Multikulturalizm Azərbaycan dövlətinin həyat tərzinə çevrilib

Azərbaycan zəngin tarixə, qədim adət-ənənənlərə malik ölkələrdən biri kimi həm də özündə müxtəlif mədəniyyətləri, dinləri birləşdirir. Belə ki, hələ tarixin uzaq keçmişindən müxtəlif xalqların və tayfaların, yadellilərin ölkəmizin ərazisinə hücumları, Azərbaycandan karvan yolu kimi istifadə etmələri, eləcə də buradan nəqliyyat dəhlizi kimi istifadə edərək ətraf ərazilərə həyata keçirdikləri işğalçılıq siyasəti nəticəsində yüzlərlə ailə müxtəlif səbəblərdən Azərbaycanda məskunlaşmış, burada özünün mədəniyyətini, dinini yaşadıb inkişaf etdirmişlər. Bütün bu amillər Azərbaycanda dini müxtəliflik, multikulturalizm yaratmışdır. Müsəlman ölkəsi olmağımıza baxmayaraq Azərbaycanda xristianlar, yəhudilər, eləcə də digər dinlərin nümayəndələri yaşayırlar ki, əslində bu da bizim bir növ milli sərvətimizdir. Təsadüfi deyil ki, bütün bunlardan irəli gələrək Azərbaycan haqlı olaraq miltikultural ölkə kimi xarakterizə edilir.

Azərbaycanın multikultural ölkə olduğu yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapır. Belə ki, uzaq tarixdə olduğu kimi günümüzdə də ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələri Azərbayvanda sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşayırlar. Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətinin başlıca istuiqamətlərindən birinə çevrilib. Bunu dövlətin atdığı addımlar həyata keçirdiyi tədbirlər fonunda da aydın görmək mümkündür.

Müstəqillik dövründə Azərbaycanda multikulturalizm siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyuldu desək yanılmarıq. Məhz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərin qorunması, onun yaşadılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dini məkanların bərpası, müxtəlif dini konfessiyaların nümayəndələri ilə müntəzəm olaraq keçirilən görüşlər, təkcə İslam dininə deyil, eləcə də digər dinlərin nümayəndələrinə məxsus ibadət məkanlarının dövlət hesabına bərpa edilib istifadəyə verilməsi dövlətin multikulturalizm siyasətinə verdiyi dəyərin, önəmin bariz nümunəsi idi.

Bu illər ərzində Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərə, dini ehkamlara, multikulturalizmə verdiyi önəm təkcə ölkə vətəndaşları, burada bizimlə eyni sevinci və acını bölüşən digər dinlərin nümayəndələri tərəfindən deyil, eləcə də beynəlxalq aləm tərəfindən də təqdir olunur, yüksək qiymətləndirilirdi. Bu baxımdan mərhum Roma Papası II İohan Pavelin 2002-ci ilin may ayında Azərbaycana səfər etməsi ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinə dəstək xarakteri daşıyırdı. Məlumdur ki, bir qayda olaraq Roma Papası dini müxtəlifliyin qorunduğu, inkişaf etdirildiyi, multikulturalizmin mövcud olduğu ölkələrə səfər edir. Bu prinsiplərin pozulduğu ölkə və dövlətlərə Roma Papası qətiyyən səfər etmir. Bu mənada həmin tarixi səfəri həm də Vatikanın Azərbaycanın multikulturalizm siyasətinə dəstəyi kimi xarakterizə etmək olar.

Qətiyyətlə deyə bilərik ki, günümüzdə də Azərbaycanda multikulturalizm siyasəti uğurla davam etdirilir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətə günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən yeni rəng qatılır, daha da inkişaf etdirilir. Dövlət başçısının ölkəyə rəhbərlik etdiyi illərdə Bibiheybət məscidi, Şamaxı məscidi, Təzə Pir məscidi, Gəncədəki İmamzadə türbəsi, eləcə də digər bu kimi dini ibadət məkanlarının yenidən qurulması deyilənlərin əyani sübutudur. Bu dövrdə Azərbaycanda müxtəlif dinlərin və konfessiyaların sülh şəraitində, heç bir maneə olmadan fəaliyyət göstərməsinin ən bariz nümunəsi kimi Bakıda Katolik kilsəsinin tikilib istifadəyə verilməsini göstərə bilərik.

Azərbaycanın multikultural ölkə olduğunun daha bir əyani sübutu isə 2016-cı ilin Azərbaycanda "Multikulturalizm İli" elan edilməsi idi. Bununla əslində ölkəmiz bir daha dünyaya sübut edirdi ki, multikulturalizm Azərbaycanda alternativi olmayan həyat tərzinə çevrilib. Bundan əvvəl isə, 2004-cü ildə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu siyasətə ölkəmizin bu gün də sadiq qalmasının bariz nümunəsi idi. Məhz həyata keçirilən bütün bu məqsədyönlü addımlar, tədbirlər beynəlxalq aləm tərəfindən də dəstək qazanırdı. Bu baxımdan 2016-cı ildə Roma Papası Fransiskin Azərbaycana səfərini xüsusi qeyd etmək lazımdır.

İstər bundan əvvəl, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycanda keçirilən Beynəlxalq Humanitar Forumlar, Mədəniyyətlərarası və dinlərarası dialoq forumları, eləcə də digər bu kimi toplantılar və həmin toplantılarda bir çox xarici ölkələr və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Azərbaycanın multikulturalizm siyasətinə verilən beynəlxalq dəstəyin göstəricisi idi. Həmçinin, bu kimi tədbirlər Azərbaycanın təcrübəsinin dünya tərəfindən öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edirdi.

Göründüyü kimi, tarixin müxtəlif dövrlərində olduğu kimi bu gün də Azərbaycan öz multikultural siyasəti ilə dünyada seçilir, təqdir olunur, öyrənilir. Çünki bu gün dünyamıızın sözün həqiqi mənasında multikulturalizmə ehtiyacı var.

İradə Sərdarova,

Azərbaycan Dillər Universitetinin dosenti

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR