Din adından istifadə cəhdləri və ölkədə xaos yaratmağa meyilli olan “dindarlar”

Əkrəm Həsənov: "Kim dövlət başçısına itaətdən əl çəkərsə Qiyamət günü Allahın qarşısına hüccətsiz, dəlilsiz olaraq çıxar"

Son vaxtlar bəzi insanların din adından istifadə edərək özlərindən şəriət qayda-qanunları tətbiq etdiklərinin şahidinə çevrilirik. Məsələ o qədər ciddi xarakter alıb ki, artıq ölkəmizdə də bu kimi insanlara rast gəlmək mümkündür. Din adından istifadə edərək dindən tamamilə uzaq, onun hökmlərinə uyğun olmayan qayda və qanunlar tətbiq etməyə çalışan həmin şəxslər nə qədər təəssüflü olsa da, özlərinə tərəfdar toplamağa da nail olurlar. Yaranmış xoşagəlməz vəziyyət isə həqiq mənada dinlə məşğul olan, İslamın hökmlərinə əməl edən dindarları ciddi şəkildə narahat edir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzi özünü müsəlman, imanlı hesab edən şəxslər sanki özlərindən qanunlar tətbiq edirlər. Onun sözlərinə görə, istər Nardaran hadisələrində, istər bu günlərdə sosial şəbəkələrdə və digər yerlərdə bəzi dini təmayüllərin aktivləşməsi, radikal fikirlər bildirməsi, istərsə də dini siyasətə alət edən hər bir düşüncə sahibinin qeyri-ciddi hərəkətləri fonunda bunu müşahidə edirik: "Bütün bunlar İslam dini ilə əlaqədar deyildir. Eyni zamanda bunlar insanların dini cəhətdən savadsız olduqlarını göstərir. Əslində belə edənlər Allahın hökmünü tərk edib mücərrəd olaraq öz nəzdində gətirdiyi hökmlə hökm edənlərdir. Yəni, özü özündən, özbaşına bir "qanun" tətbiq edir, hansısa məsələdə hökm kəsir. Adama deyərlər ki, sən kimsən axı?  Bir məsələ də vardır ki, bunu edərkən anlamır ki, özünü küfr həddinə gətirir. Ona görə küfr həddinə gətirir ki, özünü qanunqoyucu olaraq görür. Dinimizə görə qanunları ölkədə tətbiq edən aidiyyatlı, səlahiyyətli rəsmilər vardır. İslam alimləri bildirirlər ki, müasir dövrümüzdə işıqforun tənzimlənməsi də Allah təalanın qoyduğu qanunlar əsasında həyata keçir. Müasir islam alimləri bildirirlər ki, dünyəvi hüquqi qanunların da sahibi Allah təaladır. O qanunları aşanda təbii olaraq Allah insanı cəzalandırır. İşıqfordan keçmə qaydalarına riayət etməyən şəxs düşdüyü acı sonluğa görə özünü qınamalıdır. İnsan elə düşünməsin ki, işıqfor dünyəvi qaydadır. Riayət etməsəm heç nə olmaz. Elə deyil. Hər bir dünyəvi qaydaların dini cəhəti də vardır. Hər bir ölkəyə təyin olunan rəhbər də tək dünyəvi məsələ deyil. Onun dini tərəfi də vardır. Bu səbəblə sizə təyin olunan rəhbərə qarşı hörmətlə yanaşmalısız. Çünki, Allah təala Qurani Kərimdə buyurur ki, özünüzdən olan əmr sahiblərinə itaət edin. Burada əmr sahibi dedikdə olduğun yerdə yaşayan rəhbər nəzərdə tutulur". Əkrəm Həsənovun sözlərinə görə, İslam alimləri yekdil rəyə gəliblər ki, hər bir dövlətin başında olan dövlət başçısına itaət etmək hamıya vacibdir: "Yəni, hər bir ölkənin dövlət başçısına itaət etməyin vacib olması məsələsində bütün islam alimləri həmfikirdirlər. İslam dininə görə yaşadığın ölkənin dövlət başçısına itaət etmək həmin ölkənin vətəndaşlarına, eyni zamanda həmin ölkəyə gələnlərə vacibdir. Daha doğrusu Allahın əmridir. Kim dövlət başçısına itaət etmiş olarsa, Allahın Rəsuluna itaət etmiş olar, kim Allahın Rəsuluna itaət edərsə, Allaha itaət etmiş olar. Allah Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurur: "Kim mənə itaət etmiş olarsa Allaha itaət etmiş olar, kim mənə asilik etmiş olarsa Allaha qarşı asilik etmiş olar. Kim təyin etdiyim öz əmirinə (dövlət başçısına) itaət edərsə mənə itaət etmiş olar, kim mənim təyin etdiyim əmirə, dövlət başçısına asilik edərsə mənə asilik etmiş olar" (Buxari, Müslim, Nəsai bu hədisi rəvayət ediblər).

Əkrəm Həsənov bildirib ki, İslam alimlərinə görə bütün beynəlxalq aləmdə müsəlman ölkələrinin başçılarına, prezidentlərinə onun xalqı, həmçinin o məmləkətə gələn digər insanlar tabeçilik göstərməlidirlər: "Allahın Rəsulu (ona və ailəsinə salam olsun) belə buyurub: "Müsəlman bir şəxsə sevib sevməməsindən asılı olmayaraq hər bir məsələdə dövlət başçısını dinləyib itaət etməsi vacibdir. Əgər dövlət başçısı ona Allaha asilik olan, günah olan bir məsələni əmr edərsə onda itaət etmir" (Müslim, İmarə, 38). Bütün dünyada dövlət başçısının bir çox məsələləri həyata keçirməsi üçün böyük səlahiyyətləri vardır. Dövlət başçısı dinin və ölkənin düzgün istiqaməti üçün əhəmiyyətli rol oynayır. Allah Rəsulu da bu məqsədlə peyğəmbər olaraq, dinin və dövlətin başçısı olaraq göndərilib. Həmçinin özü də bir çox ölkələrlə dostluq əlaqələri qurduqdan sonra həmin ölkə başçılarının məsləhəti ilə islam dinini həmin ölkələrdə təbliğ edib. İslam dininə görə dövlət başçısına itaət etmək, peyğəmbərə və Allaha itaət etmək sayılır. Allah Rəsulunun səhabələrindən biri olan Abdullah İbn Ömər dövründə bir şəxsin ölkə rəhbərinə qarşı etiraz etdiyini eşidir. Bu səbəblə onun yanına gəlib deyir: "Sənin yanında oturmağa gəlməmişəm. Sənə Allah Rəsulundan (səlləllahu aleyhi və səlləm) eşitdiyim bir hədisi xəbər verməyə gəlmişəm. Mən Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Kim dövlət başçısına itaətdən əl çəkərsə Qiyamət günü Allahın qarşısına hüccətsiz, dəlilsiz olaraq çıxar. Kim də boynunda dövlət başçısına beyət (səs vermək) olmadan ölərsə, cahiliyyə ölümü ilə ölər (yəni cahil kimi ölər)". Siz təsəvvür edin ki, zalım hökmdarlara qarşı islam dini hörmət göstərməyi və itaət etməyi əmr edib. Onda bəs ədaləti ilə neçə illərdir xalqının qayğısına qalan, islam dininin yaşanmasına icazə verən, müsəlmanlara hörmət bəsləyən, müsəlman vətəndaşlarının ibadət etməsi üçün məscidlər tikən bir dövlət başçısına biz müsəlmanlar nə üçün böyük hörmət bəsləməyək?. Hər kəsi elmli olmağa, ədalətli olmağa dəvət edirəm"

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR