Bəzi qeyri-ənənəvi İslami məzhəblərdən ziyanlı çağırış

Əkrəm Həsənov: "Qeyri- ənənəvi İslam məzhəblərinin yayılmasının qarşısını təkcə inzibati tədbirlərlə yox, onların yayılmasına rəvac verən amilləri aradan qaldırmaqla almaq mümkündür"

Zaman-zaman müəyyən məkirli qüvvələr, xaricdəki maraqlı dairələr Azərbaycanda dövlət-din münasibətlərinə dair yalnış təsəvvürlər, fikirlər formalaşdırmağa, cəmiyyətdə çaşqınlıq yaratmağa çalışırlar. Onlar hər vəchlə iddia edir və hım daxildə, həm də xaricdə belə fikir formalaşdırırlar ki, guya ölkəmizdə dövlət-din münasibətləri normal məcrada deyil, dindarlar təqib və təzyiqlərə məruz qalırlar və. s. Ancaq mövcud reallıq heç də antiAzərbaycan şəbəkənin iddia etdiyi durumdan ibarət deyil. Bunun tam əksi. Azərbaycanda dövlət-din münasibətlərinin inkişaf etdiyi, özü də bu inkişafın dünyada nümunəyə çevrildiyi hər kəsə aydındır. Bunu təkcə biz deyil, eləcə də müntəzəm olaraq ölkəmizə səfər edən xarici qonaqlar, beynəlxalq təşkilat və qurumların təmsilçiləri açıq şəkildə ifadə edir, buna görə Azərbaycanı təqdir edirlər. Elə ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da bu qənaətdədir ki, ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyədədir. O, bildirib ki, yalnız qeyri-ənənəvi İslam məzhəbləri bu vəziyyətdən razı deyillər. Çünki onlar əsasən xaos, anarxiya tərəfdarıdırlar: "Dövlət qurumları ilə qeyri-ənənəvi İslam məzhəbləri arasında meydana çıxan fikir ixtilafları aşağıdakı məsələləri əhatə edir. Birincisi, mövcud hakimiyyət quruluşuna münasibət. Azərbaycanda bu və ya digər dərəcədə yayılmış qeyri-ənənəvi islam təlimlərinin hamısı "din dövlətdən ayrıdır" prinsipi ilə nəinki razılaşmır, hətta dini siyasi hakimiyyətin aparıcı amili hesab edirlər. "Hökm yalnız Allaha məxsusdur". Onların fikrincə, Allahın hökmünə əsaslanmalı olan hakimiyyəti yalnız din adamları idarə etməlidirlər. Bu mövqedən çıxış edən islam məzhəbləri - xəvariclər, təkfirçilər, hizbilər, ifrat şiəlik (xomeyniçilik), nurçuluq və s. Respublikada fəaliyyət quruluşunu "qeyri-legitim" hesab edir və onu dini hakimiyyətlə əvəz etməyə çağırırlar; Onlar öz fəaliyyətinə dövlət tərəfindən nəzarət edilməsini və işinin tənzimlənməsini qəbul etməyərək mütləq sərbəstlik tələb edirlər ki, bu da çoxkonfessiyalı bir ölkə olan Azərbaycanda daxili sabitliyin pozulmasına gətirib çıxara bilər"; İlahiyyatçı deyir ki, həmçinin bu kimi qüvvələr respublikada etiqad edilən İslamın "əsl İslam" olduğunu qəbul etmir və "əsl İslamı" məhz özlərinin təmsil etdiyini iddia edirlər və bu mənada, bölgədə öz nüfuzunu möhkəmlətməyə çalışan qonşu müsəlman dövlətlərinin siyasi məqsədlərinə xidmət etmiş olurlar: "Onlar müsəlman aləmini qeyri-müsəlman dünyasına qarşı qoyur, "İslamdan dönmüş xalqları əsl İslama qaytarmaq" hüququna iddialarla çıxış edir və imkan düşdükcə, bu istiqamətdə əməli işlər görməyə çalışırlar. Nəzərə almaq lazımdır ki, bu planda qeyri-İslam məzhəblərinin imkanlarındansa İslam məzhəblərinin imkanları daha genişdir. Onlar "əsl İslam" adı altında yerli müsəlman əhalini öz tərəfinə çəkmək imkanına malikdirlər. Bu məzhəblər arasında öz fəaliyyətində dinc təbliğat üsullarına üstünlük verənlər, iqtisadi-ticari əlaqələrdən xeyriyyəçilik tədbirlərini həyata keçirmək imkanlarından istifadə edərək özünün sosial bazasını möhkəmləndirməyə çalışanlar, öz fəaliyyətində daha radikal, hətta sui-qəsdçilik və terrorçuluq aktlarına üstünlük verənlər də vardır. Ayrı-ayrı qeyri-ənənəvi İslam məzhəbləri yalnız konkret zaman çərçivəsində cəmiyyətimiz üçün təhlükəli olmaya bilərlər. Bu da onların konkret zaman çərçivəsində maliyyə imkanlarının genişliyi dərəcəsindən, yerli şəraitdə sosial bazasının etibarlı olub-olmamasından və beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib-dəstəklənməməsindən asılıdır. Məsələyə konsepsual baxımdan yanaşdıqda isə bu məzhəblərin hamısı dövlətçiliyimiz, milli mədəniyyətimiz, xalqımızın birliyi və etiqad bəslədiyimiz ənənəvi islam dəyərləri üçün eyni dərəcədə təhlükə təşkil edir. Bütün bunları nəzərə alaraq "Müasir Azərbaycanda təriqətlərin yayılması üçün obyektiv şərait yoxdur" deməklə bu ehtimalı birmənalı şəkildə rədd etmək ən azı bu məsələni bəsitləşdirmək, ona səthi yanaşmaq olardı. Təriqət və məzhəblər həmişə sosial- iqtisadi problemlərdən əziyyət çəkən cəmiyyətlərdə özünün yayılması üçün əlverişli şərait tapmış olur. Belə problemlərlə qarşılaşan və onları dünyəvi üsullarla həll edə bilməyən xalqlar təriqətlərə və məzhəblərə üz tutur, öz problemlərini bu məzhəblərin təklif etdiyi üsullarla aradan qaldıra biləcəyinə ümid bəsləyirlər. Müstəqillik illərində qazandığı möhtəşəm uğurlara baxmayaraq burada keçid dövrünə xas olan bir sıra sosial-iqtisadi problemlər qalmaqdadır". Əkrəm Həsənov deyib ki, respublikamızın güclə cəlb edildiyi müharibə vəziyyətinin davam etməsi, Dağlıq Qarabağda "nə hərb, nə də sülh" vəziyyətinin saxlanılması, ölkədə ənənəvi iqtisadi strukturların dağılması və s. istər-istəməz bu problemlərin həllini ləngidir: "Respublikada qeyri- ənənəvi İslam məzhəblərinin yayılmasının qarşısını da təkcə inzibati tədbirlərlə yox, onların yayılmasına rəvac verən amilləri aradan qaldırmaqla, ölkədə dini maarifçiliyi genişləndirməklə və əhalinin əsl islam haqqında biliklərini artırmaq yolu ilə almaq mümkündür.  Ümummilli liderimiz Heydər Əliyev müsəlmanları bir olmağa, aranı qızışdırmaq istəyən, respublikanın indiki mürəkkəb vəziyyətində öz şəxsi mənafelərini həyata keçirməyə, araya təfriqə salmağa çalışan şəxslərin və qrupların, məzhəb və hərəkatların qarşısını almağa çağırırdı".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR