İslamın hər hansı bir modeli varmı?

İslamın Azərbaycan modeli deyildikdə nə başa düşülür?

Ərəb İslamı, türk İslamı, fars İslamı və sair kimi ifadələri tez-tez eşidirik. Son illər mətbuatda, gündəlik həyatda İslamın Azərbaycan modeli ifadəsinin də işləndiyinin şahidi oluruq. Həqiqətən də İslamın ərəb, türk, fars modelləri vardırmı və İslamın Azərbaycan modeli deyildikdə nə nəzərdə tutulur? Ümumiyyətlə İslamın hər hansı bir modeli deyildikdə onun bu dini qəbul edən cəmiyyət tərəfindən şəkilləndirilməsimi, yoxsa mövcud olduğu cəmiyyətin mədəniyyətinin həmin dinə təsirimi, və yaxud da İslamın yayıldığı ölkələrdəki dövlət quruluşu və həmin quruluşun dini tənzimləməsimi başa düşülür və ya başa düşülməlidir?
İlahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov bildirib ki, İslam dininin gətirdiyi prinsiplər hər kəs üçün əsas etibarilə eynidir. İstər Qurani-kərim, istərsə də Hz. Peyğəmbərin hədisləri olsun, İslamı qəbul etmiş bütün xalqlar İslam deyildikdə ilk növbədə bu mənbələri başa düşürlər. Hər iki mənbə bütün müsəlmanlara görə dəyişməzdir və demək olar ki, bütün müsəlman cəmiyyətlərində bu mənbələrə yanaşma tərzi eynidir. Bu baxımdan İslamın hər hansı modelindən danışmaq mümkün deyildir. Lakin din bir müddət sonra qədəm qoyduğu hər hansı bir cəmiyyətin mədəniyyəti, adət-ənənəsi və dünyagörüşü ilə qaynayıb qarışır. Bu bütün dinlərin təbiətində vardır. İslam dini də ilk dəfə ortaya çıxdığı ərəb cəmiyyətinin dünyagörüşündən təsirlənmiş, daha sonra onu qəbul edən müxtəlif xalqlar da bu dinə öz dünyagörüşlərindən bəzi şeylər qatmışlar. Farslar, türklər və digər xalqlar İslamı qəbul etdikdən sonra bu xalqların yaşdığı ölkələrdə İslam dini həmin ölkələrin cəmiyyətlərindən, dövlət quruluşlarından, mədəniyyətlərindən təsirlənərək əsasən ikinci dərəcəli məsələlərdə (yəni dinin əsaslarından olmayan məsələlərdə) müəyyən dəyişiklişlərə uğramış və nəticədə zənginləşmişdir. Bu yönü etibari ilə bəlkə İslamın hər hansı modelindən bəhs etmək mümkündür. Və ya İslamın filan modeli deyildikdə bu ikinci dərəcəli məsələlərdəki fərqliliklər nəzərdə tutulur. Lakin bu ikinci dərəcəli məsələlər, əsas məsələlərə baxışa önəmli dərəcədə təsir göstərir.
Bəs, İslamın Azərbaycan modeli deyildikdə nə başa düşülür? Uzun müddət Sovet istilası altında qalan və bu dövrdə dinin ciddi şəkildə yara aldığı Azərbaycanda İslamın Azərbaycan modeli mövcuddurmu və ya mövcud deyilsə onu formalaşdırmaq mümkündürmü? M.İsmayılov qeyd edib ki, əvvəlcə İslamın Azərbaycan modeli ifadəsini açıqlamağa ehtiyac var: "Bir dəfə din xadimlərindən biri danışmışdı ki, yas mərasimində İslam dini barədə söhbət apararkən arada bir 9-10-cu əsr ərəb din alimlərindən və ya şeyxlərindən sitatlar gətirirdim. Məclisdə əyləşən və din ilə bir o qədər də əlaqəsi olmayan bir nəfər ona irad olaraq bildirir ki, danışarkən sitatları bizim anlaya biləcəyimiz Fizuli, Nizami, Nəsimi və s. kimi Azərbaycan alimlərindən gətir. Yəni, dini mənim dünyagörüşümdən yola çıxaraq izah et. Yəqin ki, İslamın filan modeli deyildikdə başa düşülən məhz bu cür məsələlərdir. Din xadiminin barəsində danışdığı hadisədən yola çıxsaq görərik ki, İslamın əslində hər hansı bir modelindən daha çox xalqların İslama baxış və ya anlayış tərzi üzərində durmaq və İslamın filan modeli ifadəsinin əvəzinə müxtəlif müsəlman xalqlarının dünyagörüşləri nəticəsində formalaşan İslama baxış tərzləri ifadəsini işlətmək daha düzgün olar".
Onun sözlərinə görə, Azərbaycan cəmiyyətinin 70 illik kommunizm rejimi altında yaşaması onun dini ənənələrinə ciddi ziyan vurmuş və nəticədə cəmiyyətlə dini ənənələr arasında böyük uçurum yaranmışdır: "Müstəqilliyin ilk vaxtlarında müstəqilliyini qloballaşan dünyada əldə edən Azərbaycan cəmiyyətinin özünəməxsus İslam modeli və ya İslama baxş tərzi yaratması qeyri-mümkün idi. Çünki tarix boyu yaranan dini ənənənin yalnız izləri qalmışdı və izlər üzərində nəyisə dərhal inşa etmək imkansız idi. Lakin müəyyən dövr keçdikdən sonra bu gün yerli baza az da olsa formalaşmışdır. Hər nə qədər xarici təsirlər olsa da, zaman keçdikcə xalqımızın özünəməxsus İslama baxış tərzini inkişaf etdirəcəyi qaçılmazdır. Xülasə İslamın ərəb, fars, türk modelləri və ya İslamın Azərbaycan modeli ifadələri əvəzinə bu xalqların İslama baxış tərzi ifadəsini işlətmək daha uğurlu və daha uyğun olacağı qənaətindəyəm. Bu baxış tərzini formalaşdıran əsas hərəkətverici qüvvələr isə bütövlükdə dünyagörüşü də adlandıra biləcəyimiz cəmiyyət, mədəniyyət və dövlət quruluşudur".

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR