Beynəlxalq düzənə vurulan zərbə

Artıq 4 ildir ki, Ukraynanın Krım vilayəti Rusiya Federasiyasının nəzarəti altındadır. Dörd il bundan əvvəl qanlar bahasına və həm Kiyev, həm də beynəlxalq aləmlə gərgin ziddiyyətlər fonunda Krımı işğal edən Moskva atmış olduğu bu addıma görə çox təzyiqlərlə üzləşsə də, lakin inadından geri dönməyərək Krımı ələ keçirmək məqsədilə başladığı əməliyyatı məntiqi sonluğa çatdırdı. Tam 4 ildir ki, beynəlxalq aləm, Birləşmiş Ştatlar, Qərb, Avropa Rusiyanı Krımı işğal etdiyinə görə cəzalandırır desək yanılmarıq. İldən-ilə artan və kifayət qədər sərt xarakter alan sanksiyalar isə hələlik Rusiyanı yarı yoldan geri döndərməyə görünür kifayət etmir. Əksinə Rusiya bütün maneələrə və təzyiqlərə baxmayaraq Krımda məhkəmlənməyə davam edir.

Məlum olduğu kimi bu ay Rusiyanın Krımı faktiki işğal etməsindən 4 il keçir. Aradan 4 il keçməsinə baxmayaraq hələ də Moskvanın Krımı işğal planının hansı zərurətdən meydana çıxdığı qaranlıq olaraq qalır. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyir ki,  Rusiya Federasiyası Krımı işğal etməsini o zaman 3 "faktorla" izah etmişdi: "Birincisi, Rusiya hakimiyyəti Ukrayna prezidenti Viktor Yanukoviçin hakimiyyətdən qanunsuz uzaqlaşdırıldığını və əksinə yeni qurulan hakimiyyətin qeyri-qanuni olduğunu iddia edirdi. İkincisi, Kreml Ukraynanın yeni qurulan hakimiyyətinin millətçilərdən formalaşdığını iddia edərək Krımda guya etnik təmizləmə həyata keçirəcəyini porqnozlaşdırırdı. Üçüncüsü, guya Krım işğal olunmasaydı NATO yarımadada hərbi baza yaradacaq və bu Rusiyanın təhlükəsizliyinə ciddi təhdid olacaqdı". Elxan Şahinoğlu deyib ki,  Kreml bu 3 bəhanəni əlində rəhbəri tutaraq Krımı işğal etdi və orada mart ayında qeyri-qanuni referendum keçirərək yarımadanı Rusiyaya birləşdirdi: "Halbuki, Rusiya Krımı işğal etmədən də Ukrayna hakimiyyətindən ada sakinlərinin təhlükəsizliyinin və yarımadada NATO-nun hərbi bazasının yaradılmamasının təminatını ala bilərdi. Kreml bunun əvəzinə radikal yol seçdi və qardaş ölkəni özünə düşmən etdi. Ukraynada bundan sonra da hakimiyyətə kim gəlirsə-gəlsin Krımın işğalı ilə barışmayacaq. Krımın işğalı iki ölkə arasındakı münasibətlərin normallaşmasına imkan verməyəcək.Qeyd etmək lazımdır ki, Krımın işğalında Ukraynanın keçmiş hakimiyyətlərinin də səhvləri olub. Krımda yaşayan tatarların sayı çox olsaydı Rusiya asanlıqla yarımadanı işğal edə bilməzdi. Ancaq Ukraynada bir-birini dəyişən hakimiyyətlər Krıma daha çox tatarın köçməsinə dəstək vermədilər. Tatarlar Krıma köçdükdən sonra da sənədləşmə məsələlərində problemlər yaşayırdılar. Ukraydakı hakimiyyətlər elə bilirdilər ki, Krımda tatarların sayı çox olsa separatizm arta bilər. Ancaq bunun tam tərsi baş verdi".

Mərkəz rəhbəri bildirib ki, Krım Ukraynaya məxsusdur və dünya dövlətləri də Krımı məhz Ukrayna ərazisi kimi tanıyır: "Rusiya hakimiyyəti çox çalışdı ki, 4 ildə dünya ölkələrinə Krımı Rusiya ərazisi kimi tanıtdırsın. Ancaq bu alınmadı. Tam əksinə Krımın işğalına görə Avropa İttifaqı ölkələri və ABŞ Rusiyaya qarşı sanksiyalar qəbul etdilər və bu sanksiyalar Rusiya iqtisadiyyatına mənfi təsir etdi.

Krım beynəlxalq aləm üçün qırmızı çızgidir və Rusiya bu cizgini aşdı. Krımın işğalı beynəlxalq düzənə zərbə vurdu. Beynəlxalq aləm bu işğala seyrçi qala bilməzdi. Rusiya Ukraynada hakimiyyətin dəyişməsi zamanı daxili qarşıdurmalardan istifadə edərək qardaş adlandırdığı dövlətdə iki böyük problem yaratdı: Krımı və Donbası işğal etdi. Qonşu dövlətin ərazi bütövlüyü prinsipi pozuldu. Rusiya bundan bir neçə il əvvəl eyni ssenarini Gürcüstanda həyata keçirmiş Abxaziya və Cənubi Osetiyanı işğal etmişdi".

Bəs Krımda hazırda vəziyyət necədir?. Politoloq deyir ki, Krımda mövcud siyasi sistemi tənqid edən etnik ukraynalıların və tatarların təqibləri davam edir, yarımadada mütəmadi həbslər həyata keçirilir: "Bu haqda BMT qətnamələri də var ki, Rusiyadan Krımdakı təbiqlərə son qoyulması çağrılır. Rusiya Krımı Qara dənizdəki əsas hərbi bazasına çevirir və bununla yarımada hərbiləşdirilir. Azərbaycan Rusiya ilə normal qonşuluq münasibətlərinə baxmayaraq, Krımı Ukrayna ərazisi sayır. Azərbaycan vətəndaşları Krıma Rusiya ərazisindən keçərək getmirlər. Azərbaycanda Krımın Rusiya ərazisi kimi təqdim olunması da qadağandır".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR