Rəsulullahın(s) möcüzələri haqqında- Elmira QAFAROVANIN tərcüməsində

Tərcümə edəni Elmira Qafarova

Oxuculara təqdim olunan bu yazı "Məvahibu-l-ləduniyyə"-("İlahi rəhmət") əsərindəndir. Əsərin müəllifi Əbdülabbas Şihəbuddin Əhməd İbn Muhəmməd Əl Qəstəlanidir(h.t 851-923;miladi 1473-1545). Mühəddis, tarixçi, fakih, Quran oxuyan olub. Şeyxulislam Zəkəriyyə əl-Ənsari, Hafiz əs-Səhavi, imam Əl-Əcluni və başqaları onun müəllimləri olmuşlar. Əl-Qəstəlaninin əsərlərindən 10 cildlik "İrşədu-s-sari li şərhi sahih əl-Buxari"(digər adı "Məvahibu-l-ləduniyyə"); 8  cildlik "Minhəcul-ibtihac bi şərhi Muslim bin əl-Həccac";"Məşəriku-l-ənvar əl-madıyyə- bu onun İmam Büseyrinin "Burda"qəsidəsinə şərhidir-və s.göstərmək olar. Lakin İmam Qəstəlaninin ən məşhur əsəri sonuncu peyğəmbər Muhəmmədin(s) həyat və fəaliyyətinə həsr olunmuş 10 cildlik  "Məvahibu-l-ləduniyyə"-"İlahi rəhmət"-əsəridir. Bunu qələmə alarkən Qəstəlani İmam Buxarinin əsərinə yazılmış iki ən məşhur şərhə əsaslanıb. Onlardan biri İbn Həccarın yazdığı"Fəthu-l-Bəri", digəri isə Bədruddin əl-Ayninin "Umdatu-l-qari"əsərləridir. Şeyx Yusuf Nəbhani bu əsərin "Ənvaru-l-Muhammədiyyə min əl Məvahibi-l-ləduniyyə"adlı qısa məcmuəsini tərtib etmiş, Muhəmməd Əbdülbaqi əz-Zərqani isə bu əsərə şərh yazmışdır. Əl-Qəstəlani 16-cı əsrdə yaşamış məşhur şafi alimi olub. Lakin onun əqidəsində əşariliyə və sufiliyə də meyl nəzərə çarpır. Oxuculara məhz bunu diqqətə almalarını tövsiyyə edirik, çünki Əl-Qəstəlaninin İmam Buxarinin kitabına yazdığı və oxucuların tanış olacaqları şərhindəki bəzi məsələlərdə onun əqidəsi daha aydın nəzərə çarpır.

Əvvəli 1 Dekabr tarixli sayımızda 

Peyğəmbərin(s) möcüzələri haqqında

Din alimləri Peyğəmbərin(s)möcüzələrini üç mərhələyə bölürlər:Peyğəmbərin(s) mövludundan(dünyaya gəlişindən) əvvəl,mövludundan ömrünün sonuna qədər və əbədi aləmə köçdükdən sonra baş vermiş  möcüzələr.

Allahın Elçisinin(s)mövludundan əvvəl baş vermiş Fil  hadisəsi, İran şahı Xosrovun sarayında sütunların aşması,atəşpərəstlərin min ildən bəri səcdə etdikləri odun sönməsi,zərdüşt alimlərinin bəzi qorxunc yuxular görməsi, Səva gölünün batması nəticəsində onun ətrafındakı kilsələrin dağılması, Məkkədə bütün bütlərin üzü üstə yerə düşməsi  və s. barədə bəhs edilib. Bunlar nübuvvət və risalətin gələcəyindən xəbər verən ilk əlamətlər idi.

İmam Razi(r) nübuvvətin gələcəyini xəbər verən möcüzələrin Peyğəmbərin(s)mövludundan əvvəl yarandığının məzhəblər tərəfindən caiz hesab edildiyini, mütəzili məzhəbinin isə bunu caiz hesab etmədiyini söyləyir.

Allahın Elçisi (s)əbədi dünyaya köçdükdən sonra baş vermiş hadisələrin  sayı həddən artıq çoxdur, çünki övliyaların da göstərdikləri qeyri-adi hadisələrin hamısı Peyğəmbərin(s)möcüzələri hesab edilir. Övliyaların bu hadisələri  göstərmələri onların Peyğəmbər (s) ümmətindən olmalarının sübutudur, başqa sözlə desək Allah-Təalanın övliyaların əlilə qeyri-adi hadisələr yaratması sırf Peyğəmbərin (s) şan-şöhrətini və şərəfini ucaltmaq üçündür.

                                        Ayın ikiyə bölünməsi möcüzəsi

Ayın ikiyə bölünməsi Allahın Elçisinin(s)dünyaya gəlişindən ömrünün sonuna qədərki zaman kəsiyində baş vermiş möcüzələrdəndir.Qurani-Kərimdə bu hadisə barədə deyilir: "*Qiyamət yaxınlaşdı, Ay (Peyğəmbərin möcüzəsi ilə)parçalandı.*Əgər müşriklər(Muhəmməd əleyhissəlamın peyğəmbərliyini təsdiq edən)bir möcüzə görsələr(imandan)üz döndərib: "Bu, uzun müddət davam edən bir sehrdir!"-deyərlər"(Əl-Qəmər;1,2).

Ayın ikiyə bölünməsi Rəsulullahın(s)ən böyük möcüzəsidir və özünə aiddir. Digər peyğəmbərlərin heç birinə belə möcüzə verilməmişdir. Təfsir (müfəssirlər)və hədis alimləri(mühəddislər)bu hadisənin məhz Muhəmməd(s) üçün baş verdiyini söyləyirlər, çünki kafir qüreyşilər Muhəmmədin(s)nübuvvətini heç cür qəbul etmir, ondan haqq peyğəmbər olduğunu sübut etməsi üçün tutarlı dəlillər  istəyirdilər. Bunun müqabilində Allah-Təala insanın qüdrəti və gücünün yetmədiyi bu böyük möcüzəni göndərdi, bununla da Allahın tək, bənzərsiz, ortaqsız olduğunu və yalnız Ona ibadət edilməsinin vacibliyi uğrunda Peyğəmbərin(s)apardığı mübarizənin haqq olduğunu sübut etməsi üçün vasitə verdi. Allah-Təala bu möcüzəni həm də ona görə göndərdi ki, [peyğəmbər(s)]  müşriklərə nə bir faydası, nə də xeyri olan bütlərə tapınmaqdan əl çəkib ibadətin yalnız  Ona [edilməli] olduğunu onlara bildirsin.

Xəttabi(r) Ayın ikiyə bölünməsini ən böyük möcüzə hesab edir və heç bir peyğəmbərin bunun bənzərini  göstərmədiyini söyləyir.

Hədis alimlərindən İbn Abdu-l-Bərin söylədiyinə görə, səhabələrin əksəriyyəti Ayın ikiyə bölünməsi hadisəsinin şahidi olmuş  və bununla bağlı bildiklərini özlərindən sonra gələn nəsillərə ötürmüşlər. Din alimləri də bu hadisəni qələmə almaqla onu günümüzə qədər olduğu kimi çatdırmışlar.Bu hadisədə heç bir şəkk-şübhə ola bilməz və şübhə ilə yanaşanlara tutarlı dəlil onun "Qurani-Kərim"də əks olunmasıdır.

İbn Sübqi bu hadisəni Şübə, Suleyman bin İbrahim, Əbu Muhəmmər,İbn Məsud kimi mötəbər mühəddislərin, səhabələrdən isə Ənəs bin Malik,İbn Məsud,İbn Abbas,Əli(ə), Hüzeyfə,Cabir bin Mütim, İbn Ömərin nəql etdiklərini qeyd edir. Bunlardan bəziləri həmin hadisənin şəxsən şahidi olmuş, bəziləri isə başqalarından  eşitmişlər. Bu möcüzə Allahın Elçisi (s)Məkkədə ikən baş vermişdi; o zaman həmin hadisəni nəql edənlərdən İbn Abbas hələ anadan olmamışdı;  Ənəs bin Malik isə hələ dörd yaşında idi.Qalanları  isə bu hadisənin şəxsən şahidi olmuşlar.

İmam Buxari və İmam Müslim Ənəs bin Malikin belə nəql etdiyini yazırlar:"Məkkə kafirləri Muhəmməddən(s)bir möcüzə göstərməsini istədilər,o da Ayın ikiyə bölünməsini göstərdi. Camaat həmin an(Məkkədəki) Hirə dağını Ayın iki parçası arasında gördü".

İbn Məsud isə həmin hadisəni bu cür nəql edir:"O anda Ayın bir parçası Hira dağının zirvəsində,digər parçası  bir qədər aşağısında göründü.Bu zaman Allahın Elçisi(s)üzünü müşriklərə tutub: "Şahid olun!"-deyə buyurdu.

İbn Məsudun Ayın bir parçasının dağın zirvəsində, digər parçasının bir  qədər  aşağıda  olmasını söyləməsi şübhə doğurmamalıdır,çünki iki minarəsi olan bir məscidə onun bir tərəfindən baxıldıqda yaxın minarə uca,  [bir qədər uzaq]isə alçaq görünə bilər,başqa bir yerdən baxdıqda isə yüksək görünən minarə alçaq, alçaq görünən isə hündür görünə bilər,məscidə qarşı tərəfdən baxıldıqda isə hər iki minarə eyni boyda görünər. İbn Məsudun danışdığı hadisənin eynisini İbn Ömər də söyləyib. Bu hədisi İmam Tirmizi qələmə alıb:"Ayın bir parçası dağın aşağısında,digər parçası dağın arxasında göründü. Rəsulullah(s)da :"Şahid olun!"-deyə buyurdu."

İmam Əhməd Cübeyr bin Mütimin bunu danışdığını yazır: "Peyğəmbərin(s) dövründə Ay iki parçaya ayrıldı, bir parçası bir dağın, digər parçası isə digər dağın üzərində göründü. Bunu görən kafirlər: "Muhəmməd bizə sehr edib. Əgər sehr bizə edilibsə, deməli burada (Məkkədə)olmayanlara təsir edə bilməz. Elə isə burada olmayanlardan bunu görüb-görmədiklərini soruşaq"-dedilər. Abdullah bin Məsudun dediyinə görə, kafirlər bu barədə Məkkədə olmayanlardan soruşdular, onlar da bu hadisəni gördüklərini təsdiqlədilər. Lakin onlara inanmayan kafirlər : "Səbr edək, görək uzaq yoldan qayıdacaq insanlar nə söyləyəcəklər?-deyib səfərdən dönənlərdən də soruşdular. Onlar: "Bəli, Ayın ikiyə bölündüyünü biz də gördük" - dedilər.

İmam Beyhəqi belə yazir:"Ayin ikiyə bölünməsi hadisəsi Peyğəmbər(s) Məkkədə ikən baş vermişdir.Kafirlər:"Muhəmməd bizə sehr edib, səfərdən dönən yolçulardan soruşaq.Əgər bizim gördüyümüzü onlar da təsdiqləsələr, deməli bu gerçəkdir, yox, təsdiqləməsələr, deməli bu, sehrdən başqa bir şey deyil"-deyib müxtəlif yerlərdən dönmüş yolçulardan soruşdular.Hamısı da bunu gördüklərini təsdiq etdilər.

İmam Müslim belə yazir:"Şübə Qətadədən belə nəql edir:"Allahın Elçisi(s) Ayın ikiyə bölünməsi möcüzəsini iki dəfə göstərmişdir".

Əbdürrəzzaqın əsərində də İbn Müəmmərin hadisənin iki dəfə baş verdiyini söylədiyi yazılıb.

Əbu-l-Fəzl əl-İraqi də bu möcüzənin iki dəfə baş verdiyini deyib. Lakin İbn Hacər bu fikri qəbul etmir,  Şübənin,İbn Müəmmərin və Əbu-l-Fəzl əl-İraqinin fikirlərinin təhrif olunduğunu hesab edir.

Bidət əhli (bidət-köhnə fikirli adamların bəyənmədiyi yenilik; küfr (dindarların dinə müğayir olan hər bir yeniliyə verdikləri ad) bu möcüzəni inkar edərək göy  cisimlərinin  parçalanıb təkrarən birləşməsinin mümkün olmadığını hesab edirlər.Onlar Merac gecəsi göyün yarılmasına da şübhə etmiş, bu hadisəni qəbul etməmişdilər. [Bu səbəbdən də] onlarla bağlı möminlərin vəzifəsi budur:əgər bunlar kafirdirlərsə, o zaman həmin insanlara İslamı başa salıb onun [islamın]  haqq din olduğunu sübut etmək lazımdır.Özünü müsəlman hesab edən hər bir kəsin Peyğəmbərin (s) möcüzələrinə inanması vacibdir.Onun bəzi möcüzələrinə inanıb,bəzilərini isə inkar etmək [həmin şəxsin] içinin təmiz olmadığını göstərir. Merac gecəsi göyün yarılmasına şübhə edənlərə də "Qurani-Kərim"in bu ayələrini oxumağı tövsiyyə edirik : "Göy yarılacağı,*Və Rəbbinin buyuruğunu haqq olaraq eşidib Ona itaət edəcəyi zaman;Yer uzanıb dümdüz olacağı..."("Əl-İnşiqaq";1,2,3).

Əbu İshaq Əz-Zəccac yazır: "Bidətçilərdən bəziləri Ayın ikiyə bölünməsi hadisəsini inkar edirlər. Lakin ağıl bunu inkar edə bilməz,çünki Ay Allahın yaratdığıdır, Allah onu istədiyi şəklə salmaq qüdrətinə sahibdir".

Əhlu-mülhid,yəni batil məzhəbdən olanlardan bəziləri söyləyirlər ki,əgər bu hadisə həqiqətən də baş vermiş olsaydı, o zaman Yer kürəsində yaşayan bütün insanlar bunu görmüş olmalı, gördüklərini nəsildən-nəsilə ötürməliydilər və bu hadisə yalnız məkkəlilərə bəlli olmazdı.Bu haqda tarix və astronomiya kitablarında bəhs edilməliydi, belə bir qəribə,qeyri-adi hadisə haqqında heç bir kitabda bəhs edilməməsi nə deməkdir?

Xəttabi(r)və digər islam alimləri bu suallara belə cavab verirlər:bu hadisə gecə baş verdiyindən və bu zaman əksər insanlar yatdığından bundan bir çoxlarının xəbərinin olmaması təbiidir.Bu hadisənin baş verəcəyini əvvəlcədən kim xəbər verəcəkdi ki, həmin an hamı o vaxtı gözləsin? Buna görə də mülhid əhlinin bu etirazı,bu fikri məntiqsizdir. Bir də ki, ildə bir  neçə dəfə Ay tutulanda bəyəm bundan hamının xəbəri olurmu? Görmələri bir yana qalsın, bir çoxlarının bundan heç xəbəri belə olmur. Çoxlarının bundan bixəbər olmalarının bir səbəbi də hadisənin baş verdiyi vaxtda (Yer kürəsinin bir hissəsində )  gündüz olması ilə izah olunur. Daha bir izahı da odur ki ola bilsin Allah-Təala bu hadisəni hamının görməsi üçün deyil, Peyğəmbərdən(s)möcüzə göstərməyi tələb edən Məkkə müşriklərinin görməsi üçün yaratmışdır. Bunda da məqsəd onların islama gəlməsi idi.

Peyğəmbərin(s)"Qurani-Kərim"dən başqa digər möcüzələrindən o biri  millətlərin bixəbər olmalarının səbəbini Xəttabi(r) belə gözəl hikmətlə izah edir: "Əvvəlki peyğəmbərlərin möcüzəsi  bütün bəşər əhli , yəni hər kəsin görməsi və bilməsi üçün olmuşdur. Lakin Allah o möcüzədən sonra əzab endirmiş və buna inanmayanları məhv etmişdir. Muhəmməd(s)isə bütün aləmlərə rəhmət olaraq göndərildiyi üçün onun zamanında əzab enməmişdir. Peyğəmbərimizin(s)ən böyük möcüzəsi ağıla xitab edən "Qurani-Kərim"dir ki,bunun da  qarşısında ən savadlı,ən ağıllı insanlar belə aciz, gücsüz qalmışlar. Əgər Allah-Təala Quranı dərk etmə gücünü insanlara versəydi və hər kəs bunun möcüzə olduğunu bilə bilsəydi, o zaman Allah adəti üzrə keçmişdəki ümmətlərə etdiyi kimi  bunlara da əzab endirərdi"-deyə buyurmuşdur.

 

Ardı var

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR