“Kiminsə durub İslamı radikal adlandırması yolverilməzdir”

"Hər hansı bir şəxslərin və ya qurumların etdiyini İslama şamil edib onu "Din" kimi göstərmək İslam düşmənlərinin köhnə adətidir"

Yaxın Şərqdə, müsəlman dünyasında artan silahlı qarşıdurmalar, terror hücumları təəssüflər olsun ki, İslam dini barədə yalnış təsəvvürlərin formalaşmasına, yayılmasına səbəb olub. Xüsusilə, bu terror hücumlarının özünü İslam dininə bağlamağa cəhd edən bir sıra radikal qruplaşmalar tərəfindən həyata keçirilməsi ümumilikdə İslam dininin haqsız olaraq terrorla eyniləşdirilməsi kimi mənfi fəsadlara yol açıb. Bu gün nə qədər acı da olsa Qərbdə, Avropada İslamı birmənalı şəkildə terrorla eyniləşdirməyə cəhdlər edilir. Eyni zamanda bəlli dairələr İslamda müəyyən bir qrupun radikallıqdan uzaq olaraq sivil dünyaya xas formada fəaliyyət göstərdiyini iddia edirlər. Və, sivil dünyaya xas formada fəaliyyət göstərdiyi iddia edilən həmin dairələr, müsəlman dövlətləri, İslam ölkələrinə yardımlar göstərərək, dəstək nümayiş etdirərək onları radikal İslam kimi qələmə verdikləri digər müsəlman ölkələrinə qarşı çevirirlər. Bu gün bu mənfi tendensiyanın daha bir nümunəsi yaşanmaqdadır. Belə ki, son günlər yenidən Səudiyyə Ərəbistanında yaşanan proseslər və bu ölkənin İrana və onun müttəfiqlərinə qarşı istiqamətləndirilməsi deyilənlərin təsdiqidir. Təbii ki və haqlı olaraq bu kimi mənfi tendensiyalar dinin sağlam daşıyıcıları, əsl inanclı insanlar, İslamda vəhdət, həmrəylik olmasını istəyənlər tərəfindən qəti şəkildə rədd edilir, pislənilir. İlahiyyatçı Hacı Ceyhun Şükürov deyir ki, son zamanlar dünya ictimaiyyətinin dilindən düşməyən "ılımlı"-yumşaq islam ifadəsi hər kəsin zehnində müxtəlif növ suallar doğurur: "İlk öncə onu qeyd etməliyəm ki, nə radikal İsalm, nə də yumşaq İslam anlayışı İslam dinində yoxdur. İslam dini Allah tərəfindən insanlara çatdırılan və Peyğəmbər vasitəsi ilə təbliğ olunan bir dindir. Onun nə radikalı vardır, nə də yumuşağı. Din bir dənədir. Aləmlərə rəhmət olaraq göndərilən Məhəmməd (Allahın salamı və xeyr duası ona və ailəsinə olsun!) Peyğəmbərlik vəzifəsini şərəflə yerinə yetirmiş və bu işi tamamlamışdır. Bu barədə Allah Qurani Kərimdə belə buyurur : " Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim..."( əl- Maidə 3) Kamil olan tamamlanan bir dini dəyişmək hökümlərini qüvvədən salmaq, müasir zamana uyğun olmaması iddiasını irəli sürmək heç kəsin həddinə belə deyil. Çünki bu din qiyamətə qədər öz hökmünü qoruyub saxlayır. Dinin bütün əhkam və ərkanları orjinalına müvafiq qorunub saxlanılır. Heç kim onun qayda və qanunlarını dəyişə bilməz. Allah Təala buyurur : "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq." (əl-Hicr 9) Buradaqeyd olunan "Zikr" Quran və din mənasındadır". İlahiyyatçı deyir ki, kiminsə durub İslamı radikal adlandırması və yaxud radikal İslamdan yumşaq İslama keçməsini dini bir addım sayması yolverilməzdir: "Vəhy vasitəsi ilə insanlara çatdırılan bu din ilkin formasına uyğun şəkildə qorunmasını Qurani-Kərimdə Allah bizə bu Kitabın bir hərfini belə dəyişə bilməyəcəyimizi təkidlə bildirir. Hər hansı bir şəxslərin və ya qurumların etdiyini İslama şamil edib onu "Din" kimi göstərmək İslam düşmənlərinin köhnə adətidir. Kimsə həddindən artıq radikal olub əməllərini "din" adı altında icra edirsə və yaxud özündən din uyudurub ağlına gələni "din" kimi qələmə verirsə, onun əməlinin İslam dini ilə yaxından və uzaqdan bir əlaqəsi yoxdur. İslam dini bütünlüyü ilə qiyamətə qədər qoyduğu hökümləri dəyişməyən -Tövhid, Hüquq və Əxlaq prinsiplərini özündə ehtiva edərək insanların malını, canını və namusunu qorumağı tərəfdarlarına bir vəzifə olaraq təyin edir. Hər bir müsəlman dinin buyurduğu əhkam və ərkanları ixlas və səmimiyyətlə yerinə yetirdiyi müddətdə ibadət anlamını daşıyır. Əks təqdirdə onun etdikləri ibadət formatından çıxıb başqa məqsədlərə xidmət edəcəkdir. Bu cür yüksək hümanist dəyərlərə malik olan bir dini müxtəlif istiqamətə sürükləmək və yaxud kiminsə dəyişə biləcəyi bir idealogiya sanmaq heç şübhəsiz ki, bu din haqqında ən dayaz biliyə sahib olanların düşüncəsidir".

İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov hesab edir ki, İslam dini barədə yalnış bilgilərin formalaşdırılması, ölkəmizdə hərc-mərclik yaratmağa meyilli bəzi qüvvələr tərəfindən İslamın olduğu kimi cəmiyyətə çatdırılmaması gənclərimizin kor-koranə şəkildə radikal dini qruplaşmalara qoşulmasına yol açır. İlahiyyatçı hesab edir ki, rayonlarda, kəndlərdə gənclərin radikal dini cərəyanlara qoşulmaması üçün ciddi şəkildə dini tədbirləri çoxaltmaq, din alimlərinin o yerlərə ezam olunması, orta məktəblərdə dini, milli mənəvi məsələlərə geniş yer verilməsi lazımdır: "Bəzi insanlar dini tədbirləri, din sahəsini görməzlikdən gəlirlər. Ancaq elə deyil. Məsələ düşündüyümüzdən də ciddidir. Bəzən rayonlarda və kəndlərdə dini cəhətdən savadsızlığın və gənclərin din barəsində yanlış istiqamət seçmələrinin şahidi oluruq. Bunu elə sosial şəbəkələrdən anlamaq olur. Bu məsələdə məsuliyyət tək dövlət qurumlarına düşmür. Bütün insanlar, bütün ailə başçıları bu məsələdə məsuliyyət daşıyırlar. Hər kəs dini maarifləndirmədə maraqlı olmalıdır".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR