Rəsulullahın(s) möcüzələri haqqında

 

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Əvvəli 15  dekabr tarixli sayımızda 

Ağacların Peyğəmbərə(s)səcdə etməsi

Möcüzələrdən biri də  iri gövdəli ağacların yerindən qoparaq Peyğəmbərin(s)hüzuruna gəlməsidir.

İmam Əhməd,Təlhə bin Nafinin bunu danışdığını qələmə alıb: "Bir gün kafirlər ona işgəncə verdiyindən Allahın Elçisinin(s) mübarək vücudu qana bulaşmış və o bundan üzülmüş halda oturmuşdu.Bu zaman Cəbrail(ə)peyda olub hal-əhval tutdu.Peyğəmbər(s)kafirlərin onun başına gətirdiklərini Cəbrailə(ə) xəbər verdi.Cəbrail(ə): "Ya Rəsulullah, Allahdan bir möcüzə gəlsə sevinərsənmi?". Allahın Elçisi(s):Bəli!-deyə buyurdu.Cəbrail(ə): "Elə isə, dərənin o biri başındakı ağaca əmr et yanına gəlsin!"-dedi.Peyğəmbər(s)ağacı çağırdı. Ağac dərhal yerindən ayrıldı və gəlib Peyğəmbərin(s)qarşısında dayandı. Sonra Cəbrail(ə): "İndi də əmr et ağac yerinə qayıtsın!"-dedi. Allahın Elçisi(s)ağaca yerinə dönməyi əmr etdi. O da yerinə döndü".

Hakim isə İbn Ömərin belə nəql etdiyini yazır:"Bir gün Peyğəmbərlə(s)yol gedərkən bir bədəvi ərəblə rastlaşdıq.Allahın Elçisi(s) ondan:"Hara gedirsən?"-deyə soruşdu.Bədəvi:"Evə gedirəm"-deyə cavab verdi.Peyğəmbər(s):"Sənə bir xoş xəbər verimmi?"-deyə soruşduqda bədəvi ərəb:"O xoş xəbər nədir elə?"-dedi. Rəsulullah(s)Allahın tək olduğunu və özünün Onun tərəfindən peyğəmbər olaraq göndərildiyini bədəvinin diqqətinə çatdırdı.O: "Bu dediyinə şəhadət edəcək bir dəlilin varmı?-deyə soruşduqda,Allahın Elçisi(s): "Bax, o ağac şahiddir!"-deyib ağacı yanına çağırdı. Ağac o saat qopub dərənin kənarında dayanan Peyğəmbərin(s) qarşısında dayandı. Rəsulullah(s)ağacdan üç dəfə səhadət etməsini istədi.Agac üç dəfə: "Lə iləhə illəllah, Muhəmmədun rasulullah"-deyib şəhadət etdi. Daha sonra Peyğəmbərin(s)əmri ilə ağac öz yerinə döndü".

Dariminin isə bu barədə hədisi belədir:"Büreydənin dediyinə görə,bir bədəvi bir ağacı göstərib Peyğəmbərdən(s) onu yerindən çıxarmasını istəmişdi.Peyğəmbər(s) də ağacı çağırdı, ağac sağa və sola əyilib köklərini qopardı, yeri yararaq gəlib Rəsulullahın(s)qarşısında dayandı və:"Əs-sələmu aleykə,ya Rasulullah!"-dedi.Sonra bədəvi Allahın Elçisinə(s):"İndi də əmr et ağac yerinə qayıtsın"-dedi.Peyğəmbər(s)ağaca yerinə dönməyi əmr etdi. Ağac yerinə dönüb öz köklərinə bağlandı.Bunu görən bədəvi Peyğəmbərə(s):"İzn ver sənə səcdə edim"-dedi.Allahın Elçisi(s) də:"Əgər birinin digərinə səcdə etməsi əmri əlimdə olsaydı,o zaman hər şeydən əvvəl qadının ərinə səcdə etməsini əmr edərdim"-deyə buyurdu.

İmam Müslim,Cabir bin Abdullahın belə nəql etdiyini yazır:"Bir gün Allahın Elçisi(s)ilə yol gedirdik. Bir dərənin kənarına yetişib aşağı endik.Allahın Elçisi(s)abdəstxana üçün münasib yer axtarmağa başladı. Mən də aftabəsini   götürüb onun arxasınca gedirdim. Peyğəmbər(s)xeyli müddətdən sonra uyğun yer tapa bilməyib dərənin kənarındakı iki ağacdan birinə yaxınlaşdı və bir budağından yapışıb : "Allahın əmri ilə mənə itaət et!"-deyə buyurdu. Budaq o saat dəvə boynunu əydiyi tək Peyğəmbərin(s)əmrinə tabe oldu. Sonra Peyğəmbər(s)o biri ağaca yaxınlaşıb budağından çəkdi və birinci ağacın budağına yaxınlaşdırdı. Allahın Elçisi(s)hər iki budağın arasına keçib onlara:"Allahın iznilə bitişin!"-dedi. Budaqlar birləşib(sanki) bir ağac oldu".

 Xurma ağacının gövdəsinin inildəməsi

Peyğəmbərin(s)möcüzələrindən biri də xurma ağacının gövdəsinin inildəməsidir. Bu, çox məşhur hədisdir. Əvvəllər Allahın Elçisi(s)Məscidu-ş-şərifdə xütbə oxuyarkən bir kötük üzərinə çıxardı.Sonralar Peygəmbər(s)üçün minbər düzəldilmiş və o, minbərə qalxıb xütbəni oxumağa, kötük isə Peyğəmbər(s) ondan ayrıldığına görə inildəməyə başlamışdı. O zaman məsciddə olan səhabələrin hamısı kötüyün bu iniltisini eşitmişdilər. Səhabələrdən bir çoxu bu hadisə haqqında məlumat veriblər.

İbn Sübqi: "Muxtasar fi şərhi İbn Hacib" əsərində bu hədisi mütəvatir-yəni xalq arasında geniş yayılmış və hər kəs tərəfindən təsdiq edilmiş hədis adlandırıb.

Bu hədisi imam Buxari İbn Ömərdən, imam Əhməd isə Əbu Hibbandan, o atasından, atası da İbn Ömərdən rəvayət ediblər.

İbn Macə, Əbu Yəla və digər din alimləri bu hədisi Həmmad bin Sələmədən, o Sabitdən, o isə Ənəs bin Malikdən qələmə alıblar.

İbn Hüzeymə və Təbərani də bu hədisi Ənəs bin Malikdən rəvayət ediblər.

Hafiz bin Hacər özünün"Fəthu-l-bəri"əsərində yazır:"Xurma ağacının gövdəsinin inildəməsi və Ayın ikiyə bölünməsi çox geniş yayılmış hadisələrdir. Bütün hədis alimləri bu iki hadisəni qələmə almış və onların doğruluğunu qəbul etmişlər.Lakin dindən uzaq olan bəzi alimlər hər iki hadisəyə şübhə ilə yanaşmışlar".

İmam Beyhəqi isə:"Bu,həqiqətən də olmuş və ağızdan-ağıza keçərək günümüzə qədər gəlmiş hadisədir.Bu,eləcə də Ayın ikiyə bölünməsi Peyğəmbərin(s)risalətinə dəlalət edən ən böyük möcüzədir"-deyə yazır.

Əbu Hatəm bildirir:"İmam Şafii demişdir: "Allah-Təala Peyğəmbərimizə(s)verdiyi möcüzəni heç bir peyğəmbərə verməmişdir."Bunu eşidənlər: "Ya imam, Allah-Təala İsaya(ə)ölüləri diriltmək qüdrəti vermişdir?!(Bundan üstün möcüzəmi var?)"-dedikdə İmam Şafii:"Ən böyük,ən üstün möcüzələr Peyğəmbərimizə(s)verilmişdir"-deyə söyləmişdir.

Qazi İyaz söyləyir:"Xurma ağacının kötüyünün inildəməsi çox məşhur və geniş yayılmış hadisədir.Hadisənin şahidləri onun gerçəkliyini təsdiqləmiş və onu olduğu kimi xatırlayaraq nəsildən-nəsilə ötürmüşlər.Peyğəmbərin(s)ən azı on səhabəsi bu hadisənin şəxsən şahidi olmuşdur.Həmin səhabələrdən Übeyy bin Kəb,Cabir bin Abdullah, Ənəs bin Malik,Abdullah bin Ömər,Abdullah bin Abbas,Səhl bin Səd,Əbu Səid Əl Xudri, Büreydə, Ümm Sələmə, Müttəlib bin Əbu Vədaə və digərlərinin adlarını çəkmək olar.Bunların hamısı gerçəyi söyləmişlər".

İmam Şafii Tüfeyldən,o da atası Übeyy bin Kəbdən eşitdiyi bu hədisi qələmə alıb:"Əvvəllər Allahın Elçisi(s)camaat qarşısında xütbə oxuyarkən bir xurma ağacının gövdəsi üzərinə çıxardı.Səhabələrdən biri: "Ya Rəsulullah,sənə bir minbər düzəltməyimi istəyərsənmi?  Cümə günləri onun üzərinə çıxıb xütbə oxuyarsan,camaat səni daha yaxşı eşidər"-dedikdə Peyğəmbər(s): "Düzəlt"-deyə buyurdu.Həmin adam üçpilləli bir minbər düzəldib məscidə gətirdi.Bu zaman Peyğəmbər(s)gövdədən enib minbərə qalxdı.O,xütbəsinə davam etmək istədikdə birdən gövdədən bir səs çıxdı və o, yarıldı. Səsi eşidən Peyğəmbər(s) minbərdən enib gövdəyə yaxınlaşdı,mübarək əliylə onu sığalladıqdan sonra dönüb minbərə çıxdı".

İmam Buxari isə bu hadisəni Cabir bin Abdullahdan iki fərqli şəkildə nəql edib. Biri budur:"Əvvəllər Peyğəmbər(s) xütbə oxuyanda bir xurma ağacının gövdəsinin yanında dayanardı. Bir gün ənsarlardan biri Peyğəmbərə(s)minbər düzəltmək istədiyini bildirdi.Allahın Elçisi(s)də ona: "Düzəlt"-dedi.Həmin adam minbəri düzəldərək gətirib məscidə qoydu.Peyğəmbər(s)cümə günü minbərə çıxdığı zaman xurma ağacından bir səs gəldi.Bunu eşidən Allahın Elçisi(s)dərhal minbərdən endi və gəlib ağacı qucaqladı.Ağac astadan insan kimi inildəməyə başladı.Rəsulullah:"İndiyə qədər xütbəni gövdənin yanında oxuyurdum deyə( məni) eşidirdi,indi isə minbərdən oxuduğuma(və məni eşitmədiyinə) görə ağlayır"-deyə buyurdu.

Cabirin nəql etdiyi digər hədis isə budur:"Rəsulullah(s)üçün ilk məscid tikilərkən yerə bir neçə xurma ağacından dirəklər basdırılaraq üstü(xurma yarpaqları ilə) örtülmüşdü. Peyğəmbər(s)cümə günləri o dirəklərdən birinin yanında durub xütbə oxuyardı. Peyğəmbərə(s) minbər gətirildikdə və o, üzərinə çıxıb xütbə oxuduqda həmin dirəyin dəvə nəriltisinə bənzəyən fəryadını eşitdik".

Beləliklə, xurma ağacının gövdəsinin inildəməsi hadisəsi Rəsulullahın(s)böyük möcüzələrindən biridir. Səhabələrdən bir çoxu bu hadisəni rəvayət etmişlər. Bu hadisənin fərqli şəkildə təqdim olunması nəzərə çarpır ki, bu da onun uzun zamandır dildən-dilə keçməsi,nəql edənlərin özlərindən əlavələr etməsi ilə izah edilir ki, bu da təbiidir. Belə ki, qeyri-adi bir hadisənin şahidi olmuş birisi həmin hadisəni hər dəfə danışanda fərqli kəlmələr istifadə edir. Lakin bununla belə, təqdimedilmə fərqliliyinə baxmayaraq hadisənin məğzi eynidir.

Əbu Yəla Ənəs bin Malikin belə danışdığını yazır: "Peyğəmbər(s)əvvəllər cümə günləri xütbə oxuyarkən mübarək kürəyini Məscidu-ş-şərifdə basdırılmış kötüklərdən birinə dayayardı.Bir gün bir nəfər gəlib Rəsulullaha: "İstəyirəm sizin üçün bir minbər düzəldim ki, xütbə oxuyarkən çıxıb üzərinə oturasınız, hündür yerdən xütbə oxumanız camaatın sizi daha yaxşı eşitməsinə imkan verəcək."Allahın Elçisi(s)razılıq verərək: "Düzəlt"-dedi.Həmin adam üç pilləli bir minbər düzəldib gətirdi. Rəsulullah(s)cümə günü həmin minbərin üstünə çıxıb  xütbəyə başladıqda kötük bağırır və səsindən  məscid titrəyirdi. Bunu görən Peyğəmbər(s)dərhal minbərdən aşağı endi və kötüyün yanına gəlib onu qucaqladı. Bir az əvvəl kötükdən çıxan səs dərhal kəsildi. Sonra Peyğəmbər(s) buyurdu: "Allaha and olsun, əgər onu qucaqlamasaydım, Qiyamət gününə qədər bağıracaqdı".Daha sonra Peyğəmbər(s) kötüyü götürüb basdırmağı əmr etdi.

İmam Əhməd və İbn Macə Ənəs bin Malikin belə nəql etdiyini qələmə alıblar:"Peyğəmbər(s)cümə günü xütbə oxuyarkən mübarək kürəyini bir ağaca dayayardı.Bir gün o:"Mənə bir minbər düzəldin ki,camaat məni yaxşı eşidə bilsin!"-deyə buyurdu. Minbəri düzəldib gətirdilər. Peyğəmbər(s)ağacın yanından ayrılıb minbərə çıxdıqda ağac uşaq kimi yüksək səslə ağlamağa başladı. Bunu görən Peyğəmbər(s)minbərdən endi və ağaca yaxınlaşıb onu qucaqladı. Peyğəmbər(s)onu qucaqlayan kimi səs kəsildi.Bu hədisin də  digər hədislər kimi məğzi eynidir".

Əbu-l-Qasim Bəğavinin dediyinə görə,Həsən Əl-Bəsri bu hədisi söylədiyi zaman ağlayar və deyərdi :"Ey Allahın qulları,Peyğəmbərin(s)Allahın dərgahında yaxınlığı və dərəcəsi yüksək olduğu üçün bir quru ağac da ona olan sevgisindən  ağlayır. Siz isə ona qovuşmağa daha  haqlı, daha layiqsiniz".

İmam Əhməd, imam Müslim və İbn Macə bu hədisi İbn Abbasdan rəvayət etmişlər.

İbn Ömərin danışdığı hədis Buxarinin "Səhih"əsərində yazılıb.

Aişənin(r)bu haqda danışdığı hədisi isə İmam Beyhəqi rəvayət etmiş, sonunda qeyd etmişdir ki,Peyğəmbər(s)xurma kötüyünə dunya ilə axirətdən birini seçməsini buyurmuş, xurma kötüyü axirəti seçmişdi.

Büreydə bunu daha ətraflı rəvayət edir:"Xurma kötüyü inildədiyi zaman Rəsulullah(s)onun yanına gəlib qucaqladı və: "Əgər istəyirsənsə səni əvvəl bitdiyin bağa aparıb orada əkək ki, yenidən kök salıb qollu-budaqlı olasan,yenə bol bəhrə verəsən. Əgər istəsən səni Cənnətə göndərib orada əkərik ki,Allahın övliyaları meyvəndən yesinlər."Xurma kötüyü belə söylədi:"Məni Cənnətdə əkin ki,həm Allahın sevimli bəndələri barımı yesinlər,həm də orada əbədi yaşayım".Bu zaman xurma ağacına yaxın olanların hamısı kötüyün bu sözlərini eşidirdilər.Peyğəmbər(s):"Yaxşı,səni Cənnətdə əkərik"-dedikdən sonra üzünü camaata tutub:"Xurma ağacı bu dünyanı deyil,Cənnəti seçdi"-deyə buyurdu.

 Qeyd edək ki, xurma ağacının gövdəsinin inildəməsi ilə bağlı hədislərin sayı həddindən artıq çoxdur.

ARDI VAR

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR