Mübariz Qurbanlı: “Azərbaycanda din amilindən istifadə edib qarşıdurma yaratmaq mümkün deyil”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Prezident yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Gənclər və dini icmalar: əməkdaşlıq və inkişaf" mövzusunda konfrans keçirilib. Konfransda Dövlət Komitəsi və Gənclər Fondunun rəhbərliyi, dini icma sədrləri və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, rəhbəri olduğu qurum dini radikalizmə qarşı mübarizədə müxtəlif qurumlarla əməkdaşlıq edir: "Bizim gənclər təşkilatları ilə də sıx əməkdaşlığımız var. Gənclər Fondu ilə indiyə kimi müxtəlif xarakterli tədbirlər keçirmişik. Bugünkü tədbirimizdə də gənclər və dini icmalar arasındakı qarşılıqlı əlaqələr və burada gənclərin rolu məsələsi ətrafında müzakirələr aparacağıq".

M. Qurbanlı deyib ki, dini xurafata, dini radikalizmə, ekstremizmə qarşı mübarizədə təbliğat daha yüksək səviyyəyə qaldırılmalıdır: "Bu gün Azərbaycanda dini baxımdan sabit bir mühit var. Qafqaz Müsəlmanları İdarəsi və Dövlət Komitəsi ölkəmizin müxtəlif qurumları ilə birlikdə bu sahədə geniş proqram həyata keçirir. Biz hüquq-mühafizə orqanları ilə sıx əməkdaşlıq edirik. Azərbaycanda din amilindən istifadə edərək hər hansı formada qarşıdurma yaratmaq və yaxud ictimai-siyasi sabitliyi pozmağa cəhd etmək mümkün deyil. Azərbaycanda bu cür hərəkətlərə yol verənlər heç nəyə nail ola bilməzlər. Dini təhrif edərək, dindən sui-istifadə edərək dini siyasiləşdirənlər öz məqsədlərinə çata bilməyəcəklər". Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Gənclər Fondu arasında Birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, bu sənəd əsasında birgə layihələrin hazırlanması istiqamətində işlər görüləcək. Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərovbildirib ki, dünyada baş verən münaqişələrin fonunda Azərbaycan dövlətinin dini konfenssiyalara olan münasibəti təqdirəlayiqdir: "Artıq "İslam Həmrəyliyi İli" başa çatmaq üzrədir. "İslam Həmrəyliyi İli" sülhə xidmət etmək baxımından bir başlanğıc oldu. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə Gənclər Fondunun həyata keçirdiyi tədbirlər təqdir olunur. Ölkəmizdə yenidənqurma, abadlıq işləri aparılır. Azərbaycan hər bir sahədə dünyaya öz nümunəsini təqdim edib.  Azərbaycanda müxtəlif dinlərin nümayəndələri sərbəst və sülh şəraitində yaşayırlar". 

Tədbir çıxış və müzakirələrlə yekunlaşıb. Olaylar.az Apa-ya istinadən xəbər verir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR