Prezident Kitabxanasında “Azərbaycan və İslam dünyası” layihəsinin təqdimatı olub

Prezident Kitabxanasında "Azərbaycan və İslam dünyası" layihəsinin kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə təqdimatı olub. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, "Azərbaycan və İslam dünyası" adlı elektron resursu Prezident Kitabxanasının əməkdaşları hazırlayıblar. Hələlik Azərbaycan dilində hazırlanan və http://islamworld.preslib.az/domenində yerləşdirilən resursun strukturu haqqında məlumat verən M. Əhmədov bildirib ki, resurs 12 əsas bölmədən ibarətdir.

Resursda Azərbaycan haqqında qısa məlumat verilib. "İslam" bölməsində onun mahiyyəti, "Qurani-Kərim" haqqında müfəssəl şərhlər toplanıb. "Qurani-Kərim" yarımbölməsində Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcüməsində "Qurani-Kərim"in kitabxananın əməkdaşları tərəfindən PDF formatında hazırlanan mətni yerləşdirilib. İslam Əməkdaşlıq Təşkilatından (İƏT) bəhs edən bölmədə qurumun tarixçəsi haqqında qısa arayış verilib, üzv dövlətlərin hər biri haqqında ayrıca informasiya təqdim edilib, qurumun zirvə görüşləri, Azərbaycan-İƏT əlaqələrinə və İƏT-in Ermənistanın hərbi təcavüzünə qarşı qəbul etdiyi sənədlər haqqında ayrıca materiallar yerləşdirilib. 

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ISESCO haqqındakı bölmədə təşkilatın strukturu, onun fəaliyyət istiqamətləri, xoşməramlı səfirləri və Azərbaycan-ISESCO münasibətlərinə dair materiallar toplanılıb. Elektron resursda Azərbaycanın üzv olduğu - İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası barədə də bölmələr yaradılıb. "İslamiada" bölməsində İslam Həmrəyliyi Oyunlarının qısa tarixçəsi və Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları barədə geniş məlumat yerləşdirilib.

"Sənədlər" bölməsində yuxarıda adları sadalanan qurumlarla bağlı qəbul edilmiş qərarlar, fərman və sərəncamların mətnləri, ümummilli lider Heydər Əliyev, prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın mövzu ilə bağlı nitqlərinin, çıxışlarının, müsahibələrinin mətnləri toplanılıb", - deyə M. Əhmədov vurğulayıb.  "E-Resurslar" bölməsində Azərbaycan və rus dillərində islama aid kitabların elektron versiyaları, Azərbaycan, ingilis və rus dillərində məqalələrin elektron mətnlərin mətnləri yerləşdirilib. Resursda "Biblioqrafiya" və "Fotoqalereya" bölmələri də var. Mütəmadi yenilənən "Azərbaycan və İslam dünyası" elektron resursunun ingilis dilində versiyasının hazırlanması da nəzərdə tutulub. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR