Azərbaycana gələn yad baxışlar

Aprelin 24-də Milli Məclisin (MM)   İctimai birliklər və dini qurumlar komitəsinin iclası keçirilib. İclasda "Dini etiqad azadlığı haqqında" qanuna dəyişikliklər məsələsi müzakirə olunub.

Qanuna nəzərdə tutulan dəyişiklik barəsində  məlumat verən MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, adıçəkilən sənədin 1-ci maddəsində mövcud olan qaydaya əsasən əcnəbilər  və vətəndaşlığı olmayan  şəxslər tərəfuindən dini təbliğatın aparılması qadağan olunurdusa,  yeni təklif olunan variantda  dini  mərkəzlər tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə  dini təbliğatın aparılması  qadağan edilir. Digər dəyişiklik isə qanunun 21-ci maddəsinə nəzərdə tutulur. Belə ki, mövcud varianta görə, xaricdə təhsil almış Azərbaycan vətəndaşlarına  İslam dininə aid ayin və mərasimlərin aparılması qadağan olunur. Ancaq təklif olunan dəyişikliyə əsasən xaricdə dini  təhsil almış Azərbaycan vətəndaşlarına Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla, İslam dininə aid ayin və mərasimlər aparmağa icazə verilə bilər. Həmçinin, qanunun 24-cü maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən  "Vətəndaşların təhsil alması  üçün xarici ölkələrin dini tədris müəssisələrinə  göndərilməsi, dini tədris müəssisələri tələblərinin və müəllimlərin, habelə din xadimlərinin və mütəxəssislərin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla, dini mərkəz tərəfindən həyata keçirilir.Komitə sədri əlavə edib ki, bu günədək xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları 3000-dən çoxdur. S.Novruzov bildirib ki, bu gün Azərbaycanda 2500-ə yaxın məscid var. Bu məscidlərin 1500-i tam şəkildə fəaliyyət göstərir. Bu məscidlərdə gündəlik, həftəlik ayinlər icra olunur, dini tədbirlər həyata keçirilir. Komitə sədri qeyd edib ki, hələ bir müddət əvvəl "Dini etiqad azadlığı haqqında" qanuna xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının belə dini ayinləri aparmasına qadağa qoyan maddə əlavə edilmişdi: "Xaricdə dini təhsil alan şəxslər var ki, onlar orada 3, 5, 8 il oxuyublar. Azərbaycana qayıtdıqda isə onlar öz baxışlarını da buraya gətirir və onu təbliğ etməyə çalışırlar. Bu da Azərbaycan Konstitusiyasına zidd olan məsələlər ortaya çıxarır. Amma vətənini, dövlətini sevən, tək dini deyil, dünyəvi təhsil alan şəxslər də var. Biz bununla onların da fəaliyyətini məhdudlaşdırmış olmuşduq. Bunun da nəticəsində onlar ya Azərbaycandan getmiş olurdular, ya da başqa qruplarda fəaliyyətlərini davam etdirirdilər. Biz çalışmalıyıq ki, belə vətəndaşların bacarıqlarından, savadlarından istifadə edilsin". S.Novruzov əlavə edib ki, bu gün 200-ə yaxın xaricdə təhsil almış Azərbaycan vətəndaşı bu cür ayin və tədbirləri həyata keçirir: "Biz qanuna dəyişiklikləri qəbul etdikdən sonra o insanların da fəaliyyətini də məhdudlaşdırılmış olurduq. Biz çalışmalıyıq ki, dini təbliğat xürafat şəklində deyil, savadlı həyata keçirilsin və buna görə də bu cür insanlara şərait yaratmılıyıq". Komitə sədri deyib ki, çünki məlum qadağa nəticəsində onlar ölkədə fəaliyyət göstərə bilmir: "Bununla da onlarım müəyyən mənada  hüquqları pozulur və onların fəaliyyətində məhdudiyyət yaranırdı. Nəticədə həmin şəxs ya ölkədən getmək  və yaxud da, digər dini qruplara qoşulmaq zorunda  qalır. Bütün bunları nəzərə alaraq, həm xaricdə təhsil salan savadlı din mütəxəssislərinin hüquqlarını bərpa , həm də  ölkədə savadlı din xadimləri tərəfindən dinin təbliğini təmin etmək məqsədi ilə həmin şəxslərin fəaliyyətinə icazə verilməsi nəzərdə tutulur. Bu dəyişikliklər edildikdən və qüvvəyə mindikdən sonra bu şəxslər yaranmış imkanlardan yararlanacaqlar". Millət vəkili Fazil Mustafa qeyd edib ki, Azərbaycanda kifayət qədər ixtisaslaşmış dini kadrların hazırlanması imkanı və potensialı o qədər də geniş olmadığından, xaricdə təhsil alanların fəaliyyətinə imkan verilməlidir. Onun sözlərinə görə, başqa ölkələrdə yüksək səviyyəli universitetlərin, təhsil müəssisələrinin olması Azərbaycanın da bu potensialdan istifadə etməsinə imkan verir: "Bu iş təbii ki, müvafiq icra orqanının razılığı ilə olmalıdır. Müsbət haldır ki, xaricdə dini təhsil alan Azərbaycan vətəndaşlarının dini ayinlər icra etməsi ilə bağlı olan bəzi qadağaların elə də böyük məna daşımadığı ortaya çıxdı və bu məhdudlaşma indi müəyyən qədər ortadan qaldırılır. "Dini etiqad azadlığı haqqında" qanunda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılmasının qadağan edilməsi məsələsinə yəqin ki, gələcəkdə yenidən qayıdacağıq. Dini təbliğat zərərli, kriminal iş deyil. İstənilən şəxs "Quran"a, "İncil"ə və digər dini ktaba istinad edərək, dini təbliğat apara bilər". O, əlavə edib ki, buna görə, həmin şəxsləri məsuliyyətə cəlb etmək olmaz: "Bu variant bu cür verilə bilər: müvafiq icra orqanının dini mərkəz tərəfindən dəvət edilən  əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən razılaşdırılmamış formada kütləvi yerlərdə dini təbliğat aparılması qadağan edilir.  İki nəfər arasında dini mübadiləyə görə, məsuliyyətə cəlbetmə insan hüquqlarına zidd addım olar". MM-in İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə bildirib ki, Aşura günündə insanlar məscidlərə gələrək, öz bildikləri formada dini ayinləri icra edirdilər: "Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin son illər ərzində apardığı tədbirlər sayəsində bu halların böyük əksəriyyətinin qarşısı alınıb. Bununla yanaşı, dini atributların istənilən yerdən asılmasına qadağan qoyulmasının nəticəsi olaraq, bu məsələnin böyük hissəsi həll edilir".S. Novruzov onu da əlavə edib ki, irəli sürülən təkliflərin müəyyən qisminə gələcəkdə baxmaq olar.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR