20 illik şərəfli yol keçmiş diaspor təşkilatı-Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyi

Niderland Krallığında Azərbaycanı layiqincə təmsil edən diaspor təşkilatlarından biri də Azərbaycan-Türk Mədəniyyət Dərnəyidir. Bu günlərdə 20 illik yubileyini qeyd edən dərnək ciddi şəkildə yubiley tədbirlərinə hazırlaşır. Məlumat üçün qeyd etmək yerinə düşər ki, Niderland Krallığındakı ən böyük Azərbaycan diaspor  təşkilatlarından olan Azərbaycan-Türk Mədəniyyət Dərnəyi 1993-cü  ildə yaradılmışdır. Haaqada fəaliyyət göstərən bu qurumun təsisçiləri əslən Türkiyənin İqdır vilayətindən olan azərbaycanlılardır.  Sözügedən dərnək Azərbaycanın milli adət-ənənələrinin və mədəni irsinin təbliği istiqamətində səmərəli fəaliyyət göstərir.

Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi 20 illik fəaliyyəti dövründə bir sıra layihələrə imza atıb. Bura Azərbaycanın çətin vaxtlarında təşkilat tərəfindən cəbhə bölgəsinə edilən yardımlar, müxtəlif dövrlərdə ölkəmizin üzləşdiyi haqsızlıqlara etiraz olaraq mitinq və yürüşlərin keçrilməsi və.s. daxildir. Dərnəyin ölkəmizin təbliği, üzləşdiyimiz problemlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atmış olduğu ən mühüm addım Hollandiyada Xocalı soyqıımı qurbanlarına abidənin ucaldılması olub. Belə ki, Niderland- Azərbaycan-Türk Mədəniyyət Dərnəyi  2007-ci ildə bu Avropa ölkəsində  Xocalı  şəhidləri üçün abidə ucaltmışdır. Həmçinin təşkilat 20 illik fəaliyyəti dövründə dəfələrlə Haaqada yerləşən beynəlxalq təşkilatların ofisləri qarşısında Azərbaycan faciələri ilə bağlı etiraz aksiyaları təşkil etmiş, ölkəmizdəki qaçqın və məcburi köçkünlərə yardım göstərmiş, Gəncədə Qarabağ şəhidlərinin xatirəsinə bulaq kompleksi inşa etdirmişdir. Elə  Niderland Azərbaycan- Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın da hesab edir ki, təşkilatın ən uğurlu layihəsi Xocalı soyqırımına aid ucaltıdqları abidədir: "Mən bütün bizim fəaliyyətimizin başında təşkilatımız tərəfindən Niderlandın Den Haaq şəhərində Xocalı soyqrımı abidəsinin ucaldılmasını görürəm. Biz bu abidəni qoyulmasında çox çətinliklərlə üzləşdik. Amma nə ermənilərin bizə qarşı olan təpkiləri, nə də başqa səbəblər bizi çəkindirmədi. Abidə qoyulduqdan indiyə qədər yerli ictimaiyyətin nümayəndələri, o cümlədən keçmiş millət vəkilləri buranı ziyarət edib və soyqırımla bağlı münasibətlərini bildiriblər. Biz bundan sonrakı fəaliyyətimizdə də niderlandlı söz sahiblərinin abidənin ziyarət etmələrinə çalışacağıq" 
Rus-erməni birləşmələrinin və xüsusilə 366-cı alay tərəfindən 26 fevral 1992-ci ildə həyata keçirilən Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı cari ilin fevral ayında da Hollandiyanın Den-Haaq şəhərində izdihamlı aksiya təşkil olunub. Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyi və mərkəzin qadın qolları bölməsinin fəalları, Azərbaycan-Hollandiya Ana Vətən Cəmiyyətinin, Hollandiya-Azərbaycan Gənclər Təşkilatı, Güney Azərbaycan İstiqlal Partiyasının birgə təşkilatçılığı ilə 350-ə yaxın insan anım tədbirində iştirak edib. Tədbirdə çıxış edənlər bu günün heç bir zaman unudulmayacağını və Ermənistanın bu əməllərinin dünya ictimaiyyəti tərəfindən ifşa olunması istiqamətində səylərinin artırılmasını bildiriblər. Azərbaycanın Hollandiyadakı səfiri Mirhəmzə Əfəndiyev, səfirliyin əməkdaşı Elnarə Nəsibova, Türkiyə səfirliyinin əməkdaşları, sabiq millət vəkili Luuk Blom, Ana Vətən Qadınlar Təşkilatının sədri Maisə Gündoğdu, Hollandiya-Azərbaycan Gənclər Təşkilatının fəalı Nilufər Sangin və s. şəxslər çıxış edərək, Xocalıda törədilən cinayətin insanlığa qarşı olduğunu bildiriblər. Onlar bir yurdun yer üzündən silinməsini, insanlarının vəhşicəsinə qətlə yetirilməsini ermənilərin vəhşilik nümunəsi kimi dəyərləndiriblər.
Təşkilat Xocalı soyqırımı ilə yanaşı Azərbaycan xalqının digər faciəli günlərini də hər il ənənəvi olaraq qeyd edir. Belə ki, 20 yanvar faciəsinin ildönümü ilə bağlı dərnək hər zaman anım tədbirləri təşkil edir. Belə tədbirlərdən biri cari ilin yanvar ayında Lahey şəhərindəki Xocalı Soyqırım abidəsinin qarşısında keçirilib. Soyuq hava olmasına baxmayaraq yüzlərlə insan həmin tədbirə qatılıb. Anım tədbirində 20 Yanvar faciəsi qurbanlarının ruhuna Quran-ı Kərim oxunub. Tədbirdə çıxış edən Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın deyib ki,  20 Yanvar faciəsi Türk dünyasının üəyinə vurulan bir yaradır. Bu səbəbdən həmin tarixə unutmaq qeyri-mümkündür: "Şəhidlərimiz, həyatlarını azad və müstəqil Azərbaycan üçün verdilər. Bizlər Hollandiyada Azərbaycan bayrağı altında səsimizi ucaltdıq və bu gün də buna davam edirik. Bu gün bizim azadlıq günümüzdür. Allah bir daha bizlərə belə günlər yaşatmasın. Bir daha belə bir insanlıq cinayətinin yaşanmamasını arzulayırıq. 20 Yanvar xalqımızın şan və şərəf günüdür. O gün küçələri boyamış al şəhid qanları bir anlamda milli kimliyimizin oyanan günəşinin qırmızı şəfəqi idi. O gün 137 nəfər öldürülmüş, 700 nəfər  yaralanmış və 800-dən artıq insan həbs edilmişdi. Azərbaycan türklərinin azadlıq mücadiləsini həyata keçirdiyi əngəlləməyə çalışan Sovet zulmünü şiddətlə lənətləyir, bir daha belə bir insanlıq cinayətinin yaşanmamasını, arzulayırıq".
Niderland- Azərbaycan Turk Mədəniyyət Dərnəyi hər il 31 mart-Azərbaycanlıların Soyqırım Gününü də qeyd edir.  Dərnəyin sədri İlhan Aşkın hər il 31 mart-Azərbaycanlıların Soyqırım Günü ilə bağlı yaydığı mesajda ermənilərin 1918-ci ildə Bakıda və ətraf rayonlarda törətdikləri vəhşiliklər əksini tapır. Bildirilir ki, ermənilər mart hadisələri zamanı on minlərlə müsəlman türkünü qoca-cavan, uşaq bilmədən qətlə yetirib.
Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyi 20 illik fəaliyyəti dövründə Azərbaycan mədəniyyətinin təbliğinə də geniş yer ayırıb. Belə ki, təşkilat bir qayda olaraq hər il Novruz və digər milli bayramlarımızın keçrilməsini yüksək səviyyədə təşkil edir.  Soydaşlarımızın bayram tədbirlərində bir yerə toplannası, şənlənməsi, onların arasında ünsiyyətin yaranması və möhkəmlənməsi ilə nəticələnir. Dərnək Hollandiyada keçirilən musiqi festivallarında da təmsil olunur. Məhz bu sitiqamətdəki  uğurlu fəaliyyətin nəticəsidir ki,  Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyi 2009-cu il, fevralın 12-də  Hollandiyanın Utreçt səhərində hər il ənənəvi şəkildə keçirilən ölkə miqyaslı Folklor yarışmasında iştirak edərək ikinci yerə sahib çıxıb.
Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyi rəsmi Bakı ilə Amsterdam arasında əlaqələrin inkişaf etdirilməsi, iki ölkənin rəsmi dairələri və parlamentariləri arasında münasibətlərin qurulması istiqamətində də ötən iyirmi il ərzində uğurlu fəaliyyət göstərib. Dərnəyin bu istiqamətdə gördüyü işlər və həyata keçirdiyi layihələrə nəzər yetirdikdə deyilənlər öz təsdiqini tapmış olur. Belə ki,Hollandiyada fəaliyyət göstərən Azərbaycanın fövqəladə və səlahiyyətli səfirliyinin dəvətilə Zaqatala Rayon İcra Hakimiyyətinin rəhbərliyi Haaqa şəhərində rəsmi səfərdə olmuşdur. Krallıqda səfərdə olan heyət həmçinin Azərbaycanın Hollandiyada fəaliyyət göstərən diasporası ilə bir sıra görüşlər keçiribdir.  Azərbaycandan getmiş nümayəndə heyəti Niderland-Azərbaycan Türk Mədəniyyət Dərnəyinin başkanı İlhan Aşkın və cəmiyyətin digər üzvləri ilə birlikdə Haaqa şəhərində Xocalı soyqırımının şərəfinə ucaldılmış xatirə abidəsini ziyarət edib. Daha sonra hər iki tərəf arasında Azərbaycan həqiqətlərinin Avropada açıqlanması ilə bağlı mühüm müzakirələr aparılıb.
Dərnəyin ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə verdiyi töhfələrdən biri də Niderland və Azərbaycan parlamentariləri arasında əlaqələrin qurulması ilə bağlıdır. Məlum olduğu kimi Azərbaycan və Niderland parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Adil Əliyev bu ölkəyə səfəri çərçivəsində Hollandiyada fəaliyyət göstərən Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin qərərgahında həmın ölkədə yaşayan bir qrup diaspora nümayəndələri ilə görüşüb. Görüş olduqca maraqlı və səmimi şəraitdə keçib. Millət vəkilinin təklifi ilə mərhum Prezident Heydər Əliyevin və şəhidlərimizin xatirəsi yad olunub. Daha sonra Adil Əliyev Azərbaycan-Hollandiya münasibətləri, Azərbaycanın bu günkü durumu barədə çıxış edib. Niderland- Azərbaycan -Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın da çıxışına millət vəkilini və qonaqları salamlamaqla başlayıb. Daha sonra diaspor fəaliyyətinin daha aktiv fəaliyyət göstərməsinin vacibliyini vurğulayan İlhan Aşkın bu barədə səylərini artıracağını qeyd etdi. Daha sonra Hollandiyada fəaliyyət göstərən, Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü Vüqar Abbasov söz alaraq, buradakı diaspora nümayəndələrinin çox işlər görməli olduğunu önə çəkib. Çıxışlardan sonra millət vəkili Adil Əliyevə tədbir iştirakçılarının suallarını cavablandırıb. Görüşün sonunda tədbir iştirakçıları Den Haaq şəhərində ucaldılmış Xocalı abidəsini ziyarət edib və abidə önünə gül dəstələri qoyublar. Bir məqama da diqqət çəkmək lazımdır ki, Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyi 20 illik fəaliyyəti müddətində uğurlu layihələri və gördüyü işlərə görə  bir sıra ödüllərə layiq örülüb. Bunlardan biri də dərnəyə şəhər bələdiyyəsi tərəfindən verilib. Belə ki, Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyi şəhər bələdiyyəsi sədrinin yüksək hizmət nişanı ilə də təltif edilmışdır.
Qeyd edək ki, Niderland Azərbaycan-Türk Kültür Dərnəyinin 20 yaşını qeyd etmək və bu müddət ərzindəki fəaliyyətinə nəzər salmaq məqsədilə Den Haaq şəhərində geniş yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Tədbirdə təşkilatın rəhbəri İlhan Aşkının hesabatı dinləniləcək, qarşıda görüləcək işlər haqqında müzakirələr aparılacaq.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR