Rəsulullahın(s) möcüzələri haqqında- Elmira QAFAROVANIN tərcüməsində

 

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Əvvəli  9 dekabr tarixli sayımızda 

Peyğəmbərin(s)Günəşin batmasını ləngitməsi

Peyğəmbərin(s)açıq möcüzələrindən biri də Günəşin batmasını ləngitməsidir.Təhavi Əsma bint Ümeysin bu barədə belə nəql etdiyini yazır:"Bir gün Allahın Elçisi(s)mübarək başını Əlinin((ə)çiyninə söykəmişdi.Artıq axşam namazının vaxtı idi. Elə bu zaman Peyğəmbərə(s)vəhy gəlməyə başladı. Əli(ə)Peyğəmbəri(s)narahat etməsin deyə Günəş batana qədər yerindən tərpənmədi, bu səbəbdən də axşam namazını qıla bilmədi. Bir azdan Peyğəmbər(s)ayağa qalxıb: "Ya Əli,axşam namazını qıldınmı?"-deyə soruşdu. Əli(ə): "Qıla bilmədim"-deyə cavab verdi.Rəsulullah(s): "Ya Allah,həqiqətən də Əli Sənin ən mömin bəndələrindəndir. Günəşi geri döndər ki, o axşam namazını qılsın"-deyə Allaha dua etdi. Peyğəmbərin(s)bu duasından dərhal sonra batmaqda olan Günəşin (sanki)təkrar doğduğunu və nurunu dağlara və bütün ətrafa yaydığını gördüm. Bu hadisə Peyğəmbərin(s)Xeybərə yürüşü zamanı, Səhbə adlanan yerdə baş vermişdir".

Qazi İyaz "Şifa"adlı əsərində Əhməd bin Salihin belə söylədiyini yazır:"Alimlər bu hədisə şübhə etməməlidirlər, çünki Günəşin[qürubunu] dayandırması Peyğəmbərin(s)açıq möcüzəsi və nübuvvətinin əlamətlərindən biridir". Lakin əksər alimlər bu hədisə inanmamışlar.İbn Cövzi:" Əhməd bin Salihin danışdığı hədis uydurma hədisdir, çünki(müəyyən səbəblərdən) vaxtında qılınmayan namazın qəza edilməsinin mümkün olması hamıya məlumdur,qəza namazının qılınması üçün Günəşin dayandırılması nə deməkdir?" -deyə sual edir. İbn Teymiyyə də: "Bu, uydurulmuş hədisdir. Qazi İyaz kimi mötəbər alimin bununla bağlı susması və buna münasibət bildirməməsi isə təəccüb doğurur"- deyə bildirir. Bu kitabın müəllifi İmam Əhmədin: "Bu hədisin uydurma olduğunu öz ustadımdan eşitmişəm"- dediyini yazıb.İbn Cövzi ilə İmam Əhməd,əksər alimlər kimi bu hədisi uydurma hədislərə aid edirlər. Yalnız Təhavi və Qazi İyaz bunu səhih hesab edirlər.(Uydurulmuş hədislərin sayı həddindən artıq çoxdur. Olmamış bir şeyi Peyğəmbərin(s)adına bağlamaq və bunu miyonlarla müsəlmanın beyninə yeridib onları çaşdırmaq islamı başqaları tərəfindən deyil, elə müsəlmanlar tərəfindən terror etmək demək deyilmi?-tərc.).

İmam Təbərani "Mucəmu-l-Kəbir", İbn Əl-İraqi isə "Təqrib"adlı əsərində Əsmanın danışdığı hədisi fərqli səkildə qələmə almışlar. "Mucəmu-l-övsat"adlı əsərində isə Təbərani  Cabirin belə söylədiyini yazır: "Həqiqətən də, Allahın Elçisi(s) Günəşə əmr etdi, o da bir saat ləngidikdən sonra batdı". Göründüyü kimi Cabirin danışdığı hədisdə Günəşin batıb yenidən çıxmasından deyil, Günəşin bir saat gecikməsindən bəhs edilir. Qazi İyaz "Şifa" əsərində Yunus bin Bükeyrin Muhəmməd bin İshaqdan bunu danışdığını yazır: "Bir gün Peyğəmbər(s)həmtayfasına:"Çərşənbə günü axşamçağı, Günəş batmazdan əvvəl Məkkəyə filan yerdən bir karvan gələcək"-deyə buyurdu. Qüreyşilər də bunun doğruluğunu yoxlamaq üçün gözləməyə başladılar. Günəş artıq batmağa başlamışdı,karvan isə hələ də görünmürdü. Belə olduqda Peyğəmbər(s)Allaha dua etdi, Günəşin batması bir saat ləngidi. Sonra karvan gəldi". Bu hədisdən Günəşin batmazdan əvvəl  bir saat ləngiməsi aydın olur. Lakin bu hədis Buxarinin "Səhih"əsərindəki bu hədisə ziddir: "Günəş Yuşa bin Nuhdan başqa bir kimsəyə görə dayandırılmamışdı". Yuşa bin Nuhla bağlı hadısə isə belə baş vermişdir: "Bir cümə günü Yuşa bin Nuh(ə)zalımlarla vuruşurdu. Günəş artıq batmağa başlamışdı. Yuşa(ə)savaş bitmədən Günəş batarsa(bundan bir neçə saat sonra isə) artıq şənbə günü olacağından narahat olub-şənbə günü  savaşmaq haram idi-Allaha dua etdi. Yuşanın(ə) duası qəbul olundu-savaş bitənə və(Yuşa(ə)qələbə çalana qədər)Günəş batmadı".

Bəzi alimlər isə Allahın Elçisinin(s)  bu hədisi əslində bu cür danışdığını yazırlar: "Günəş məndən və Yuşa bin Nuhdan başqa bir kimsəyə görə dayandırılmamışdır".

Xəndək müharibəsi günü də axşam namazını ötürdüyünə görə Günəşin Allahın Elçisi(s) üçün dayandırıldığı söylənilir.

Lakin İmam Bəğavi Günəşin Suleymana(ə)görə də dayandırıldıgını, buna sübut olaraq "Qurani-Kərim"in "Sad"surəsinin 33-cü ayəsini misal gətirir. Bəğavi həmin ayədəki "rudduha"-"geri qaytarıldı" sözünü səhvən Günəşə aid etmişdir, əslində həmin söz əvvəlki ayədəki"əs-safinat"sözünə aiddir. Bu ayədə ümumiyyətlə Günəşdən,onun dayandırılmasından və ya geri döndərilməsindən bəhs edilmir. (İmam Bəğavi həmin ayəni doğru şərh etməmişdir).

Peyğəmbərin(s) Günəşi dayandırması və ya geri döndərməsilə bağlı hədislərə əksər alimlər şübhə ilə yanaşmışlar.Bunun doğru olub olmadığını isə yalnız Allah bilir.

DAŞLARIN PEYĞƏMBƏRİ (S)TƏRİFLƏMƏSİ

Peyğəmbərə(s)dağlar,daşlar,ağaclar da itaət edirdilər. Bəziləri onu təsbih-şəninə dua edir,tərifləyir,bəziləri salam verir, bəziləri isə həm təsbih edir,həm də salam verirdilər.Belə xəbərlərdən birini Zühridən Muhəmməd bin Yəhya Əd-Dəhli  nəql edir: "Süleym qəbiləsindən Vəlid bin Süveyd adlı  yaşlı bir adam vardı.O,Əbu Zərin yaşadığı illərə qədər ömür sürmüşdü. Süveyd Əbu Zərdən bunu danışıb:"Bir gün günortanın istisində evdən çıxıb Peyğəmbəri(s)görməyə gedirdim.Xidmətçisindən onun evdə olduğunu öyrənib sevincək içəri keçdim və Peyğəmbərin(s) otaqda oturduğunu gördüm.Yanında heç kəs yox idi.Ona vəhy gəldiyini düşündüm,salam verdim.Allahin Elçisi(s)salamımı alıb:

-"Ey Əbu Zər,xeyir ola bu vaxt yanıma gəlmisən?-deyə soruşdu. Mən Peyğəmbərə(s)onu görmək istədiyimi bildirdim. O,mübarək əliylə işarə edib:"Otur!-deyə buyurdu. Mən keçib Peyğəmbərin(s)yanında oturdum.Bir müddət dinib-danışmadım.Bir azdan Əbu Bəkr də gəlib salam verdi.Allahın Elçisi(s)məndən soruşduğu kimi ondan da gəlişinin məqsədini soruşdu.O da mənim kimi onu görmək istədiyini bildirdi.Peyğəmbər(s)ona da mübarək əliylə işarə edib oturmağı buyurdu.Əbu Bəkr Peyğəmbərin(s)qarşısında oturdu.Bir azdan Ömərlə Osman da gəldilər.Peyğəmbər(s)eyni sualı onlara da verib oturmağı buyurdu.Onlar da əyləşdikdən sonra Allahın Elçisi(s)mübarək əliylə yerdən yeddi və ya doqquz xırda daş götürdü. Həmin daşlar Peyğəmbərin(s)ovcunda onu  təsbih etməyə başladılar.Onların səsi arı vızıltısına bənzəyirdi. Allahın Elçisi(s)həmin daşları Əbu Bəkrin ovcuna tökdü-daşlar təsbih etməkdə davam etdilər. Sonra Peyğəmbər(s)daşları alıb yerə tökdü. Bu zaman daşların səsi kəsildi.Sonra Peyğəmbər(s)daşları yerdən götürüb Ömərə, ondan da alıb Osmana verdi.Daşlar hər ikisinin də əlində təsbih etdilər."

Hafiz İbn Hacər söyləyir ki,bu hadisə tez bir zamanda camaat arasında yayıldı.Hədis alimlərindən Bəzzar və Təbərani də bu hədisi qələmə alıblar.Təbərani Əbu Zərin bu hadisəni belə danışdığını yazır: "Xırda daşlar Peyğəmbərin(s)ovcunda təsbih edirdi.Məclisdəkilərin hamısı onların səsini eşidirdilər.Sonra Allahın Elçisi(s)daşları bizə verdi. Bizim əlimizdə isə daşlardan səs çıxmadı".Daşların təsbih etməsi haqqında bu iki hədisdən başqa hədis yoxdur. Bunları da din alimləri zəif hesab edirlər.

Buxarinin yeməyin də Peyğəmbəri(s)təsbih etməsi haqqında hədisi var. Həmin hədisi İmam Buxari İbn Məsudun danışdığını yazır:"Bir gün Peyğəmbərlə(s)birlikdə yemək yeyirdik. Bu müddətdə yeməyin təsbih etdiyini eşidirdik".

              Üzüm və nar dənələrinin Peyğəmbəri(s)təsbih etməsi:

Bəzi mənbələrdə Cəfər bin Muhəmmədin öz atasından bunu eşitdiyi yazılıb:"Bir gün Peyğəmbər(s)xəstələnmişdi.Cəbrail(ə)ona bir qab nar və üzüm gətirdi. Rəsulullah(s) onları yediyi zaman nar və üzüm dənələri onu təsbih edirdilər". Bu barədə Qazi İyaz özünün "Şifa", Hafiz isə  özünün"Fəthu-l-Bəri" əsərində yazmışdır.

Qeyd etmək lazımdır ki, təsbih- kəlmələrlə birisinin şəninə tərif,alqış söyləməkdir. Allah-Təala dilədikdə Öz qüdrətilə daş, ağac və yemək kimi cansızlarda da danışma gücünü yaradır və onları danışdırır. Allah-Təala bunu möcüzə olaraq yalnız peyğəmbərləri üçün yaratmış və etdirmişdir.

           Daşların Peyğəmbərə(s)salam verməsi.

Möcüzələrdən biri də daşların Peyğəmbərə(s)salam verməsidir.İmam Müslim Cabir bin Səmurənin Peyğəmbərdən(s) eşitdiyi bu hədisi qələmə alıb: "Mən Məkkədə bir yer tanıyıram ki, orada olan daş nübüvvət göndərilməzdən əvvəl mənə salam verirdi.Mən indi də həmin daşı tanıyaram". Bu hədisə münasibət bildirən bəzi alimlər həmin daşın həcəru-l-əsvəd-Kəbədəki qara daş olduğu fikrini irəli sürmüşlər.Digərləri isə Məkkədəki küçələrin birində camaatın müqəddəs hesab edərək ona əllərini və üzlərini sürtdükləri daşın olduğunu və Peyğəmbərin(s) məhz həmin daşı nəzərdə tutduğunu söyləyirlər.Peyğəmbər məhz həmin daşın yanından keçərkən o, [daş]Allahın Elçisinə salam verirdi.İmam Təbərani,Darimi və Hakim Əlinin(ə)bunu nəql etdiyini qələmə alıblar:"Mən Rəsulullahla birlikdə yol gedirdim.Məkkənin kənarına çıxmışdıq.Yol boyu qarşımıza çıxan hər ağac,hər daş"Əs-sələmu aleykə,yə Rasulullah"-deyə Peyğəmbəri(s)salamlayırdı".

Aişə(r)Peyğəmbərdən(s)bunu eşitdiyini söyləyib:"Cəbrail(ə)mənə risalət xəbərini gətirdikdən sonra hər yerdə rastlaşdığım daşlar və ağaclar:"Əs-sələmu aleykə,yə Rasulullah"-deyirdi.

Evin divarlarının "Amin"deməsi

Möcüzələrdən biri də Peyğəmbərin(s)hər duasına evin divarlarının "Amin"deməsidir.İmam Beyhəqi Əbu Üseyd Əs-Səidinin bunu danışdığını yazır:"Bir gün Peyğəmbər(s)əmisi Abbasa(r):"Sabah səhər övladlarınla evdə ol, sizə gələcəyəm"-deyə buyurdu. Ertəsi gün səhər tezdən Allahın Elçisi əmisinin evinə gəlib salam verdi.Hamı:"Aleykə-s-səlam va rahmətul-lahi va bərəkətuhu"-dedilər.Peyğəmbər(s)onlardan hal-əhval tutduqda,onlar da Allaha həmd etdikdən sonra buyurdu: "Bir-birinizə yaxın oturun!" Hamı Peyğəmbərin(s)dediyini etdi. Allahın Elçisi(s)əbasını onların üstünə sərib: "Ya Rəbbim, bu mənim əmimdir, atamın doğma qardaşıdır.Bunların hamısı mənim əhli-beytimdir. Məni Cəhənnəm atəşindən örtüb qoruduğun kimi,bunları da ört, qoru!"-deyə dua etdi.Bu duaya evin divarları "Amin!""Amin!""Amin!"-dedilər.

                Peyğəmbərin(s) dağın silkələnməsini dayandırması

Peyğəmbərin(s)dağın silkələnməsini dayandırması haqqında çoxlu hədis var. Hədis alimlərindən İmam Əhməd, Buxari, Tirmizi və Əbu Hatim Ənəs bin Malikin bunu danışdığını yazırlar:"Peyğəmbər(s) Əbu Bəkr, Ömər və Osmanla birlikdə Ühüd dağına qalxdı.Bu zaman dağ sevincdən silkələnməyə başladı. Bunu görən Allahın Elçisi(s)mübarək ayağını yerə vurub: "Dur, ey Ühüd,sənin üzərində duranlardan biri nəbi, biri siddiq("doğru danışan" ləqəbli Əbu Bəkr-tərc), iki nəfər də şəhid olacaq səxslərdir!"-deyə buyurdu.Bu şərəfli hədisdəki dağın silkələnməsinin dayandırılması, eləcə də Ömərlə Osmanın şəhid olacaqlarını bildirməsi  Allahın Elçisinin(s) açıq-aydın möcüzələrindəndir. Bəzi alimlər, o cümlədən Nəsai və Tirmizi Sümamədən, o da Osmandan(r)bu hadisənin Ühüddə deyil, Sübeyr dağında baş verdiyini  yazırlar.

İmam Müslim isə Əbu Hüreyrənin belə danışdığını yazır: "Peyğəmbər(s) Əbu Bəkr,Ömər, Osman,Əli,Təlhə və Zübeyrlə birlikdə Hira dağının üstündə idi.Bu zaman dağ silkələnməyə başladı.Rəsulullah(s): "Dayan, ey Hira dağı, dayan, sənin üzərində olanlardan biri nəbi,biri siddiq, beş nəfər də şəhid olacaq şəxslərdir"-deyə buyurdu.

İmam Müslim bir rəvayətində Hira dağında Əlinin(ə)deyil, Sədin olduğunu yazır

Sübeyrlə Hira üzbəüz olan dağlardır, aralarında dərə var.Təbəri və digər alimlərin qələmə aldığı bu fərqli rəvayətlərdən həmin hadisənin hər iki dağda baş verdiyi məlum olur.

İmam Müslim Əbu Hüreyrədən bu hədisi belə nəql etdiyini yazır: "Rəsulullah(s) ən yaxın səhabələri ilə birlikdə Hira dağında idilər. Bundan əvvəl onlar Sübeyr dağına qalxmışdılar.Qüreyşilər Peyğəmbəri(s)axtarırdılar. Birdən dağdan belə bir səs gəldi: "Ya Rəsulullah!Aşağı düş!Qüreyşilər səni burada öldürsələr Allah-Təalanın buna görə mənə əzab verəcəyindən qorxuram."Bu zaman Hira dagından : "Ya Rəsulullah,mənim yanıma gəl!"-səsi eşidildi.

Bu hədis Qazi İyazın"Şifa"əsərində də yazılıb.

(Eyni hadisənin məxəzlərdə müxtəlif variantlarda təqdim edilməsi də onun doqruluğuna şübhə edilməsinə əsas ola bilər-tərc).Bu və ya digər hadisənin doğru olub  olmadığını isə yalnız Allah bilir.  

Ardı var

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR