Qafar Əliyev: “Müxalifətin yaratmış olduğu birliklərin heç bir perspektivi və nəticəsi olmayacaq”
“Mövcud ənənəvi müxalifətdən fərqli olaraq cəmiyyətdə yeni fikrin, düşüncənin, fəqli fikir ortaya qoya bilən, gənc siyasətçilərin meydana çıxmasına ehtiyac var”
Bu il ölkədə keçiriləcək parlament seçkiləri sakit əhval-ruhiyyədə, azad və demokratik şəraitdə baş tutacaq. Prezident Adminstrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev “OLAYLAR”İA-ya verdiyi müsahibədə seçkilər ərəfəsində ölkədəki ictimai-siyasi durum, seçkiyə hazırlıq prosesi barədə danışıb. Müxalifət partiyalarının birlik yaratmaq cəhdlərinə də toxunan Prezident Adminstrasiyasının rəsmisi bildirib ki, müxalifət düşərgəsində mövcud hakimiyyətin həyata keçirdiyi daxili və xarici siyasətə alternativ siyasi kurs irəli sürə biləcək və seçkilərdə hakim Yeni Azərbaycan Partiyasını məğlub edə biləcək partiya yoxdur. Qafar Əliyev müxalifət partiyalarının seçki ərəfəsində yaratmaq istədikləri birliklərin də heç bir perspektivi olmayacağını vurğulayıb.
-Qafar müəllim, ölkədəki ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
ictimai-siyasi vəziyyətə nəzər salmaq üçün ilk növbədə keçən illərə nəzər salmaq lazımdır. İlk öncə onu qeyd edim ki, ötən il Azərbaycanın ictimai-siyasi həyatında bir sıra mühüm hadisələr baş verdi. Bunların sırasında 2009-cu il martın 18-də keçirilən referendum və dekabrın 23-də baş tutan bələdiyyə seçkilərinin qeyd etmək lazımdır. Həm referendum, həm də bələdiyyə seçkilərində xalqın hazırkı hakimiyyətin həyata keçirdiyi siyasi kursu dəstəkləməsi onu deməyə əsas verir ki, cəmiyyət Yeni Azərbaycan Partiyası və onun sədri, prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti dəstəkləyir, bu siyasi kursun davam etdirilməsini istəyir. Bunun da başlıca səbəbi Azərbaycanın son illər ərzində əldə etdiyi uğurlar və əhalinin sosial rifah halının gündən-günə yaxşılaşmasıdır. 2009-cu ildə dünya dövlətləri iqtisadi böhrandan əziyyət çəkdikləri halda Azərbaycanda iqtisadi sahədə böyük nailiyyətlər əldə edildi. Ümumi Daxili Məhsul, ölkənin iqtisadi göstəriciləri, valyuta ehtiyatları, əhalinin pul gəlirləri nəzərə çarpacaq dərəcədə artdı, ölkədə xeyli sayda yeni iş yerləri açıldı. Nəticədə ölkədə yoxsulluğun səviyyəsi kifayət qədər aşağı düşdü. Azərbaycanda qeydə alınan iqtisadi artım dünya dövlətləri və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də müsbət qiymətləndirilir. Məhz bütün bu nailiyyətlər ölkədə ictimai-siyasi mühitin sabit olması nəticəsində əldə edilir. Ümid edirəm ki, gələcək illərdə Azərbaycan daha böyük uğurlara imza atacaq və özünün bir nömrəli problemi olan Ermənistan-Azərbaycan münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə nail olacaq.
-Bu il keçiriləcək parlament seçkiləri də sakit əhval-ruhiyyədə baş tutacaq? Ümumiyyətlə, ölkədə seçkiyə hazırlıq prosesi necə gedir?
-Bu il ölkədə keçiriləcək parlament seçkiləri də sakit əhval-ruhiyyədə, normal atmosferdə, azad və demokratik şəraitdə baş tutacaq. Hələlik seçkilərə kifayət qədər vaxt qaldığı üçün seçki prosesinə rəsmi start verilməyib. Ancaq buna baxmayaraq başda hakim Yeni Azərbaycan Partiyası olmaqla ölkədə faəliyyət göstərən siyasi partiyalar müəyyən dərəcədə seçki prosesinə hazırlaşırlar. Kütləvi-informasiya vasitələrini izləyəndə görürük ki, müxalifət partiyaları da parlament seçkilərinə ciddi hazırlaşırlar. Ayrı-ayrı partiya liderlərinın açıqlamaları, verdikləri bəyanatlarda bunun şahidi oluruq. Ancaq onu etiraf etmək lazımdır ki, müxalifət partiyalarının heç biri Azərbaycanın indiki iqtidarı, prezident başda olmaqla mövcud hakimiyyətin həyata keçirdiyi daxili və xarici siyasətə alternativ siyasət ortaya qoymağa qadir deyil. Həmin müxalifət partiyalarının aktiv mübarizə aparan elektoratı da yoxdur. Ayrı-ayrı partiya liderləri, onların funksionerlərinin müəyyən məsələlər, Dağlıq Qarabağ problemi, neft siyasəti, iqtisadi və hərbi sahə ilə bağlı obyektiv və ya qeyri-obyektiv fikir və təklifləri olsa da, həmin təkliflər birləşdirilərək vahid bir konsepsiya halına salınmayıb. Digər tərəfdən müxalifət düşərgəsinə rəhbərlik edə biləcək lider də yoxdur. Hətta üzdə olan liderlərin də siyasi səhnədən getmə ehtimalı gündəmdədir.
-Seçkilər ərəfəsində müxalifət partiyalarının birlik yaratmaq cəhdləri müşahidə edilir. Sizcə, müxalifət parlament seçkilərində güc mərkəzi kimi mübarizə apara biləcək?
-Düzdür, parlament seçkiləri ərəfəsində müxalifət partiyalarının birlik yaratmaq cəhdləri özünü göstərir. Ancaq bu cəhdlərin müsbət nəticə verəcəyi şübhə doğurur. Çünki istənilən bir blok və ya təşkilat hansısa liderin ətrafında yaranır. Göründüyü kimi, müxalifət düşərgəsində elə bir güclü lider yoxdur. Ona görə də müxalifətin yaratmış olduğu birliklərin heç bir perspektivi və nəticəsi olmayacaq. Buna baxmayaraq seçki mübarizəsində müəyyən uğur qazanan müxalifət nümayəndələri var və onlar qanunverici orqanda təmsil olunurlar. Ümumiyyətlə, parlamentdə müxalifət nümayəndələri təmsil olunurlar və bundan sonra da təmsil olunacaqlar. Ancaq onların qanunverici orqanda sayının artması, səmərəli təkliflərlə çıxış etməsi hələlik qeyri-mümkün olaraq qalır. Müxalifət düşərgəsi ölkənin müəyən etdiyi siyasi kursu dəyişmək iqtidarında deyil və belə bir gözlənti də yoxdur. Çünki onları dəstəkləyən elektorat olduqca zəifdir.
-Hər dəfə keçirilən seçkidə hakimiyyətə güclü alternativ qüvvənin olmaması sizcə seçki mübarizəsini mənasız etmirmi?
- Hesab edirəm ki, mövcud ənənəvi müxalifətdən fərqli olaraq cəmiyyətdə yeni fikrin, düşüncənin, fərqli fikir ortaya qoya bilən, gənc siyasətçilərin, yeni qüvvələrin meydana çıxmasına ehtiyac var. Ancaq bu konstruktiv müxalifət olmalıdır. Azərbaycanın milli maraqlarına xidmər edən, dövlətçiliyin möhkəmlənməsinə çalışan, ölkənin daxili və xarici siyasətinin başlıca prioritetlərini qoruyub-saxlayan müxalifətin meydana gəlməsi və fəaliyyət göstərməsinə biz də maraqlıyıq. Digər ölkələrdə olduğu kimi Azərbaycanda da müxalifət partiyaları konstruktiv mövqedən çıxış etməli, radikal fəaliyyətdən əl çəkməli, millətin və dövlətin maraqlarına xidmət etməlidir. Hər şeyi tənqid etmək, ona qara yaxmaq, görülən işlərin hamısının üzərindən xətt çəkmək ənənələrinə son qoyulmalıdır. Müxalifət mətbuatında çıxış edən bir sıra partiya liderlərinin açıqlamaları, verdikləri bəyanatları oxuyanda onların hələ də keçmiş əhval-ruhiyyə ilə yaşadıqlarını görürük. Azərbaycanın müstəqillik əldə etməsindən 20 ilə yaxın bir müddət keçməsinə baxmayaraq müxalifət hələ də özünü o dövrün şəraitinə uyğun, dağıdıcı müxalifət kmi aparır. Belə olan halda cəmiyyət həmin qüvvələrə etimad göstərərmi? Qətiyyən yox. O ki, qaldı seçkidə Yeni Azərbaycan Partiyasına güclü alternativ bir qüvvənin olmamasına, bu bizim günahımız deyil. Fikir debatları, seçki ərəfəsində müxtəlif konsepsiyalar, ideoloji baxışlar və təkliflərlə çıxış etmık baxımından biz seçki prosesinin daha rəngarəng keçirilməsini istəyirik. Ancaq parlamentdə müxtəlif rəngarənglik olsun deyə xalqın içərisində heç bir dəstəyi olmayan insanları da parlamentə seçmək olmaz. Parlamentdə layiqli insanlar, millətini, dövlətini, eyni zamanda seçicilərini düşünən, onların istək və arzusunu reallaşdırmaq iqtidarında olan insanlar təmsil olunmalıdır.
-Ancaq müxalifət iddia edir ki, seçki qanunvericiliyində dəyişiklik edilsə və seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılsa, o halda müxalifər istənilən seçkidə uğur əldə edə bilər.
-Müxalifətin bəzi üzvləri belə əsaslandırırlar ki, əgər seçki qanunvericiliyi dəyişdirilsə və seçki komissiyaları yenidən formalaşdırılsa onlar ölkədə keçirilən bu və ya digər seçkidə daha böyük uğur əldə edə bilərlər. Hesab edirəm ki, müxalifətin irəli sürdüyü bu iddiaların heç bir əsası yoxdur və bütün bunlar seçkidə üzləşdikləri uğursuzluqları ört-basdır etmək üçün ortaya atılmış bir bəhanədir. Bunu bir faktla əsaslandırmaq istəyirəm. Ümummilli lider, mərhum prezident Heydər Əliyev xalqın istək və arzusu ilə hakimiyyətə gələrkən və Yeni Azərbaycan Partiyası parlament seçkilərində uğur qazanarkən Mərkəzi Seçki Komissiyası köhnə tərkibdə idi. Ancaq buna baxmayaraq hakim Yeni Azərbaycan Partiyası və onun lideri Heydər Əliyev parlament və prezident seçkilərində böyük uğur əldə edərək xalqın böyük əksəriyyət səsini qazandı. Yəni əsas odur ki, xalqın iradəsi və istəyi olsun. Xalqın iradəsi, seçimi ortada olduğu halda Mərkəzi Seçki Komissiyası, eləcə də ayrı-ayrı seçki komissiyaları əsaslı rol oynaya bilməz. Ona görə də müxalifət partiyaları mənasiz mübarizə aparmaq, reallıqdan kənar və heç bir ictimai dəstəyi olmayan təkliflər irəli sürmək əvəzinə parlament seçkilərinə hazırlaşmalı və seçkilərdə öz güclərini nümayış etdirməlidir.
-İndidən bir sıra partiyalar parlament seçkilərinin qeyri-demokratik şəraitdə baş tutacağı və beynəlxalq standartlara uyğun şəkildə keçirilməyəcəyini iddia edirlər. Sizcə bu iddialar nə dərəcədə əsaslıdır?
-Ayrı-ayrı partiyaların irəli sürdüyü bu iddiaların heç bir əsası yoxdur. Ümumiyyətlə, müxalifət hət seçki öncəsi bu və ya digər seçkinin qeyri-demokratik, ciddi qanun pozuntuları şəraitində keçiriləcəyini iddia edir. Ancaq onların bu iddialarının heç bir əsası olmadığı elə seçki günü özünü təsdiqləyir. Azərbaycanda keçirilən bu və ya digər seçkini müşahidə edən beynəlxalq və yerli müşahidəçilər həm seçki prosesinin gedişi, həm də ondan sonrakı müddətdə verdikləri açıqlamada seçkilərin azad və demokratik şəraitdə keçirildiyini, seçki prosesində ciddi qanun pozuntularının qeydə alınmadığını söyləyirlər. Bu da müxalifətin bütün iddialarının əsassız olduğunu bir daha təsdiqləyir. Hesab edirəm ki, bu il ölkədə keçiriləcək parlament seçkiləri də azad və demokratik şəkildə, ciddi qanun pozuntuları olmadan baş tutacaq. Bununla da Azərbaycan bir daha demokratik prinsiplərə sadiq bir ölkə olduğunu dünyaya sübut edəcək.
Süleyman
|