"Radikal dini qruplar maddi həvəsləndirmə üsullarından istifadə edir"

"Azərbaycanda tolerantlıq modelini qəbul etməyən dövlətlər, qüvvələr kənar dini ideologiyaları ölkəmizə gətirmək istəyirlər" Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətində "Radikalizm və ekstremizmin mahiyyəti, yaranma səbəbləri və onlara qarşı mübarizənin hüquqi əsasları" mövzusunda seminar-müşavirə keçirilib.

Məlumata görə, tədbirdə  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidmətinin vəzifəli şəxsləri, eyni zamanda bu qurumların Nəsimi, Yasamal və Nərimanov rayonlarındakı yerli strukturlarının məsul nümayəndələri, prokurorlar iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini S. Heydərov radikal təsirə məruz qalmış insanlar ətrafında sosioloji, psixoloji, teoloji və hüquqi anlamda reabilitasiya işlərinin gücləndiriləcəyini bildirib: "Müəyyən güc mərkəzləri maraqlarını təmin etmək üçün din amilindən istifadə etməyə qərar veriblər və islam dinini radikalizmlə eyniləşdirməyə çalışırlar. Azərbaycanda tolerantlıq modeli mövcuddur, ancaq bunu qəbul etməyən dövlətlər, qüvvələr var, kənar dini ideologiyaları Azərbaycana gətirmək istəyir, buna səy göstərirlər. İlk növbədə preventiv tədbirlərə, maarifləndirməyə üstünlük verilməlidir ki, uşaqlar, gənclər dini ekstremist ideologiyaların təsiri altına düşməsinlər. Din gənclərin daha vətənpərvər olmasına, vicdanlı mütəxəssis olmasına xidmət etməlidir. Bu məsələdə həddən artıq ayıq olmalıyıq. Azərbaycanda dinin siyasiləşdirilməsi cəhdlərinə də rast gəlirik. Bu da göstərir ki, biz də sığortalanmamışıq və bu kimi hallara qarşı aktiv mübarizə aparmalıyıq. Radikal dini ideologiyaların Əfqanıstana, Orta Asiyaya, Şimali Qafqaza köçürülməsi cəhdləri var. Bunun üçün isə Azərbaycanı yol kimi görürlər".

Azərbaycanın güclü dövlət olduğunu və güclü rəhbərinin olduğunu vurğulayan S. Heydərov dinlərarası dialoq və multikulturalizmlə bağlı Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlərin, Azərbaycanın müəllifi olduğu "Bakı prosesi" kimi proseslərin böyük əhəmiyyəti olduğunu qeyd edib: "Radikal dini qruplar sosial şəbəkələrdən, maddi həvəsləndirmə üsullarından istifadə edərək uşaqlarımızı, gənclərimizi zəhərləməyə çalışırlar. Sosial şəbəkələrdə belə zərərli təhdidlər günün 24 saatı ərzində mövcuddur. Sonrakı mərhələdə isə onlara zərərli dini ədəbiyyatlar verilir. Əgər bir ailədə bir övlad əvvəlki dostları, əhatə dairəsi ilə əlaqəsini kəsirsə, deməli, artıq zərərli təsirə düşməkdədir. Bu halda ailə övladının bu zərərli təsirdən uzaqlaşdırılması üçün addım atmalı, övladını onlardan uzaqlaşdıra bilmirsə, hüquq-mühafizə orqanlarına müraciət etməlidir".

Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov bildirib ki, 2012-ci ildən başlayaraq müəyyən radikal qrupların təsirinə düşən müəyyən gənclər Pakistan, Suriya və İraqda radikal qruplara, terrorçulara qoşularaq döyüşlərdə iştirak ediblər. Bununla bağlı Cinayət Məcəlləsinə müvafiq maddələr əlavə edildiyini bildirən prokurorluq əməkdaşı dindar kütlənin siyasiləşdirilməməsi istiqamətində fəal iş aparılmalı olduğunu vurğulayıb.

R. Məmmədov deyib ki, Azərbaycanda zərərli vəhabi cərəyanının nümayəndələri çox deyil, bu zərərli cərəyan müəyyən dövlətlərin QHT-lərinin 1993-1994-cü illərdə qaçqın və məcburi köçkünlərə humanitar yardım adı altında pərdələnərək fəaliyyət göstərməsi nəticəsində yayılmağa başlayıb: "İran kimi ölkələrdə dini təhsil alanlar da bu dövlətlərin xüsusi xidmət orqanlarının təsiri altına düşür və zərərli fəaliyyətlə məşğul olur. Ona görə də qanunvericilikdə xarici ölkələrdə dini təhsil alanların fəaliyyətinin məhdudlaşdırılması barədə müddəalar qəbul edildi".

Tədbir çıxışlarla davam edib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR