür və bu proses necə dəyərləndirilir? İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki,  bu gün bütün yer üzərində İslama dəvət gedir və gənclər İslam dinini qəbul edirlər, onun müəyyən vacib və fərz ibadətlərini yerinə yetirirlər. İlahiyyatçı bunu təqdirəlayiq hal hesab edir: "Bu sevindirici haldır. Yer üzərindəki müsəlmanların çoxluğu onların hər birinin qəlbində sevinc və qürür yaradır. İmanlarını gücləndirir. Amma bütün dünyada hakimiyyətə gəlmək üçün müəyyən qüvvələr İslam dininin yayılması amilindən istifadə edərək müsəlman ölkələrində vətəndaşları və ölkə rəhbərlərini təkfir edərək, yəni yalnız özlərini müsəlman hesab edib digər həmvətənlərini və vətənin idarəçiliyində çalışanları dindən çıxararaq, dinin xaricində hesab edərək təkfirçilik ideologiyasını yaymağa çalışırlar. Fikir versəniz görərsiniz ki, hakimiyyətə gəlmək istəyən radikal müxalif siyasi qüvvələr də bu metodlardan istifadə edirlər. Bu cür təkfirçilik ideologiyası daşıyan siyasi qüvvələrin fikirləri bütün dünyada yayıldığı kimi Azərbaycanda da yayılmışdır. İndi belə bir fikir formalaşdırırlar ki, ölkəmiz müsəlman ölkəsi deyil və məscidlərimizdə namaz qılmaq doğru deyil. Onlara görə yalnız özləri müsəlmandır. Bu cür düşüncə cəhalətdən və savadsızlıqdan irəli gələn yanlış düşüncədir. Bir qrup müsəlman gənclər camaat namazlarını tərk edir, Cümə namazlarına gəlmir, məscidlərə gəlmir, məscidlərə gəlib ibadət edənlərə rişxəndlə yanaşırlar. İddia edirlər ki, əgər dövlətin idarəsi müsəlmanlarda deyilsə, orada cümə namazı qılmaq, məscidə getmək doğru deyil. Bu fikirdə olan insanlar bir neçə il əvvəl çox azlıq təşkil edirdilər. Ancaq onlar bu yanlış fikirlərini yaymağa davam edib sosial şəbəkələrdə fəallıq göstərir, özlərinə sosial baza formalaşdırırlar". Əkrəm Həsənov deyib ki,  təkfirçilik düşüncəsində olanlar bu gün ölkəmizdə bir neçə məscidi öz əllərinə keçirməyə cəhd etməyə çalışsalar da, onların bu hiyləsi baş verməyib və həmin məscidlər onların batil işlərinə görə bağlanıb: "Əgər haradasa məscid bağlanıbsa dəqiq əmin olun ki, həmin məscidlər təkfirçilik və xəvariclik ideologiyasının yayılmasının qarşısının alınması üçün baş verib. Çünki onlar həmin məscidlərdə öz fikirlərini yaymaq istəyirdilər. Şükr Allaha ki, dövlətimiz vaxtında bunun qarşısını ala bildi. Ancaq bu gün həmin fikirdə olanlar müəyyən evlərdə, rayon və kəndlərdə təbliğatlarını aparır, video çəkiliş edərək sosial şəbəkələrdə paylaşırlar. Əlbəttə bu kiçik və sayı az olan qüvvələrin fikirlərinin yayılması cəmiyyətimiz üçün çox təhlükəlidir. Bunların üstündə durduğu ən aktual məsələlərdən biri də dövlət idarəsini həyata keçirən insanların üstündə dayanmalarıdır. Məsələn, onların yalnış cəhəti budur ki, deyirlər  kimisə seçib ona beyət edilməsi lazım deyil. Əsas odur ki, rəhbər insanların məsləhətini qarşılayan biri olmalıdır. Təbiidir ki, bütün ölkə rəhbərləri onsuz da insanların məsləhətini qarşılayır . Sonra onlar deyirlər ki, mütləq deyildir  ona tabeçilik göstərəsən. Bir sözlə bu gənclər bir sözləri ilə digər sözlərini inkar edirlər. Sonra da dövlətə, hakimiyyətə və o dövlətin və hakimiyyətin bütün icraçılarına və günahsız xalqa kafir deyirlər. Bu söz böyük bir sözdür. Çünki onlar ilk əvvəl kafir deməyə başlayırlar. Sonra isə kafirin canı, malı, qanı halaldır deyirlər və fəsad törədirlər. Dinc müsəlmanları öldürürlər. Təfriqə yaradırlar. İnsanları, xüsusilə dinə təzə gələn gəncləri çaşdırırlar. Allah təala təkfirçilərin şərindən biz müsəlmanları qorusun". İlhaiyyatçı bildirib ki,  həmin şəxslər bu gün Azərbaycanda öz fikirlərini sosial şəbəkələrdə, çayxanalarda yaymağa nail ola bilirlər: "Bunlara xəvaric (yəni dindən çıxıb müsəlmanlarla müharibə aparan), təkfirçi (müsəlmanlara kafir deyən), hizbçi, cihadist, cihadçı və s. adlar vermək olar.  Təkfirçilər Məhəmməd Peyğəmbərin (səlləllahu aleyhi və səlləm) hədislərini söhbətləri zamanı dəlil olaraq gətirdikdə, yenə də, metodlarına uyğun olaraq, yalnız özlərinə sərf edən hədisləri dəlil gətirilər. Bununla da hədisi bilməyən və təkfirçini dinləyən gənc hədis eşidən kimi aldanır və bununla bağlı digər hədisləri bilmir və ya hədisə əmin olub digər hədislərə baxmır. Yenə də aldanır. Həmçinin alimlərin sözləri məsələsində də təkfirçilər özlərinə sərf edən sitatı deyib, digərini inkar edir və ya gizlədir. Bununla da heç nə bilməyən gənc müsəlmanları aldadırlar. Amma unutmaq lazım deyil ki, hər birimiz ədalətli olmalıyıq. İnsanlara İslamı ən gözəl bir tərzdə öyrətməliyik. Bizim Allahdan və sonra da biz müsəlmanlardan başqa heç bir dayanacaq yerimiz yoxdur. Ona görə də müsəlmanlar ancaq qardaşdırlar və onların arasına təfriqə salan onlara yaxşı qardaş ola bilməz. Müsəlmanları kafir hesab edənləri Allahdan qorxmağı, təqvalı olmağı, müsəlman camaatdan ayrılmamağı, cümə namazlarına gəlmələrini nəsihət edirəm. Ən doğru yol Allahın və Peyğəmbərinin bizə miras olaraq qoyduğu yoldur, digər yollar zəlalət və azğınlıqdır. Hər azğınlığın sonu Cəhənnəmdir. Rəbbim bizi Cəhənnəm əhlinin fikir və əqidələrindən, azdırmalarından qorusun".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR