"Ermənistan gördüklərindən nəticə çıxarmalıdır" - ŞƏRH

"Sentyabrın 15-də Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr edilən hərbi parad ilk növbədə Azərbaycan-Türkiyə qardaşlığının, müttəfiqliyinin, dostluğunun göstəricisinə çevrildi".

Bu fikirləri politoloq Fikrət Sadıqov deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın paradda iştirakının mühüm əhəmiyyət kəsb etdiyini deyən politoloq söyləyib ki, Türkiyənin dövlət başçısı bununla hər zaman ölkəmizin yanında olduğunu bir daha nümayiş etdirdi: "Ərdoğan çıxışında da qeyd etdi ki, Türkiyə müxtəlif sahələrdə, tədbirlərdə ölkəmizin yanında olmağa hazırdır və bütün məsələlərdə Azərbaycanı dəstəkləyir. Prezident İlham Əliyev də çıxışında Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək zirvədə olduğunu və bir-birilərinə dayaq olduqlarını vurğuladı".

F.Sadıqov qeyd edib ki, Azərbaycan regionda irimiqyaslı oyunçuya çevrilib: "Azərbaycanın təşəbbüsü ilə bir sıra layihələr həyata keçirilir. Təbii ki, Azərbaycan-Türkiyə münasibətləri bu məsələlərdə də ən yaxın müttəfiqlik prinsiplərini həyata keçirir. Bundan başqa Azərbaycan-Türkiyə arasında hərbi texniki əməkdaşlığı da göz qarşısındadır. Türkiyə hərbi qüvvələrinin sentyabrın 15-də keçirilən paradda iştirak etməsi ilə biz mənfur qonşularımıza Azərbaycan-Türkiyə ordusunun birgə olduğunu bir daha göstərmiş olduq. Bu, düşmənimizə dərs olmalı, bundan nəticə çıxarılmalıdır".

Politoloq qeyd edib ki, Azərbaycan hərbi parad keçirməklə işğalçı ölkəyə ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həllində sülh tərəfdarı olmasına baxmayaraq, lazım gəldiyi zaman sahib olduğu silahlardan istifadə etməyə hazır olması ilə bağlı bir mesaj göndərmiş oldu: "Ermənistanın şərti şəkildə Azərbaycana müharibə elan etməsi müqabilində Azərbaycan real hərbi gücünü nümayiş etdirmiş oldu. Bildiyiniz kimi Azərbaycan qoşunlarının sentyabrın 22-dək sərhəd zonada hərbi təlimləri keçirilir. Biz bununla Ermənistana göz yummayacağımızı sübut edirik, işğal olunmuş torpaqlarımızı addım-addım geri qaytaracağımızı bəyan edirik. Bunu düşmən tərəfi görür. Hesab edirəm ki, Ermənistan Azərbaycanın müasir güclü hərbi texnikasının olduğunu görməklə yanaşı, onun hər zaman istifadəyə hazır olduğunu da anlayır".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR