Qeyri-ənənəvi dini cərəyanlar və onların İslam üçün təhlükəsi

Günümüzün ən ciddi problemlərindən biri də qeyri-ənənəvi dini cərəyanların yayılmasıdır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son illər İslam dinində də bu kimi qeyri-ənənəvi dini cərəyanların sayı artıb və hənin cərəyanlar ayrı-ayrı ölkələrə transfer edilir. Bu baxımdan Azərbaycanda da müəyyən xarici dairələr tərəfindən qeyri-ənənəvi dini cərəyanların yayılması kimi mənfi tendensiya ilə qarşılaşmaqdayıq. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, "Qeyri-ənənəvi islam təlimləri" dedikdə, cəmiyyətimizdə yayılaraq kök salmış və artıq dindar əhalinin inancına çevrilmiş, milli dəyərlərə və respublikada ictimai-siyasi quruluşa zidd, milli düşüncə tərzimizə yabançı olan, radikal və ekstremist addımlar atmağa çağıran təlimlər nəzərdə tutulur. Onun sözlərinə görə, bu təlimlər yerli mədəni adət-ənənələrə, düşüncə tərzinə, hətta bəzi dini ayinlərin yerinə yetirilməsi qaydalarına da ziddir: "Onları yerli dindar əhali qəbul etmir. Ancaq müasir dövrdə respublikada keçid dövrü ilə əlaqədar yaranmış bir sıra çətinliklərlə əlaqədar onların yayılması üçün münasib şərait yarana bilər. Qarşılaşdığı sosial-iqtisadi problemləri dünyəvi vasitələrlə həll edə bilməyən yerli dindarlar onların təklif etdiyi dini vasitələri qəbul etməyə meyl göstərə bilərlər. Ona görə də qeyri-ənənəvi islam məzhəblərinin yayılmasının qarşısını yalnız inzibati tədbirlərlə (onları dövlət qeydiyyatına almamaq, onlara qarşı çeşidli sanksiyalar tətbiq etmək) almaq bir sıra çətinliklərlə bağlıdır. Ölkədə sosial-iqtisadi problemlər qaldıqca bu məzhəblərin yayılmasına rəvac verən amillər də qalacaqdır". Əkrəm Həsənov bildirib ki, bu gün İslam dünyasını narahat edən qeyri ənənəvi qruplaşmalardan biri də İŞİD-dir: "İraq müharibəsinin başlamasından qısa bir müddət sonra "Camaat əl-Tövhid vəl-Cihad" adı ilə qurulan qruplaşma 2004-cü ilin oktyabrında Əl-Qaidəyə bağlılığını elan edərək "Tanzim Kaidat əl-Cihad fi Biləd el-Rafideyn" (daha çox"İraq Əl-Qaidəsi" adı ilə tanınır) adını götürdü. 2006-cı ilin yanvar ayında "Ceyş ət-Taifa Əl-Mənsur", "Ceyş Əhli-Sünnə vəl-Camaa", "Ceyş əl-fatihin", "Cund əs-Səhabə" kimi kiçik qruplarla birləşən qruplaşma "Mücahidun Şura Konseyi" adını aldı. 2006-cı ildə ABŞ kəşfiyyatının hazırladığı hesabatda təşkilatın üzvlərinin sayının 1000-dən yuxarı olduğu bildirilirdi. İraq müharibəsinin qızğın dövründə Anbar, Ninəvə, Diyalə, Babil, Kərkük və Səlahəddin bölgələrində aktivlik göstərən qruplaşma üzvləri 2006-cı ilin 15 oktyabr tarixində paytaxtı Baquba şəhəri olan "İraq İslam Dövləti" adlı dövləti elan etdilər. Bu tarixdən etibarən "Mücahidun Şura Konseyi" adı altında toplaşan qruplaşmaların keçirdiyi əməliyyatlar "İraq İslam Dövləti" adıyla keçirilməyə başladı. 2011-ci ildən etibarən ABŞ ordusunun İraqdan çıxmasından sonra təşkilat üzvlərinin sayının 2 dəfədən çox artdığı haqqında məlumatlar var idi. 2013-cü ilin aprel ayında İŞİD əmiri Əbu Bəkr əl-Bağdadi yayımladığı səs yazısında Əl-Nusra Cəbhəsinin İŞİD tərəfindən yaradıldığı, maliyyələşdirildiyi və dəstəkləndiyi açıqlamasını verdi. Və bu tarixdən etibarən hər iki qruplaşmanın "İraq və Şam İslam Dövləti" adı altında fəaliyyət göstərəcəyini bildirdi. Çeçenistanın başçısı Ramzan Kadırov İŞİD terror təşkilatını İslama qarşı gizli müharibə elan eləmiş ABŞ-ın və digər Qərb dövlətlərinin törəməsi adlandırıb". İlahiyyatçı onu da əlavə edib ki,keçən əsrin 70-ci illərinin əvvəllərində Misirdə meydana gəlmiş dini-siyasi təşkilatlardan biri də "təkfir" (küfrdə günahlandırma) ideyasını dəstəkləyən və öz qarşısında siyasi məqsədlər qoymaqla fərqlənən "Əl-Cihad əl-müqəddəsdir": "Bu təşkilat daha mütəşəkkil və güc metodlarına üstünlük verən ekstremist təşkilatlardan biridir. Rəsmi hakimiyyət orqanları tərəfindən təqiblərə məruz qalmasına baxmayaraq o özünün əsas özəyini qoruyub saxlaya bilmiş və 1970- 1971-ci illərdə əhəmiyyətli dərəcədə möhkəmlənərək ayrı-ayrı xırda islam ekstremist qruplarını özünə tabe edə bilmişdir. Məxfiliyini qorumaq məqsədilə 1981-ci ildə adını dəyişdirərək "Əl-Cihad əl-islami" adlanmağa başlayan bu təşkilatın başında "məclis əl-Üləma" (Üləmalar məclisi) və "Məclis Əş-şura" (Məşvəqət şurası) dururdu. Bu təşkilatın üzvləri ölkənin bir sıra məscidlərində fəaliyyət göstərir və dindarlar arasında "cihad" ideyasını yaymağa çalışırdılar. Məhz onların təbliğatı nəticəsində ölkənin müsəlman və qibti əhalisi arasında ədavət halları yaradılmışdı. 1980-1981-ci illərdə Asyut və Əl-Mina şəhərlərində müsəlmanlarla qibtilər arasında qanlı toqquşmaların baş verməsində "Əl-Cihad əl- islaminin" yerli təşkilatları həlledici rol oynamışdı. Bu təşkilatın görkəmli nümayəndələrindən birinin qeyd etdiyi kimi "son illərdə dinc islam çagırışı inkişaf edərək qibtilərə qarşı cihada çevrilmiş, onların missionerlik fəaliyyəti ümumiyyətlə islam üçün təhlükə təşkil etməyə başlamışdı".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR