Haqqı batildən ayıran Ramazan həm də bərəkət ayıdır

Bu ay insanın mənəvi cəhətdən saflaşması üçün ən gözəl fürsətdir

Ayların sultanı, ən xeyirlisi kimi izah olunan Ramazan müxtəlif vaxtlarda yaşadığmız 12 ayın hər birində bizə qonaq gəlir. Yaşadığımız ömür payının ən qiymətli 30 günü içərisinə daxil oluruq. Bu zaman kəsiyi insanların mənəvi və fizoloji təmizlik yolçuluğuna çıxdığı məqamdır. Ramazanın məqsədi  sadəcə yeməkdən imtina ilə çərçivəli deyil. Bu sürətli ömür payında az da olsa durmaq, düşünmək, həyatımızı, yaşadıqlarımızı bir daha gözdən keçirmək fürsəti verir. Ramazan insanın mənəvi cəhətdən təmizlənməsi üçün ən gözəl fürsətdir. Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır.  Bu aya Ramazan adının verilməsinin də izahları var. Ramazan sözü yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasını verən "ramda" sözündən alınıb.  Yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da insanları  təmizləyər. Ramazan söznün daha bir izahında isə Günəşin şiddətli hərarətindən daşların yanıb qızması mənasında olan "ramad" sözü önə çəkilir. Belə ki, qızğın yerdə gedənin ayaqları yanar, zəhmət və məşəqqət çəkər. Bunun kimi oruc tutan kimsə də aclıq və susuzluğun hərarətinə dözər, məşəqqət çəkər, içi yanar. İsti torpaq orada gedənlərin ayaqlarını yandırdığı kimi, Ramazan da möminlərin günahlarını yandırar, yox edər.  Ramazan ayına "on bir ayın sultanı" deyilib. Quran-ı Kərimdə adı açıq olaraq keçən tək ay Ramazan ayıdır. Quran-ı Kərim bu ay içərisində endirilib.  Əl-Bəqərə surəsində "Ramazan ayı elə bir aydır ki, insanlara doğru yolu göstərər, hidayəti və haqqı batildən ayırmağı açıqlayar" deyilir. "Quran", bu ayda endirildi.  Quran-ı Kərimdə, "min aydan daha xeyirli" olduğu ifadə olunan Qədr gecəsi bu ay içərisindədir. Dinimizin beş təməlindən biri olan oruc ibadəti bu ayda üzərimizə fərz qılınıb. Quran-ı Kərimdə "Sizdən kim bu aya çatdırsa oruc tutsun"  buyurular. Fitrə sədəqəsi vermək, Təravih namazı da bu aya məxsus ibadətlərimizdəndir. Ramazan ayının son on günündə daha çox ibadət olunur. Peyğəmbər (s.ə.s) Ramazanın son on günündə daha çox ibadət və taətdə olardı. Hz. Aişə anamızdan belə rəvayət edilib: "Rəsulullah (s.ə.s) Ramazan ayının son on günü girincə əlini ətəyini toplar, gecəni canlandırar və ev xalqını oyandırardı".  Ramazan ayında Quran-ı Kərimi oxumaq, xeyr əməllər etmək ön sıraya keçir. Ramazan ayı dinimizcə ən fəzilətli və müqəddəs bir aydır.  Ramazan ayı girincə göylərin qapısı  açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar zəncirə vurular. 

Bütün bunlar Ramazan haqqında zaman-zaman bizlərə ötürülən məlumatlardır. Bəzən ərəb dilindən o qədər də fərqlənməyən izahla  ramazan ayı bir qədər qarışıq şəkildə izah olunur insanlarımıza. Və ya bəzən bu mübarək ayın fəziləti sadəcə ac qalmaq məsələsi ilə qabardılır. Ramazan bizə nəyi aşılayır? Gün ərzində yeməklərdən imtina etmək insanın sağlamlığına yönəlik bir addımdır. Ramazanın əsrlər əvvəl, bizə vacib buyrulduğu zamanla indiki vaxtı müqayisə etsək, indi insanların gün ərzində yeməklərdən imtina etməyə daha çox ehtiyacı var. Nəzərə alsaq ki, cəmi 100 il bundan əvvəllə müqayisədə insanların il ərzində istifadə etdiyi şəkərin miqdarında 100 kq-a yaxın artım olub, başqa sözə ehtiyac qalmır. Eləcə də, fast-fudlar, ayaqüstü zərərli yeməklər. İşlənmiş qida məhsulları. GMO-lar daha nələr-nələr. İnsan sağlamlığına zərərli qidaların tüğyan etdiyi bir dövürdə yeməklərdən bir qədər uzaq durmaq orqanizm üçün əvəzsizdir. Qidanın azaldılması dolayısıyla beynimizn daha yaxşı çalışmasına, dünya zövqlərinə eytiyacın azalmasına gətirib çıxarır. Orqanizmini yüngülləşdirən insan özünün daha çox mənəvi tərəflərini, yaradılışını, Yaradanını, onun istəklərini düşünməyə başlayar. Kamillik yolunda məsafə qət edər ki, bu da Yaradanın bizdən istədiyi ən vacib əməllərdəndir. Daha bir vacib amil. Aclıq əziyyətin çəkən insan bu yolla ətrafındakıların halını daha yaxşı anlamağa başlayar. İndi dünyada milyonlarla insan aclıqdan əziyyət çəkir. Digər bir tərəfdə isə zənginlər daha nə cür dəbdəbə edəcəklərini düşünürlər. Ramazan bir növ ədalətli  vicdan sorqulamasıdır. Biz bizə məxsus olanları qanunlarla, vergi ilə yox, öz vicdanmızın səsi ilə paylaşmağa çağrılırıq. Müsəlman dünyası çətin bir dövürdə yaşayır. Avropa, qərb insanı müsəlman sözünü qorxu ilə qarşılayır. Bütün bunlar isə cahilliyin müsəlman dünyasının başına açdığı oyunlardır. Dinimiz bizə oxu deyə, əmr etdi. Bu gün müsəlman dünyasının ən böyük problemlərindən biri də oxumamaq, maariflənməməklə bağlıdır. Öyrənməmək, hətta dini bilgiləri belə, öz xeyrinə dəyişən insanların ağzından dinləməkdir. Mədəmizə rahatlıq verməmizin əksinə, mənəvi dünyamızı zənginləşdirmək üçün əmək sərf etməklə Ramazanı daha da gözəl, faydalı bir şəkildə yaşamış olarıq. İbadət və dua bu mübarək ayın ən vazkeçilməzidir. Dünyaya, xalqımıza, ailəmizə əmin-amanlıq və hüzur verməsi üçün əllərimiz göylərə, qəlbimizin içindən süzülən dualar Tanrıya yüksələcək. Ramazan bizi Yaradanımıza daha da yaxınlaşdıracaq.

Zəka

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR