Məhərrəm ayı başladı

İki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacağıq

Bu gündən Məhərrəm ayı başlayıb.  Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasında bildirilir ki, yeni Hicri 1439-cu ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2017-ci il sentyabr ayının 22-nə təsadüf edir. Aşura günü isə oktyabrın 1-nə düşür. Qeyd olunub ki, Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. Fətvada o da bildirilir ki, son illər təziyə günlərində QMİ-nin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu humanist ənənə davam etdiriləcək. QMİ Əhli Beytin hər iki məzhəb üçün əziz olduğunu nəzərə alaraq Azərbaycanda yaşayan hər iki məzhəb ardıcıllarına İslami həmrəylik nümayiş etdirərək İmam Hüseyn (ə) mərasimlərində dini dəyərlərə uyğun olaraq birgə iştirak etmələrini tövsiyə edir.

Millət vəkili Fazil Mustafa deyir ki, İslam dinində bu ayla bağlı, onun günləri ilə bağlı fərqli dəyərləndirmələr var və insanların hüquq və azadlıqlarına zidd gəlməyən formada müəyyən dini yaxud da qeyri- dini ritualların yerinə yetirilməsi hər kəsin özünə aid məsələdir. Aşura günü də qanvermə aksiyasını dəstəkləyirəm, ictimai təşəbbüs kimi faydalı hesab edilməlidir: "Təbii ki, digər xurafat, cəhalət elementlərini də bəyənmədiyimi ifadə edirəm. Bununla belə, bu ayın Azərbaycan cəmiyyətində bir müsbət cəhətini də etiraf etmək vacibdir. Bu ay həm də bizim vəhşi, yaramaz, mədəniyyətdən uzaq toy mərasimlərimizə fasilə verildiyi və sağlam düşüncəli insanların çoxunun səbrsizliklə gözlədiyi bir aydır. El adəti, yaxud din anlayışı üzrə Azərbaycan cəmiyyətinin müəyyən bir hissəsi bu ayda toy etməyi günah sayır, ancaq istər inancdan olsun, istər mövhumatdan olsun, bu anlayışın xalqımıza çox xeyri olduğunu düşünürəm. Hardasa iki ay səs terrorundan, manıs hoqqabazlığından qurtulacaqsınız, bəylə-gəlinə maddi dəstək vermək əvəzinə toy dəllallarının cibini doldurmaqdan xilas olacasınız, günlərlə bu toydan o toya ötürülən salatlardan, kolbasalardan, mənşəyi bəlli olmayan ətlərdən hazırlanan kabablardan mədəniz korlanmayacaq, zirzəmidən doldurulan saxta araqlardan, sulardan içib rahatsızlaşmayacaqsınız, ailəvi istirahət üçün getdiyin toyda keflənmək yarışına girmiş, qadın bilmədən, uşaq bilmədən siqaret tüstülədən kişilərin mədəniyyətsizliyinin müşahidəsindən uzaq duracaqsınız, öz zövqü üçün deyil, başqalarına görünmək üçün dinqiş-dinqiş oynayan insanlara baxmaqdan gözünüz yorulmayacaq və s. Mən anlayıram ki, insanlar övladları üçün, yaxınları üçün sevinməlidirlər, ancaq buna sevinmək üçün toy etmək deməzlər, özünə bilə-bilə toy tutmaq deyərlər. Bu adət mütləq sadələşdirilməlidir, asanlaşdırılmalıdır, insanların soyulmasına, borca düşməsinə, əziyyət çəkməsinə rəvac verilməməlidir. Ailə həyatı quran gənclərə dəstək xarakteri daşımalıdır. Bizim ağıllanmamız tarix boyu nəsihətdən keçməmiş, mütləq və mütləq müsibətdən keçmiş. Məhərrəmliyin də yaratdığı bu fasilədən nəsihət kimi yararlanmamızın nə zərəri ola bilər ki? Yası, toyu şöhrətpərəstlik, israfçılıq olan bir cəmiyyətin elmi də, təhsili də, düşüncə tərzi də, peşə məsuliyyəti də fərqli olmaz ki? Sevinməyimizin də, kədərlənməyimizin də ölçüsünü, səmimiliyini itirmişik. Dünyanın o başına, bu başına baxmayın, Azərbaycan ilk olaraq buradan düzəlməlidir".

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR