Rəsulullahın(s) möcüzələri haqqında

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Əvvəli 23 dekabr tarixli sayımızda 

Heyvanların Peyğəmbərlə(s)danışması və ona səcdə etməsi:

İmam Əhməd və Nəsai, Ənəs bin Malikin bunu danışdığını yazırlar: "Bir ənsarın dəvəsi vardı. O, həmin dəvə ilə su daşıyır, əkin-biçini, ağacları sulayırdı. Bir gün dəvə dəlilik edərək sahibinə itaət etməkdən boyun qaçırdı. Sahibi nə edirdisə, xeyri olmurdu-dəvə işləmək istəmirdi. Belə olduqda dəvənin sahibi Peyğəmbərin(s)yanına gəlib: "Ya Rəsulullah, dəvəmiz dəlilik edir, su daşımır, əkin-biçinimiz, xurma ağaclarımız quruyur"-deyə şikayət etdi. Peyğəmbər(s)səhabələri ilə birlikdə həmin adamın bağçasına gəlib dəvənin olduğu tərəfə üz tutdu. Dəvənin sahibi: "Ya Rəsulullah, bu dəvə quduz it kimi olub, sənə xətər yetirəcəyindən qorxuram"-dedi. Allahın Elçisi(s): "O mənə heç bir zərər yetirməz!"-deyərək dəvəyə sarı yönəldi. Dəvə ona yaxınlaşan Peyğəmbərin(s) qarşısında səcdə edərək  boynunu əydi və ona itaət etdi. Peyğəmbər(s)dəvənin ovsarından yapışıb onu su daşımaq üçün göndərdi. Bunu görən səhabələr: "Ya Rəsulullah, dilsiz-ağızsız heyvanın sənə səcdə etməsi əsl möcüzədir!? Əslində, şüur və düşüncəmiz var deyə biz sənə səcdə etməyə borcluyuq?!"-dedilər. Allahın Elçisi(s): "Əgər əmr etmək haqqı əlimdə olsaydı, o zaman qadının ərinə səcdə etməsini əmr edərdim"-deyə buyurdu.

Dəvənin Peyğəmbərə(s)itaəti və sahibinin şikayəti haqqında mühəddislər bir çox hədis qələmə alıblar.Onlardan biri Yəla bin Mürrənin danışdığı bu hədisdir: "Bir gün bir dəvə Peyğəmbəri(s)görüncə qarşısında diz çöküb boynunu yerə qoydu. Bu zaman dəvədən əcaib bir səs çıxdı. Allahın Elçisi(s): "Bu dəvənin sahibi kimdir?"-deyə soruşdu. Bir nəfər irəli gəlib dəvənin sahibi olduğunu bildirdi.Peyğəmbər(s)ona: "Bu dəvə çox işlədildiyindən və ona az yem verildiyindən şikayət edir.Ona qarşı mərhəmətli ol və ona yaxşı bax!"-deyə məsləhət(göstəriş) verdi.

İmam Beyhəqi də Abdullah bin Cəfərin danışdığı buna oxşar hədisi qələmə alıb: "Bir gün Peyğəmbər(s)bir ənsarın bağçasına gəldi. Həmin bağçada bir dəvə vardı. Dəvə Peyğəmbəri(s)görən kimi sızlamağa başladı. Dəvənin gözlərindən gildir-gildir yaş axırdı. Allahın Elçisi(s): "Bu dəvənin sahibi kimdir?"-deyə soruşdu. Ənsarlardan biri: "Mənəm, ya Rəsulullah"-dedi. Peyğəmbər(s): "Sənə bu dilsiz-ağızsız heyvanı verən Allahdan qorxmursan? Dəvə sənin onu ac saxlamağından və çox işlətməyindən şikayət edir?!"-dedi.

Ənəs bin Malik belə nəql edir: "Bir gün Allahın Elçisi(s) Əbu Bəkr və bir ənsarla birlikdə bir nəfərin həyətinə girdi. Həyətdə bir qoyun vardı. Qoyun, dərhal Peyğəmbərə(s)yaxınlaşıb ona səcdə etdi. Bunu görən Əbu Bəkr: "Ya Rəsulullah, sənə səcdə etmək bu heyvanın yox, bizim borcumuzdur!?"-dedikdə,Peyğəmbər(s): "Bir kimsə(Allahdan başqa) bir kimsəyə səcdə etməyə borclu deyil!"-deyə buyurdu.

 Buna oxşar hədisi Əbu Muhəmməd bin Abdullah bin Əbu Hümeydi özünün "Dələilu-n-nübuvvəti" əsərində, Qazi İyyaz isə "Şifa" əsərində qələmə alıblar. Qazi İyyaz həmin hədisi Cabir bin Abdullahdan belə nəql edir: "Xeybərdəki qalalardan birinin fəthi zamanı  bir çoban qoyun sürüsü ilə birlikdə Peyğəmbərin(s)hüzuruna gəlib ona iman etdikdən sonra: "Ya Rəsulullah, mən bu sürünün çobanıyam.Bu sürü mənə əmanət olunub. Bəs mən indi onlarla nə edim?-deyə soruşdu. Peyğəmbər(s): "Bir ovuc xırda daş götürüb qoyunların üstünə at-Allah-Təala sənə əmanət edilən bu qoyunları öz sahibinin yanına göndərəcək!". Çoban Peyğəmbərin(s)dediyi kimi etdi. Qoyunlar qalaya tərəf üz tutdular, sanki kimsə onları qabağına qatıb aparırdı...Və qoyunlar sahiblərinə yetişdilər.

                                                 Qurdun danışması

Möcüzələrdən biri də qurdun danışması və Peyğəmbərin(s)nübuvvətinə şəhadət etməsidir.İmam Əhməd, Əbu Sədin bunu danışdığını söyləyir: "Bir gün bir qurd sürüdən bir qoyun qapıb apardı.Bunu görən çoban dərhal qurdun dalınca düşüb qoyunu ondan aldı.Bu zaman qurd quyruğu üstə oturub çobana: "Allahın mənə verdiyi ruzini əlimdən almaqla Allahdan qorxmursan?"-dedi.Çoban: "Möcüzəyə bir bax-qurd quyruğu üstə oturub insan kimi danışır?!"-dedikdə qurd: "Sənə bundan da üstün möcüzə haqqında xəbər verimmi?Hal-hazırda Muhəmməd(s) adlı peyğəmbər Mədinədə camaata Allahın keçmiş ümmətlərin başına gətirdiyi bəlalardan bəhs edir".Bunu eşidən çoban sürüsü ilə birlikdə Mədinəyə getdi.O,qoyunları bir yerdə saxlayıb Peyğəmbərin(s)yanına gəldi və şahidi olduğu hadisəni ona danışdı.Allahın Elçisi(s)camaatı namaza çağırmağı buyurdu. Camaat toplaşdıqdan sonra Peyğəmbər(s)üzünü çobana tutub: "Şahid olduğun hadisəni camaata da danış!"-deyə buyurdu.Çoban da hadisəni olduğu kimi danışdı".

Bu hadisə  Əbu Hüreyrənin də danışdığı bəzi mənbələrdə qeyd olunub.

İbn Vəhb isə belə bir hadisə danışıb: "Əbu Süfyan bin Hərb və Səfvan bin Ümeyyə islamı qəbul etməzdən əvvəl Məkkədə bir qurdun bir ceyranın dalınca düşüb onu ovlamaq istədiyini, ceyranın da qaçaraq Kəbəyə girdiyini, qurdun dərhal niyyətindən vaz keçib geri döndüyünü gördülər. Onlar bir-birinə: "Möcüzəyə bir bax?! Qurd ceyranın Allahın müqəddəs evinə girdiyini görüb niyyətindən əl çəkdi!?"-dedikdə qurd onlara: "Bundan daha üstün möcüzə Muhəmmədin(s)hal-hazırda Mədinədə sizi Cənnətə çağırmasıdır, siz isə onu Cəhənnəmə çağırırsınız!"-dedikdə Əbu Süfyan: "Lat və Üzzəyə and olsun, əgər qurd bu sözləri Məkkədə söyləmiş olsaydı,o zaman yurdumuz viran qalar, xalqımız da dinindən üz döndərərdi"-dedi.

Digər bir möcüzə də atın dil açıb danışmasıdır. İbn Əsakir Əbu Mənsurdan bunu nəql edib: "Peyğəmbər(s)Xeybəri aldığı zaman bir qara at tapdı və adını soruşdu. At: "Adım Yəzd bin Şihabdır. Allah-Təala mənim soyumdan altmış at yaradıb. Hər birinə peyğəmbərlərdən başqası   minməyib. Mən sənin qulluğunda hazıram, mənim üzərimə min! Soyumdan yalnız mən tək qalmışam. Sən isə sonuncu peyğəmbərsən. Mən əvvəl bir yəhudinin atı idim. Ona vicdanla qulluq edirdim, o isə məni döyər, ac saxlayardı"-dedi. Allahın Elçisi(s)ona: "Bundan sonra adın Yafur olsun!"-deyə buyurdu. Deyilənlərə görə, Peyğəmbər(s)Yafuru bəzi şəxslərin yanına göndərərək onları yanına çağırmasını tapşırar, o da gedib həmin şəxsin qapısını başıyla döyərdi. O adam çölə çıxdıqda ona peyğəmbərin yanına getməli olduğunu başıyla işarə edərdi. Allahin Elçisi(s)vəfat edəndən sonra Yafur üzülmüş və özünü Əbu-l-Heysəm adlı quyuya atmışdı".

Bəzi hədis alimləri Rəsulullahın(s)kərtənkələ ilə də danışdığını rəvayət etmişlər. Hədislərdən biri budur: "Süleym qəbiləsindən bir bədəvi ərəb bir kərtənkələ tutub cibinə qoydu. Bir dəstə adam gördükdə: "Bunlar kimdir?"-deyə soruşdu. Ona: "Allahın Peyğəmbəri və onun səhabələridirlər"-dedilər. Bədəvi: "Lat və Üzzəyə and olsun, bu cibimdəki heyvan ona iman gətirməsə mən ona inanmayacağam!"-deyib Peyğəmbərin (s)yanına gəldi və heyvanı cibindən çıxardı. Allahın Elçisi(s): "Ya kərtənkələ!"-deyincə kərtənkələ: "Buyur, ey Qiyamət günü insanların bəzəyi və gülü!"-deyə cavab verdi. Peyğəmbər(s) ona: "Sən kimə ibadət edirsən?"-deyə soruşduqda, kərtənkələ: "Mən Göydəki Ərşin sahibi, Yer üzünün sultanı, dənizlərdə yol göstərən, Cənnətlə rəhmət edən, Cəhənnəmlə əzab verən Böyük Allaha ibadət edirəm"-dedi. Peyğəmbər(s): "Bəs,mən kiməm?"-deyə soruşduqda, kərtənkələ: "Sən Allahın Rəsulu və peyğəmbərlərin sonuncususan, sənə iman edən fərəh duyar, arzusuna çatar, səni inkar edən Allahın rəhmətindən məhrum olar"-dedi.

Bu hədisdə şəriətə zidd bir şey yoxdur. Lakin bunu bir çox hədis alimləri qələmə alsalar da onu zəif hədis hesab etmişlər.

Möminlərin anası Ümm Sələmə isə bu hədisi belə nəql etmişdir:"Bir gün Peyğəmbər(s)çöldə gəzərkən ani olaraq üç dəfə:"Ya Rəsulullah!"-deyə bir səs eşitdi.Dönüb ətrafa boylandı.Yaxınlıqda bağlı bir maral, yanında da paltarına bürünüb yatmış bir bədəvi ərəb gördü.Peyğəmbər(s)bağlı marala yaxınlaşdı və:"Diləyin nədir?"-deyə soruşdu. Maral: "Ya Rəsulullah, bu adam məni tutub bağladı. O dağda mənim iki balam var,mənə rəhmin gəlsin,məni burax gedim onları əmizdirib geri dönüm"-dedi.Allahın Elçisi(s):"Sözünün üstündə duracaqsanmı?"-deyə soruşduqda, maral: "Əgər dönməsəm Allah cəzamı versin"-dedi.Peyğəmbər(s)ipi açıb maralı buraxdı. Maral getdi və bir azdan geri döndü.Peyğəmbər(s)yenə onu bağladı. Bu zaman bədəvi yuxudan oyandı və Peyğəmbəri görüb: "Ya Rəsulullah, nə əmr etsən qulluğunda hazıram!"-dedi. Peyğəmbər(s): "Bu maralı burax!"-deyə buyurdu. Bədəvi maralı buraxan kimi maral sevincindən: "Əşhədu ən lə iləhə illəllah va əşhədu ənnəkə rasulullah"-deyərək qaçıb getdi.

Bu hədisi imam Təbərani də olduğu kimi nəql edib. Bir çox mühəddis də bu hədisi qələmə alıblar.

              Peyğəmbərin(s)mübarək barmaqlarından su axması

İmam Təbərani Peyğəmbərin(s)mübarək barmaqlarının arasından su axması, adamların da buna tamaşa etdiklərini yazır. Bu hədisə bir çox mənbələrdə müxtəlif şəkildə rast gəlinir. Bu möcüzə Muhəmməddən(s) başqa heç bir peyğəmbərə verilməyib.

İmam Müzəninin dediyinə görə, Rəsulullahın(s) bu möcüzəsi Musanın(ə)dəyənəklə daşa vurub su çıxarması möcüzəsindən daha üstündür, çünki suyun daşdan çıxıb axması mümkündür, lakin ətlə qan arasından çıxması qeyri-mümkündür. Həqiqətən də daşdan, torpaqdan suyun çıxması çox rast gəlinən hadisədir, lakin barmaqlar arasından suyun çıxması görünməmişdir. Yalnız Peyğəmbərin(s)mübarək əlində görünmüşdür. Bu möcüzəni səhabələrdən Ənəs, Cabir və İbn Məsud rəvayət etmişlər.

Buxarinin, Müslimin əsərlərində, eləcə də bir sıra məxəzlərdə Ənəs bin Malikin belə danışdığı yazılıb: "Bir gün namaz vaxtı yaxınlaşmışdı. Səhabələr dəstəmaz almaq üçün su tapa bilmirdilər. Peyğəmbərə(s)dəstəmaz alması üçün su gətirilmişdi. Allahın Elçisi(s)mübarək əlini su qabının içinə saldı və camaata: "Gəlin dəstəmaz alın!"-deyə buyurdu. Onun mübarək barmaqlarının arasından su çıxdığının və hamının dəstəmaz aldığının şahidi oldum".

İmam Buxarinin əsərində dəstəmaz almış adamların sayının səksən  olduğu göstərilir.

Bəzi mənbələrdə Ənəs bin Malikin Peyğəmbərin(s)mübarək barmaqlarının arasından və uclarından su axmağa başladığını və orada olanların hamısının dəstəmaz aldığını gördüyü qeyd olunub. Ondan: "Dəstəmaz alanların sayı nə qədər idi?"-soruşduqda, Ənəs bin Malik: "Üç yüz nəfər"-deyə cavab vermişdi.

İbn Şahin isə Ənəsin belə söylədiyini yazır: "Təbuk yürüşündə Peyğəmbərlə(s) bərabər idim.Bir gün müsəlmanlar: "Ya Rəsulullah, heyvanlarımız susayıb "-deyə susuzluqdan şikayət etdilər. "Bir az suyunuz varmı?"-deyə soruşdu. Bir nəfər bir qabda bir az su gətirdi. Allahın Elçisi(s): "Mənə bir qab verin!"-buyurdu.Qabı gətirdilər. Allahın Elçisi(s)suyu həmin qabın içinə tökdü. Mübarək əlini suyun içinə qoyduğunu gördüm. Onun barmaqlarının arasından su axmağa başladı. Dəvələrimiz, atlarımız, bütün heyvanlarımız doyunca su içdilər, üstəlik də yola götürmək üçün qablarımızı da doldurduq. Allahın Elçisi: "Kifayətdirmi?"-deyə sorşduqda, biz: "Kifayətdir, ya Rəsulullah!"-dedik. Bu zaman O,mübarək əlini qabdan çıxardı. Su  kəsildi."

İmam Beyhəqi də Ənəs bin Malikin bunu danışdığını yazır: "Bir gün Allahın Elçisi(s)Quba tərəfə getmişdi. Kiçik bir qabda su gətirdilər, mübarək əlini içinə saldı. Yalnız dörd barmağı qabın içinə girdi. Baş barmağı girmədi. Sonra üzünü camaata tutub: "Gəlin su için!"-deyə çağırdı. Mübarək barmaqları arasından suyun çıxdığını və camaatın da dəstə- dəstə gəlib doyunca su içdiklərini gözlərimlə gördüm".

Göründüyü kimi, insanlar Peyğəmbərin(s)bu açıq möcüzəsinə bir neçə yerdə şahid olmuşlar.

İbn Məsud belə nəql edir: "Rəsulullahla(s)birlikdə idik. Suyumuz qurtarmışdı. Peyğəmbərə(s)şikayət etdik. "Mənə bir az su gətirin!"-deyə buyurdu. Bir az su gətirdilər. Allahın Elçisi(s)həmin suyu bir qaba tökdü və mübarək ovuclarını içinə saldı. Bu zaman onun barmaqları arasından su axmağa başladı".

 Darimi və Əbu Nüəym isə İbn Abbasın belə danışdığını söyləyirlər: "Peyğəmbər(s)Bilalı çağırıb su istədi. Bilal: "Allaha and olsun su tapa bilmədim"-dedikdə Allahın Elçisi(s): "Tulumda da yoxdur?"-soruşduqda Bilal tulumu gətirdi, Peyğəmbər(s)mübarək ovuclarını tulumun içinə saldı. Bu zaman əlinin altından su fışqırdı.Hamı doyunca su içib dəstəmaz aldı".

Göründüyü kimi,bu rəvayətlərin hamısının məğzi eynidir, yəni Peyğəmbərin(s) mübarək barmaqları arasından suyun axdığı və bununla səhabənin ehtiyaclarının ödənildiyi bildirilir. Bu, Rəsulullahın(s)ən böyük möcüzələrindəndir. Bu barədə əksər səhabələr və görkəmli alimlərdən Təbərani, ənsarlardan isə Əbu Leyla rəvayət etmişlər.

Rəsulullahın(s) bu böyük möcüzəsi haqqında bir hədisi də İmam Müslim Müazdan nəql edib: "Təbuk yürüşü zamanı Peyğəmbər(s)susuzluqdan əziyyət çəkən səhabələrə: "İnşallah, irəlidə qarşınıza bir çeşmə çıxacaq. Amma ora hamıdan əvvəl çatanlar mən gələnə qədər çeşmənin suyuna əl vurmasınlar!"-buyurdu. Muaz deyir ki, çeşməyə yetişdik. Sən demə bizdən qabaq iki nəfər gəlib çeşmənin suyunu götürmüşdülər. Çeşmədən su çox zəif axırdı. Peyğəmbər(s) o iki nəfərə: "Çeşmənin suyunu siz istifadə edibsiniz?-deyə soruşduqda, onlar: "Bəli, biz istifadə etmişik"-dedilər. Allahın Elçisi(s)üzüldü, bir az da onlara acığı tutdu. Sonra o, damcı-damcı süzülən sudan  bir qaba doldurub mübarək əlləriylə üzünü onunla yudu, sonra həmin suyu   çeşməyə  tökdü. Həmin anda su elə gur axmağa başladı ki, hamı doyunca içdi. Sonra Peyğəmbər(s)üzünü insanlara tutub: "Sizlərdən uzun ömür yaşayacaq kəs nə vaxtsa bu vadinin dörd bir tərəfinin yamyaşıl və bərəkətli olduğunu görəcək"-buyurdu. Bu, həqiqətən də belə oldu.

Qazi İyyaz  özünün "Şifa" əsərində bu hədisin bənzərini İmam Malikdən rəvayət edib.

İbn İshaq isə öz rəvayətində bunu əlavə edir: "Həmin an sudan elə səs çıxdı ki, sanki ildırım səsi idi".

Buxarinin "Səhih"əsərində Hüdeybiyyə qəzvəsində Peyğəmbərlə(s)birlikdə olmuş Misvər bin Məxrəmənin və Mərvan bin Hakəmin bunu danışdıqları yazılıb: "Müsəlman əsgərləri Hüdeybiyyənin qurtaracağında olan bir quyuya yetişib su içməyə başladılar. Bir azdan su qurtardı. Susuzluqdan Rəsulullaha(s)şikayət etdilər, Peyğəmbər(s)oxdanından bir ox çıxarıb: "Bunu suyun çıxdığı yerə sancın"-deyə buyurdu. Sancdılar. Dərhal su axmağa başladı,ta ki oradan ayrılana qədər su kəsilmədi".

Əbu-l-Əsvəd "Məğazi"əsərində Ürvənin bunu danışdığını söyləyir: "Peyğəmbər(s)bir qabdan su götürüb dəstəmaz aldı. Mübarək ağzını yaxaladı və həmin suyu yenə qabın içinə tökdü və: "Bu suyu quyunun içinə tökün!"-deyə buyurdu. Sonra da oxdanından bir ox çıxarıb quyunun içinə atdı və Allaha dua etdi.Həmin anda quyudan su qaynamağa başladı və ağzına qədər doldu. Hamı doyunca su içdi".

İmam Vaqidi isə Övs bin Xüveyliddən belə rəvayət edib: "Buxari Bəra və Sələmə bin Əl-Əkvənin Hüdeybiyyədəki hadisə barəsində belə danışdıqlarını yazır: "O quyunun suyu ilə heç əlli qoyunu doydurmaq mümkün deyildi. Quyunun bütün suyunu səhabələr çəkmişdilər deyə bir damcı belə su qalmamışdı. Bu zaman Peyğəmbər(s)gəlib onun kənarında oturdu. Ona bir qab gətirdilər. Peyğəmbər(s) həmin qabın içinə tüpürüb quyuya atdı. Həmin anda quyuda su qaynamağa başladı. Min dörd yüz səhabənin həm özləri, həm də heyvanları doyunca su içdilər".

Bu hədisə də bir çox mənbədə rast gəlinir.

 

Ardı var                                              

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR