"Dövlətimiz dini məsələlərdə vətəndaşın yanındadır"

"Təkcə Bakı şəhərində 134-dən artıq məscid var. Bu onun sübutudur ki,  Azərbaycanda kiminsə ilahi qüvvəyə sitayişinə qətiyyən məhdudiyyətlər yoxdur. Əksinə dövlət bu proseslərdə vətəndaşın yanındadır. Din dövlətdən ayrı olsa da, dövlət dinsiz deyil, əksinə bu illər ərzində dindar insanların ən yaxşı tərəfdaşı müttəfiqi, himayədarı kimi çıxış edir". Bunu  Milli Məclisin deputatı Zahid Oruc deyib.

Onun sözlərinə görə, ötən gün Azərbaycanda məscidin sökülməsi ilə bağlı gərginlik ocağını yaratmaq istəyənlər, görünür burada həmin məscidi hakimiyyətə müqavimətin bir ünvanına çevirməyə çalışırdılar:"Bu prosesi etiqad məsələsindən kənara çıxarıb siyasiləşdirmək istəyini görməmək mümkün deyil.  Hər kəs qəbul etməlidir ki, burada söhbət həmin ərazilərin kifayət qədər ağır vəziyyətdə olmasına rəğmən yeni infrastrukturun qurulmasından gedir. Həmin məscidləri dini dəyər, tarixi  abidə kimi qələmə verib Azərbaycan hakimiyyətini suçlandırmağa qətiyyən ehtiyac yoxdur.  

"Azərbaycanda din azadlığı tam təmin olunur"

Deputat qeyd edib ki, sözügedən məscidlərin heç biri Allah evi adına layiq görüləcək məscidlər deyil: "Hacı Cavad məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir. Ona görə də həddindən artıq emosional addımlar insanların mənəvi aləminə təsir göstərməyə çalışmaq, ayrı-ayrı şəxslərin dilindən danışaraq onları da öz mübarizələrinə qoşma çox yanlışdır.  Burada hakimiyyət qətiyyən elə bir mövqe tutmur ki, insanlar ondan narazı olsunlar. Orada gedən proseslər minlərlə insanın öz keçmiş və həddindən artıq nikbin vəziyyətdə olan kiçik daxmalarının, birgə yaşama şəraitinin yenisi ilə əvəzlənməsinə səbəb olur. Məscidi hakimiyyət əleyhinə mübarizə evinə, ocağına döndərmək olmaz. Məscid siyasi partiya qərargahı deyil". Sia.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR