Mahir Həmzəyevin Azərbaycan diasporunda xidmətləri

Azərbaycan diasporunun tanınmış simalarından biri də Mahir Həmzəyevdir. Uzun illərdir ki, Litvada ölkəmzi şərəflə təmsil edən Mahir Həmzəyev Azərbaycanın haqq səsinin dünya ictimaiyyəti, eləcə də Litva cəmiyyətinə çatdırılması işində yorulmaz fəaliyyət göstərib, bu istiqamətdə bir sıra uğurlara imza atıb. Soydaşımız Litvada Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliği sahəsində də mütəmadi olaraq tədbirlər təşkil edir, Azərbaycan mədəniyyətini Litvada tanıdır. Məlumat üçün qeyd edək ki, Mahir Həmzəyev  1958-ci ildə martın 8- də Quba rayonunda anadan olmuşdur. O, 1983-cu ildə isə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinin qiyabi şöbəsini bitirmişdir. 1984-1989-cu illərdə Mahir Həmzəyev Litva Yazıçılar İttifaqı və Azərbaycan Dövlət Universitetinin zəmanətilə Vilnus Universitetinin Litva filologiyası şöbəsində litvaşünaslıq ixtisası üzrə aspiranturada təhsil almışdır. Həmyerlimiz 1985-ci ildə Vilnus Kitabsevərlər Cəmiyyətinin məsul katibi seçilmiş və 1994-cu ildən bu günədək həmin cəmiyyətin sədridir. Litvda olduğu ilk illərdən Mahir Həmzəyev diaspor sahəsində də fəaliyyətə üstünlük vermiş və o, 1988-ci ildə Litva Azərbaycanlıları Cəmiyyətinin yaradıcılarından olmuşdu.  Mahir Həmzəyev həmin ildən indiyədək Litva Azərbaycanlıları Cəmiyyətinin sədridir. Mahir Həmzəyev 1992-1995-ci illərdə Azərbaycan Respublikasının Litvada səlahiyyətli numayəndəsi olub. Mahir Həmzəyev 1991-ci ildən 2002-ci ilə kimi dəfələrlə Litva hökumətinin yanında Milli Azlıqlar və Mühacirət Departamentinin Milli İcmalar Şurasına üzv seçilib. Hazırda Mahir Həmzəyev  Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. O, eyni zamanda 2006-cı ilin yanvar ayında Riqada təsis olunmuş Baltik Azərbaycanlıları Konqresinin yaradıcılarından biri və həmsədridir. 2006-2007-ci illərdə Vilnusdə Litva-Azərbaycan Assosiasiyasını, "Vilnus dairəsi azərbaycanlıları" və "Vilnus azərbaycanlıları" ictimai-mədəni təşkilatlarını yaratmışdır. 2007-ci il mart ayının 10-da Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti seçilmişdir. Mahir Həmzəyev 2008-ci ilin oktyabr ayının 12-də Litva Respublikası Liberallarının Sayudis Partiyasının xətti ilə Litva Respublikası parlament seçkilərində iştirak etmişdir. 2009-cu ildə isə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin xətti ilə keçirilmiş seçkilərdə üç il müddətinə Litva Milli İcmalar Şurasının sədri seçilmişdir. Litva Respublikasının baş naziri Andryus Kubilyusun 2009-cu il 17 noyabr tarixli 511 nömrəli sərəncamı ilə Mahir Həmzəyev Litva Respublikası baş nazirinin yanında Litva Milli Azlıqlarının Məsələləri üzrə Koordinasiya Komissiyasına üzv seçilmişdir. 2010-cu il, avqust ayının 4-dən o,  Seymin İqtisadiyyat Komitəsi Sədrinin müşaviridir.

2002-2011-ci illərdə Litva Respublikası Seyminin sədri, Litva Respublikası baş naziri, Litva Respublikası mədəniyyət naziri və həmçinin Litvanın digər dövlət və hökumət qurumlarının rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanlara və yazılı təşəkkurlərə layiq görülmüşdür. Litva Respublikasının baş naziri Andryus Kubilyusun 2009-cu il 18 dekabr tarixli qərarı ilə xüsusi təşəkkur elan edilmiş və Litva adının 1000 illiyinə həsr olunmuş "Fəxri ulduz" hökumət nişanı ilə təltif olunmuşdur. Mahir Həmzəyev 19 noyabr 2004-cü ildə Litva Respublikası Hökuməti yanında Milli Azlıqlar və Emiqrasiya Departamentinin "Xidmətlərə görə" gümüş medalı ilə mükafatlandırılmışdır. 2006-cı il martın 13-də Azərbaycan Respublikası prezidentinin sərəncamı ilə Mahir Həmzəyev dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə görə "Tərəqqi" medalı ilə, həmçinin Litva Respublikasının prezidenti Valdas Adamkusun 2006-cı il 7 iyun tarixli 648 nömrəli fərmanı ilə "Litva qarşısında xidmətlərinə görə" dövlət medalı ilə təltif olunmuş, 2011-ci il iyulun 4-də isə jurnalistika sahəsindəki nailiyyətlərinə, Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə gorə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti" fəxri adına layiq görülmüşdür. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR