Azərbaycanın siyasi sistemində qadınların rolu artıb

Sədaqət Vəliyeva: "Qadınların ictimai-siyasi həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib"

Azərbaycan Konstitusiyasında dəyişikliklə bağlı keçirilən ümumixalq səsverməsində ictimai fəallıq müşahidə olundu. Ancaq xüsusilə qeyd etmək lazımdır ki, bu referendumda ölkə qadınları xüsiusi aktivkik göstəriblər. Hətta səsverməni izləyən beynəlxalq müşahidəçilər etiraf ediblər ki, seçkilərdə qadınların fəal iştirakı xüsusilə nəzərə çarpıb. Milli Məclisin deputatı, YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva qeyd edib ki, tarixin bütün dövrlərində öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynamış qadınlar Azərbaycanın siyasi-ictimai, elmi, ədəbi-bədii, humanitar və digər sahələrdə də öz sözünü deyib, xüsusilə də XX əsrdə qısa müddət ərzində yüzilliklərə bərabər inkişaf yolu keçib, onların cəmiyyətdə, ictimai həyatda, ailədəki mövqeyində köklü dəyişikliklər baş verib. Lakin ictimai-siyasi sistemin mahiyyətindən irəli gələrək qadınlar müəyyən mənada zəriflik prinsipindən çıxarılırdı, hüquqları təmin edilmirdi. XX əsrin əvvəllərində cəmiyyətdə kişilərlə bərabər hüquqlara malik olan qadınlarımız keçmiş sovet dövründə bir sıra məqamlarda diqqətdən kənarda qalırdılar. Lakin sirr deyil ki, Azərbaycan qadınları cəmiyyətdə aparıcı qüvvə olduqlarını məhz ümummilli lider Heydər Əliyevin diqqəti sayəsində sübut edə biliblər: "Təsəvvür edin ki, hələ ötən əsrin 60-cı illərinin sonlarından ölkəmizə rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev qadın azadlığına və onların bütün sahələrdə irəli çəkilməsinə xüsusi diqqət ayırırdı. Məsələn, 70-ci illərinin sonlarında Azərbaycanda həkimlərin 62 faizini qadınların təşkil etməsi deyilənləri bir daha sübut edir. Eyni zamanda, həmin dövrdə Ali Sovetin deputatlarının 37 nəfərinin qadın olması da, demək olar ki, Şərq qadınına diqqətin, etimadın bariz nümunəsi idi. Müqayisə üçün bildirək ki, o zamanlar ABŞ-da 12, İngiltərədə 26, Fransada 2, İtaliyada 33, İranda 7 qadın deputat var idi. Bu müqayisə onu göstərir ki, Azərbaycanda qadınlarla bağlı siyasət hələ o zamandan başlayıb. Hələ o vaxt ulu öndər Heydər Əliyev ali məktəb və texnikumlarda təhsil alan qadınların sayının artırılmasına və onların elmlə məşğul olmasının stimullaşdırılmasına diqqət verməyi vacib məsələ kimi qarşıya qoyurdu.1993-cü ildə Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra da bu sahədə ciddi dönüş yarandı. Ulu Öndərin yolunu yeni meyarlarla zənginləşdirərək yüksək səviyyədə davam etdirən cənab Prezident İlham Əliyev dövlət qadın siyasətinin daha böyük nailiyyətlərlə icrasını təmin etdi. Onun rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atdı. 2006-cı ildə Azərbaycanın qanunverici orqanında gender bərabərliyi haqqında qanun, 2010-cu ildə isə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun qəbul edilib". Onun sözlərinə görə hazırda Azərbaycan qadını ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayır. Son bələdiyyə seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiliyi 30 faizdən artıq oldu. Eyni zamanda, 2015-ci ildə keçirilən parlament seçkisinin nəticələrində də qadın millət vəkillərinin sayının artdığını müşahidə etdik. Bu, qadınların ictimai fəaliyyətə marağının artmasının göstəricisidir: "Deyilənlərin fonunda xüsusilə qeyd olunmalıdır ki, qadınlar bütün spektrlər üzrə işlərində birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın əvəzedilməz töhfələrini örnək götürürlər. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın şəxsində qadınlarımız dünya səviyyəsində öz sözünü deyir". Onun sözlərinə görə, bu gün dünya ölkələrində, xüsusilə də, Avropa dövlətlərində baş verən sosial-iqtisadi və siyasi proseslərin təhlili fonunda əminliklə deyə bilərik ki, Azərbaycan uğurlu inkişaf yolundadır, qarşısına qoyduğu məqsədlərə nail olur, hətta, perspektiv tərəqqi üçün çox möhkəm təməl yaradılıb. Ölkəmizin qlobal maliyyə-iqtisadi böhranından minimum itkilərlə çıxması, siyasi-hərbi qarşıdurmaların mənfi təsirlərinə məruz qalmaması, əksinə işğal olunmuş torpaqlarının azad olunması üçün diplomatik və hərbi gücünü nümayiş etdirməsi, nəhayət, "sabitlik adası" kimi vətəndaşının rifahını, firavanlığını təmin edə bilməsi Azərbaycanda həyata keçirilən inkişaf siyasətinin nailiyyətləri və uğurlarıdır: "Bu mənada, Azərbaycanın dinamik inkişafı, siyasi sabitliyi, təhlükəsizliyi xalqımızın sərvətidir və biz bunu qorumalıyıq. Bunun üçün isə hər zaman olduğu kimi bütün məqamlarda Heydər Əliyev siyasətinə, cənab Prezident İlham Əliyevə olan dəstəyimizi nümayiş etdirməliyik. Çox sevindirici haldır ki, Azərbaycan dövləti insanların yüksək həyat şəraiti və sağlam mühitdə yaşaması üçün bütün lazımi addımları atır, dövlət proqramları reallaşdırır, qanunvericilik səviyyəsində beynəlxalq hüquq normalarını tətbiq edir. Ailə, qadın, uşaq, səhiyyə, təhsil, ümumilikdə sosial sahədə uğurlu siyasət yürüdən dövlətimiz bütün məqamlarda ən nümunəvi təcrübəni reallaşdırır ki, daha mükəmməl sosial-ictimai sistem formalaşsın. Məhz, qlobal böhranın təsirlərinə baxmayaraq, cənab Prezident İlham Əliyevin göstərişilə yeni iş yerlərinin açılması, əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, ölkədə sosial-iqtisadi vəziyyətin daha da yüksəldilməsi üçün islahatların həyata keçirilməsi uğurlu inkişaf siyasətinin göstəriciləridir. Bir sözlə, əminliklə demək olar ki, bu gün Azərbaycan dövləti qarşısına qoyduğu hədəflərə çatır və zamanın çağırışlarına uyğun olaraq daha yeni məqsəd və vəzifələrini müəyyənləşdirir". Deputat bildirib ki, bu gün Azərbaycan xalqının arasında böyük ruh yüksəkliyi hökm sürür. Hələ aprel ayının 2-5 tarixlərində erməni kəşfiyyat-diversiya qruplarının xəyanətkarcasına etdiyi basqınların qarşısını alan, hətta, onları ağır itki verərək geri çəkilməyə məcbur edən və strateji yüksəklikləri geri alan ordumuzun peşəkarlığı cəmiyyətdə böyük ruh yüksəkliyi və döyüş əhvalını daha da artırdı. Şəhid olmuş əsgərlərimiz isə qəhrəmanlar kimi torpağa tapşırıldı və onların ailələri, yaxınları, dostları "Vətən sağ olsun" deyərək, əsl dəyanət, vətəndaşlıq mövqeyi nümayiş etdirdilər. Bu da gənclərimizin, keçmiş döyüşlərimizin döyüş ruhunu daha da artırdı. Bunun nəticəsidir ki, yüzlərlə gənc və Qarabağ qaziləri Müdafiə Nazirliyinə və aidiyyəti qurumlara müraciət edərək, ərazi bütövlüyümüzün bərpa edilməsi üçün döyüşmək arzularını ifadə etdilər: "Prezident İlham Əliyevin cəbhə xəttinə səfər etməsi isə bu ruh yüksəkliyini daha da yüksəltdi. Hər bir azərbaycanlı gördü ki, bu ölkə 1992-ci ildə olduğu kimi rəhbərsiz və ordusuz deyil. Biz bunu sosial şəbəkələrdəki fəallıqdan, orada xüsusilə gənclərimizin torpaqlarımızın azad edilməsi üçün döyüşmək və şəhidlərimizin qanını yerdə qoymamaq üçün etdiyi müraciətlərdən, fikirlərdən sezdik. Hətta düşmənlərimiz belə müşahidə etdilər ki, Azərbaycan bütün hərbi imkanlara, ən əsası isə xalq-ordu-Ali Baş Komandan birliyinə, istənilən hərbi əməliyyatı reallaşdıra biləcək gücə, qüvvəyə malikdir. Bütün mövcud faktorlar bir daha Azərbaycanın prinsipial mövqeyinin reallaşdırılmasına və torpaqlarımızın işğaldan azad edilməsinə əlverişli şərait yaradır. Məhz, bunun nəticəsidir ki, prezidentlərin keçirilmiş son iki görüşü Azərbaycanın haqlı mövqeyinin müdafiəsi baxımından əhəmiyyətli oldu. Xüsusilə də, erməni tərəfinin mərhələli həll variantına razılıq verməsi münaqişənin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə ümidləri artırır. Bir daha demək istəyirəm ki, xalq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə inanır və güvənir. Ona görə də, tam əminliklə deyə bilərəm ki, Ermənistan yenidən münaqişənin həlli prosesini dalana dirəyərsə, qeyri-konstruktivlik nümayiş etdirərsə, o zaman Ali Baş Komandanımızın torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi əməliyyatların keçirilməsi barədə əmr verdiyi andan milli-etnik, dini mənsubiyyətindən, sosial statusundan asılı olmayaraq, hər bir azərbaycanlı döyüşə gedəcək, işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək".
Alim 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR