İsrail mətbuatı Azərbaycandakı tolerantlıqdan yazdı

İsrailin nüfuzlu "The Jerusalem Post" qəzetində pakistanlı yazıçı Sarmad İqbalın Azərbaycandakı tolerant və multikultural mühitdən bəhs edən məqaləsi çap olunub. "OLAYLAR"-ın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən verdiyi xəbərə görə, müəllif məqaləsində yazır ki, əhalisinin 96 faizi müsəlmanlardan ibarət olan Azərbaycanda dini zəmində heç bir qarşıdurma baş verməyib. Əksinə əsas dini İslam dini olan Azərbaycan mütərəqqi və dünyəvi dövlət nümunəsi kimi müsəlman dünyasında yeni bir səhifə açıb.

Azərbaycan anti-semitizmin rast gəlinmədiyi nadir müsəlman ölkələrindən biridir və buranın müsəlman əhalisi ilə yəhudilər arasında nümunəvi dinc birgəyaşayış mövcuddur. Qubadakı Qırmızı Qəsəbə haqqında da yazan müəllif bu qəsəbənin İsrail dövlətindən kənarda yerləşən bütünlüklə yəhudilərdən ibarət yeganə məkan olduğunu qeyd edir.

S.İqbal məqaləsində yazır ki, ölkəmizdə dinc birgəyaşayış mühiti hökm sürür. Müəllif Roma Papasının 2016-cı ildə Azərbaycana səfəri zamanı ölkədəki müxtəlif dinin nümayəndələri arasındakı tolerant mühiti yüksək qiymətləndirdiyini də diqqətə çatdırıb.

O, məqaləsində 2016-cı ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda "Multikulturalizm ili" onun məntiqi davamı kimi 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinin dövlətimizin tolerantlıq və multikulturalizm siyasətinə verdiyi önəmin təzahürü və İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımı kimi qiymətləndirib.

Məqalənin müəllifi yazısında ölkədə dini etiqad azadlığının təmin edilməsində və dini qurumların fəaliyyətinin tənzimlənməsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə də toxunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR